Qədim dünyanın ən qüdrətli və eyni zamanda ən faciəli dövlətlərindən biri olan Karfagen (Qartac) Aralıq dənizi tarixində silinməz iz buraxıb. Finikiyalılar tərəfindən e.ə. 825-ci ildə əsası qoyulan bu şəhər-dövlət, qısa müddət ərzində sadə bir koloniya olmaqdan çıxaraq nəhəng bir imperiyanın paytaxtına çevrildi. Onun taleyi ticarət, dənizçilik, müharibə və sonda tam məhv ilə yazıldı.
“Yeni şəhər”dən imperiyaya
Karfagenin puni dilində adı “Qart-hadaşt” — “Yeni şəhər” mənasını verirdi. Bu “yeni şəhər” müasir Tunis yaxınlığında, əlverişli yarımadada yerləşirdi. Coğrafi mövqeyi onu həm qurudan çətin keçilən, həm də Aralıq dənizi ticarəti üçün ideal bir mərkəzə çevirirdi.
Əvvəlcə Tir şəhərindən asılı olan Karfagen e.ə. VI əsrdə müstəqillik qazandı və sürətlə genişlənməyə başladı. Şimali Afrika, Cənubi İspaniya, Qərbi Siciliya, Sardiniya, Balear adaları və hətta Atlantik okeanı sahillərinə qədər uzanan koloniyalar şəbəkəsi yaratdı. Bu genişlənmənin əsas gücü isə donanma idi.

Dənizçilikdə inqilab edən dövlət
Karfagenin əsası dəniz üzərində qurulmuşdu. Onların gəmiləri dövrü üçün texniki baxımdan olduqca qabaqcıl idi. Çünki ikigöyərtəli döyüş gəmiləri, iki cərgə avarçəkən (əsasən qullar), sualtı taran (düşmən gəmisini deşmək üçün), ikili sükan sistemi, yuxarı göyərtədə qalxanlarla qorunan döyüşçüləri vardı.
Bu donanma sayəsində Karfagen uzun müddət Qərbi Aralıq dənizinin dəniz ağası oldu və yunan polisləri ilə amansız rəqabət apardı.

Dövlət quruluşu və cəmiyyət
E.ə. V əsrdən etibarən Karfagendə respublika idarə üsulu mövcud idi. Dövlətin başında iki seçkili hakim – suffet dururdu. Lakin real hakimiyyət xalq yığıncağında deyil, aristokratik oliqarxiyanın əlində cəmləşmişdi.
Ən mühüm idarə orqanları Ağsaqqallar şurası (əvvəl 10, sonra 30 nəfər) və 104-lər şurası (əvvəl məmurları mühakimə edən, sonradan isə bütün hakimiyyəti ələ alan orqan) idi.
Cəmiyyət etnik və hüquqi baxımdan bərabər deyildi. Belə ki, Finikiyalılar – tam hüquqlu vətəndaşlar, digər xalqlar – “Sidon hüququ” ilə məhdud hüquqlar, liviyalılar – ən haqsız və istismar olunan təbəqə idilər.
Bu bərabərsizlik tez-tez qəddar şəkildə yatırılan üsyanlara səbəb olurdu.
Dövlətin ordusu muzdlular, fillər və “müqəddəs piyada”lardan ibarət idi. Karfagen ordusu klassik vətəndaş ordusu deyildi. Onun əsas xüsusiyyətləri muzdlu qoşunlar (afrika tayfaları, yunanlar, ispanlar), əyanlardan ibarət “müqəddəs piyada”, süvari dəstələr, döyüş arabaları və döyüş filləri idi.
Ordunun döyüş düzülüşü də fərqli idi: mərkəzdə piyadalar, cinahlarda süvarilər, ön xəttdə yüngül silahlılar. Karfagen ordusu adətən möhkəmləndirilmiş düşərgələrdə yerləşir və işğal etdiyi ərazilərin hesabına dolanırdı.

Maqonilər və Aralıq dənizi siyasəti
E.ə. VI–V əsrlərdə Maqonilər nəslinin hakimiyyəti Karfagen tarixində dönüş nöqtəsi oldu. Onlar muzdlu ordunu gücləndirdilər, etrusk şəhərləri ilə möhkəm ittifaq qurdular, yunanların (xüsusən fokeyalıların) dəniz üstünlüyünü sarsıtdılar.
Alaliya döyüşü (Korsika sahillərində) yunanların Qərbi Aralıq dənizində ağalığının sonu oldu. Bundan sonra Tartess kimi qədim mədəniyyətlər Karfagen tərəfindən tamamilə məhv edildi – o qədər ki, bu gün arxeoloqlar belə onun izlərini tapmaqda çətinlik çəkirlər.

Pun müharibələri
Karfagenlə Romanın Aralıq dənizində genişlənməsi e.ə. III əsrdə onların toqquşmasını qaçılmaz etdi. Roma vətəndaş ordusuna, Karfagen isə çoxmillətli muzdlu qoşuna arxalanırdı; liviyalı dəstələr isə etibarsız sayılırdı. E.ə. 264-cü ildə başlayan Birinci Pun müharibəsi əsasən Siciliyada və dənizdə aparıldı. Roma e.ə. 260-cı ildə donanma yaradaraq gəmilərini “qarğa” ilə təchiz etdi və Milı yaxınlığında qələbə qazandı. Buna baxmayaraq, Karfagen Ksantippin rəhbərliyi və döyüş filləri sayəsində romalıları ağır məğlubiyyətə uğratdı, lakin Panorma yaxınlığında yenidən üstünlüyü itirdi.
Müharibənin sonunda Karfagen Siciliya və Sardiniyanı itirdi, Romaya 3200 talant təzminat ödəməyə məcbur oldu. Muzdluların maaşının azaldılması böyük üsyana səbəb oldu və yalnız Qamilkar Barkanın qayıdışı ilə vəziyyət sabitləşdi. Roma isə əlavə 1200 talant müqabilində müvəqqəti razılaşma əldə etdi.

Din, mədəniyyət və elm
Karfagen dini Finikiya ənənələrinə əsaslanırdı. Əsas tanrıları Baal-Hammon, Tinnit (günəş ilahəsi), Aştart, Melkart, Eşmun idi.
Bəzi mənbələrdə uşaq qurbanlarının da olduğu iddia edilir – bu, Karfagenin ən mübahisəli mövzularındandır.
Karfagen yalnız müharibə dövləti deyildi. Məsələn, Maqonun aqronomiya əsəri Roma senatının əmri ilə latın dilinə tərcümə olunmuşdu, Qannon və Qamilkonun Atlantik səyahətləri Avropada məşhur idi, Karfagenli filosof Qasdrubal Afinada fəlsəfə məktəbinə rəhbərlik etmişdi, punik dili eramızın V əsrinə qədər Şimali Afrikada yaşayırdı.
Yaşayan irs
Karfagen e.ə. I əsrdə Roma koloniyası kimi yenidən quruldu, 439-cu ildə Vandal krallığının paytaxtı oldu, 533-cü ildə Bizans tərəfindən alındı, 698-ci ildə isə ərəblər tərəfindən birdəfəlik dağıdıldı.
Bu gün Karfagen xarabalıqları Tunis yaxınlığında susqun şəkildə dayanır. Amma onun irsi — dənizçilik mədəniyyəti, ticarət ruhu və Aralıq dənizi tarixində oynadığı nəhəng rol hələ də yaşayır.
Xanım Aydın