Nəşr edilmişdir 10/16/2024

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Naziri, artileriya generalı Səməd bəy Mehmandarovun anadan olduğu gündür!

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur. Adı Milli Dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan, milli ordu quruculuğunun memarı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarov şəcərə dəftəri ilə Şuşanı Şuşa edən qüdrətli əsilzadə soylarından birinə-Mehmandarovlara bağlıdır. 1856-cı il, oktyabrın 16-da Lənkəranda dünyaya gələn General ilk təhsilini Bakıda Edadiyə məktəbində alıb. 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olub. Burada zabit rütbəsi alaraq 1-ci Türküstan topçu briqadasına göndərilib. 2-ci və 38-ci topçu briqadalarında xidmət etdikdən sonra 1894-cü ildə Varşava hərbi dairəsinə, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna göndərilib. Həmin divizionun Çində 1900-1901-ci illərdə baş vermiş anti-imperialist üsyanının qarşısının alınmasında iştirak etsə də, çar generallarının təkidli tələbinə baxmayaraq, silahsız insanlara qarşı atəş açmağı zabit şərəfinə sığışdırmayaraq ondan imtina edib.

Səməd Bəy Mehmandarov

1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində iştirak edən Səməd bəy Mehmandarov, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olub. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilib və general-mayor rütbəsinə layiq görülüb. Onun təşkilatçılıq qabiliyyəti və peşəkarlığı təkcə xidmət yoldaşlarını deyil, yapon hərbçilərini də valeh edib. Səməd bəy Mehmandarov bu müharibədə həm də, zabit prinsipiallığı və şərəfinə sədaqəti ilə nümunəyə çevrilib. Rus generallarının savadsızlığı və iradəsizliyi üzündən Port-Artur təslim ediləndə əsir düşməyi həqarətli azadlıqdan üstün tutaraq, yalnız 1905-ci ilin avqustunda Portsmutda (ABŞ) bağlanmış sülh müqaviləsinin şərtlərinə görə əsirlikdən xilas olub.

Birinci dünya müharibəsinin də iştirakçısı olan Səməd bəy, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq edib, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirib. Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri, bacarığı çar Rusiyası komandanlığı tərəfindən yüksək qiymətləndirilib, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də general rütbəsinə layiq görülüb.

Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə bağlı general Səməd bəy Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıdıb. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilib, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılıb. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, ən əsası isə Azərbaycanın müstəqilliyinə sədaqət hissi, ona göstərilən etimadı qısa zaman kəsiyində doğrultması, onun 1918-ci il dekabrın 25-də hərbi nazir təyin edilməsi ilə nəticələnir.

General Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. O, dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalmz Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə hərbi nazir olduğu bütün dönəmdə əməl edən Səməd bəy Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilir ki, bunun nəticəsində də, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmış, ayrı-ayrı nazirliklərə müxtəlif tarixi şəxsiyyətlər rəhbərlik etsələr də, Hərbi Nazir statusu məhz o qüdrətli şəxsiyyətə, artileriya generalına, Milli Ordunun qurucusuna etibar edilmişdir.

