Azərbaycan teatr tarixində taleyi bütöv bir xalqın taleyi ilə səsləşən teatr ocaqları var. 1880-ci illərdə İrəvanda yaranan və bu gün Bakıda fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı məhz belə mədəniyyət məbədidir. Onun səhnəsində oynanılan tamaşalar, yetişən aktyor nəsilləri, üzləşdiyi təzyiqlər və deportasiyalar bir əsrdən artıq dövrün ictimai-siyasi tarixini də özündə əks etdirir.

Yaranma dövrü: Maarifçilikdən peşəkar səhnəyə (1880–1928)
XIX əsrin sonlarında İrəvan şəhəri azərbaycanlıların mühüm mədəniyyət mərkəzlərindən biri idi. Burada teatrın yaranması da labüdləşmişdi. Amma teatr üçün binaya da ehtiyac vardı. Məşədi Ələsgər üç mülkündən birini teatra bağışladı. Və beləliklə 1882-ci ildə Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” əsərinin tamaşaya qoyulması ilə burada peşəkar teatrın əsası qoyuldu. Bu təşəbbüs maarifpərvər müəllimlərin və ziyalıların fədakarlığı nəticəsində baş tutmuşdu.
Teatrın təşəkkülündə xüsusi xidmətləri olan şəxsiyyətlərdən biri görkəmli maarifçi Firudin bəy Köçərli idi. Onun rəhbərliyi ilə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” kimi əsərləri səhnələşdirildi.

Bu mərhələdə teatr hələ həvəskar kollektiv idi. Lakin 1890-cı illərdən etibarən səhnədə artıq peşəkar aktyorların adı çəkilməyə başladı. Onların arasında ən böyük sima isə şübhəsiz ki, Yunis Nuri idi. O, aktyor, rejissor və təşkilatçı kimi İrəvan teatrının əsasını möhkəmləndirdi, truppanı bir araya gətirdi və illər boyu teatrın yaşaması üçün mübarizə apardı.

Dövlət statusu və yüksəliş illəri (1928–1948)
1928-ci il martın 15-də İrəvan Dövlət Azərbaycan Səyyar Teatrı yaradıldı. Həmin ilin 14 aprelində Jan Batist Molyerin “Zorən təbib” komediyası ilə teatrın dövlət səhnə həyatı başladı.
1935-ci ildə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verildi. Bu dövrdə “Aydın”, “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Od gəlini” kimi əsərlər böyük uğur qazandı.
Teatrın səhnəsində Azərbaycan və dünya klassikası geniş yer tuturdu: Üzeyir bəy Hacıbəyov – “Arşın mal alan”, “Məşədi İbad”, Səməd Vurğun – “Vaqif”, Hüseyn Cavid – “Şeyda”, Cəlil Məmmədquluzadə – “Ölülər”, Vilyam Şekspir – “Otello”…
1944-cü ildə “Otello” tamaşası Ümumittifaq Şekspir Festivalında nümayiş etdirildi və böyük rezonans doğurdu. Bu illərdə teatr romantik-monumental və realist aktyor məktəbinin sintezini yaratmışdı.

Deportasiya və bağlanma (1948–1949)
1948-ci ildən başlayaraq Ermənistanda yaşayan azərbaycanlıların kütləvi köçürülməsi teatrın fəaliyyətinə ağır zərbə vurdu. Teatr Basarkeçərə köçürüldü, lakin maliyyə və siyasi təzyiqlər nəticəsində 1949-cu ildə bağlandı.
Bu, yalnız bir sənət ocağının deyil, bütöv bir mədəni mühitin susdurulması idi.

Yenidən doğuluş (1967–1988)
1967-ci ildə ziyalıların təşəbbüsü ilə teatr yenidən bərpa edildi və “Sevil” tamaşası ilə fəaliyyətə başladı. Bu mərhələdə teatrın inkişafında rejissor Tofiq Ağayev, aktyorlar Abbasqulu Tağıyev, Cəmil Əliyev, Vidadi Əliyev, Tamilla Abdullayeva, Elmira İsmayılova və başqaları mühüm rol oynadılar.
Teatrın repertuarında həm realist dramlar, həm də musiqili komediyalar üstünlük təşkil edirdi. “Arşın mal alan”, “O olmasın, bu olsun” tamaşaları yenidən repertuarın mərkəzinə çevrildi.
1978-ci ildə teatr Bakıya qastrol səfəri etdi və böyük uğur qazandı. 50 illik yubiley münasibətilə kollektiv dövlət mükafatları ilə təltif olundu.

1988-ci il: İkinci deportasiya və Bakıya köç
1988-ci ildə Ermənistan ərazisində azərbaycanlılara qarşı başlanan etnik təmizləmə nəticəsində teatr faktiki olaraq İrəvandan deportasiya edildi. Kollektiv qastrol adı ilə Azərbaycana göndərildi və geri qayıda bilmədi.
Teatr əvvəlcə Azərbaycan Akademik Milli Dram Teatrı nəzdində studiya kimi fəaliyyət göstərdi. 1994–1995-ci illərdə yenidən dövlət statusu aldı və Bakıda Hüseynqulu Sarabski adına Mədəniyyət Evində yerləşdirildi.

Bakı dövrü və yeni mərhələ
Bakıya köçürüldükdən sonra teatr ciddi maddi çətinliklərlə üzləşsə də, fəaliyyətini dayandırmadı. Vidadi Əliyevin rəhbərliyi ilə kollektiv dağılmaqdan xilas oldu.
1993-cü ildən sonra dövlət dəstəyi gücləndi. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə teatrın 125 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında, 2022-ci ildə teatrın 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. 2025-ci ildə teatr əsaslı təmir və yenidənqurmadan sonra tamaşaçıların ixtiyarına verilib.

Bu gün teatr yalnız Bakıda deyil, Azərbaycanın bölgələrində, eləcə də Gürcüstan, Türkiyə, Dağıstanda və digər ölkələrdə qastrol səfərləri ilə çıxış edir.
Xanım Aydın