“İnsanlara dinin nədir, namaz qılırsanmı, oruc tutursanmı?” kimi Allahın soracağı sualları verməyin!” İnsanlara “Acsanmı, bir ehtiyacın varmı?” kimi bəndənin verə biləcəyi sualları verin!” deyə örnəyə çevrilən Fateh Mehmetin dünyaya vida nəğməsini oxumasından sonra da, adı dirilər sırasında çəkildi. Yuxuya gəlişi ilə belə yer-yerindən oynadı, fərman imzalandı.
II Əbdülhəmidin zamanında İstanbulu su basır. Şəhərdə təlaş, təlatüm yaşanır. Qısa zaman kəsiyində şəhər əhalisi yuxusunda Fateh Mehmeti görür. Sultan: “Xəbəriniz yoxdurmu? Qəbrimdə boğuluram!” deyir. Eyni yuxunu Sultan Əbdülhəmid də görür. Yuxudan hövlnak oyanan Sultan Fateh Mehmetin məzarının açılması haqqında göstəriş verir. Fatehin mumyalanmış cənazəsinin sağ-salamat olduğu bəlli olur.
Fateh Sultan Mehmetin dəfn olunduğu Fatih camisi Bizans dönəminə məxsus Həvarilər kilsəsinin üzərində yapılmışdı. Kilsənin altından böyük bir çay keçirdi və bir neçə su kanalı vardı. Fateh Mehmet İstanbul əhalisinin də, II Əbdülhəmidin də yadına bu məsələni salırdı. “Qurtarın, boğuluram!” çağırışı ilə caminin qorunmasına, onun üzləşə biləcəyi təhlükəyə işarə edirdi. Məsələni bilən II Sultan Əbdülhəmidin məzarı açdırarkən “Yaradana şükür olsun, Fatehim!” deyib səcdəyə getdikdən sonra caminin altındakı çayın yönünün və kanalların istiqamətini dəyişməsi ilə bağlı imzaladığı fərman onun Fateh Mehmet ruhuna sayğısının ifadəsi olmaqla yanaşı, həm də dini, mənəvi dəyərlərə, tarixi şəxsiyyətlərə və abidələrə münasibətinin göstəricisi idi.
Şərəf Cəlilli