1918-ci il noyabrın 17-də Müttəfıq dövlətlər adından Bakıya daxil olan general qubernator Uilyam Tomsonun təkidli tələbi ilə nazirlik Gəncəyə köçürülür və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərir. Mərkəzdən kənarda fəaliyyət mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, general Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların peşəkarlığı mövcud çətinliklərin həllinə müsbət mənada təsir edir. Kadrlarla işlərin düzgün qurulması general Mehmandarovun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən idi. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əliağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov və onlarla digər generalın və yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açdı. Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Bu qüdrətli hərbi xadimin tarixi xidmətləri sayəsində Gəncə hərbi məktəbinin bazasında Praporşiklər, sonra isə Hərbiyyə məktəbi açılır. İstehkamçılar, Hərbi dəmiryolçular, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlayır. Ordu quruculuğunun milli zəmində formalaşması kimi mühüm vəzifələr də general Səməd bəy Mehmandarovun hərbi nazir kimi müəyyənləşdirdiyi prinsiplərlə həyata keçirilir. Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini vacib sayaraq, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verir, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etməklə kifayətlənmir, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqları və geyim formalarının layihələrini təsdiq edir, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsi üçün göstəriş verir. 1919-cu il fevralın 25-də Parlamentdəki proqram xarakterli çıxışında, habelə digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt şəkildə tənqid edərək, əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sisteminin kodeksini müəyyənləşdirir. Ordunun çevik və işlək strukturları və idarəetmə orqanları yaradılır, maddi-texniki təchizatının yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Səməd bəy Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin uğurlu nəticələri idi. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Səməd bəy Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazdı. Şura hökumətinin gəlişi, Qızıl Ordunun Qırmızı terror, Aprel işğalı (1920) ilə bağlı Cümhuriyyət Qurucularının əksəriyyəti kimi general Mehmandarov da vəzifəsindən istefa verdi. Azərbaycanın istiqlalını ona çox görənlər, tarixi şəxsiyyətlərinə, qüdrətli simalarına qənim kəsilənlər Səməd bəy Mehmandarovu Gəncə üsyanının təşkilində “günahkar” bilərək, Musavat partiyasının Gəncə-Qazax bölgəsinin sədri, Qazax seminariyasının direktoru Firudin bəy Köçərli, Vladimir İliç Leninin dili ilə desək, “Rus Artileriyasının Allahı”, Milli Ordu quruculuğunun və hərb tariximizin yaradıcılarından biri Əliağa Şıxlınski ilə birlikdə 1920-ci il iyunun 4-də həbs etdilər. Yalnız komissar Nəriman Nərimanovun məsələyə tarixi müdaxiləsindən sonra general Səməd bəy Mehmandarov Qızıl Ordunun “Qırmızı terroru”ndan xilas olaraq general Əliağa Şıxlinski ilə birlikdə bir il Moskvada yaşamaq məcburiyyətində qalır.

Səməd bəy Mehmandarov

1921-ci ilin yayında Bakıya qayıdan, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzələn, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim kimi fəaliyyət göstərən, 1929-cu ildə isə təqaüdə çıxan general Səməd bəy Mehmandarov 1931-ci il, fevralın12-də Bakıda dünyaya vida nəğməsi oxuyaraq Çənbərəkənd qəbirstanlığında-indiki Şəhidlər Xiyabanında torpağ tapşırılır. Şura Höküməti illərində məzarı unutdurulan, ancaq sinə daşındakı kiçik lövhədə adı, özü də müqəddəs adı əbədiləşdirilən general Səməd bəy Mehmandarovun nigaran ruhu yalnız 2020-ci ilin 8 noyabrından sonra hüzura qovuşdu. Onun canından əziz bildiyi, yolunda düşmən üstünə yeridiyi, “Ordum var, Yurdum var!” nidası ilə Milli Ordusunu qurub formalaşdırdığı, Milləti, Məmləkəti Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin diqtəsi, Qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa döndü! “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan üzü bu yana sinəmizə dağ çəkib yurdumuzu bölənlərə, “Bizim işimiz haqq işidir!”, “Biz Zəfər çalacağıq!”, “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi dərs verildi. Bununla həm də, hələ ötən əsrin 18-ci ilində “Difai”ni quran Əhməd bəy Ağaoğlu, Kərim bəy Mehmandarov kimi “Millət qalan, qalan hər şey yalan!”, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!” deyib, erməni daşnaklarına qan udduran Mücahidlərin amalı gerçəyə çevrildi.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seyid İmadəddin Nəsiminin mənəvi əzəmətini, irsini, humanist prinsiplərini, əyilməz iradəsini özündə ehtiva edən “Nəsimi” operasının premyerası bu gün

Ən son

DİGƏR XƏBƏRLƏR

Avropa Kosmik Agentliyi (AKA) NASA ilə birlikdə Günəş səthinin “Solar Orbiter” kosmik aparatı tərəfindən çəkilmiş

DİGƏR XƏBƏRLƏR

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri – divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb.Baki-Baku.az

ƏSAS XƏBƏRLƏR

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.Baki-baku.az konfransın