Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/31/2025

Paylaşın

TARİXİMİZ

31 Dekabr – Azad Azərbaycanın həmrəylik manifestinin yazıldığı gün

31 Dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Heydər Əliyev

Heydər Əliyev: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”

Milli mənlik, milli kimlik, milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Osman Qazinin, Fateh Mehmetin, Sultan Səlimin, Sultan Bəyazitin, Əmir Teymurun, Sultan Süleymanın, Şah İsmayıl Xətainin, Nadir Şah Əfşarın qılıncla fəth etdiyi dünyanı analitik təfəkkürü, intellektual potensialı, əyilməz iradəsi, dəyişməz xarakteri, sonsuz millət, məmləkət sevgisi ilə fəth edən Ulu Öndər Heydər Əliyevin imzaladığı hər bir fərman və sərəncamın arxasında təkcə onun imzası deyil, imzasının hökmü ilə dəyişən, tərəqqi edən, bəşəri dəyərlər sisteminə inteqrasiya olunan Vətənə sevgisi dayanırdı.

“Bu bir həqiqətdir ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilmişdir. Ulu Öndər müstəqil Azərbaycan Respublikasının milli-mənəvi, siyasi, iqtisadi, ideoloji əsaslarını yaratmış, Azərbaycan xalqının güclü dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, onun əbədiyaşarlığını təmin etmişdir.

Heydər Əliyevin irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş bir Liderin şərəfli ömür yolu, yaratdığı tarix deyil. “Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol xəritəsidir.”

Azərbaycançılıq məfkurəsi əbədi istiqlalın təminatçısına çevrildi

Ulu Öndərin Vətən qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq məfkurəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

“Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.”

Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq məfkurəsi mənəvi inkişafımızın, Azərbaycanın əbədi istiqlalının təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi. Dünyaya səpələnən soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini sübut etməklə kifayətlənmədi. Onun əsas istiqamətlərini və perspektivlərini bəyan etməklə dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu.

İlk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində müstəsna rol oynadı

Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin  mayın 23-də sərəncam imzalamaqla azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini möhkəmlətdi. 2001-ci il noyabrın 9-da keçirilən Dünya azərbaycanlılarının  I qurultayında  Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…”

Bu məntiqdən çıxış edərək deyə bilərik ki, ilk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna rol oynadı.

Həmrəylik Gününün ideya müəllifi

Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, “1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi.”

Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Bu böyük şəxsiyyət, dövlət xadimi xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini dünyada təbliğ edirdi.

Hüquqi dövlət modelinin fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi

Azərbaycanın milli dövlətçilik ideologiyasının – hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu.

Ulu Öndər Heydər Əliyev Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalan arzusunun gerçəkləşməsinə nail olmaqla kifayətlənmədi, dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri olan hüquqi sistemin təkmilləşdirilməsinə nail oldu. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi.

“Müstəqil və suveren dövlətə sahib olmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur”

Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamında deyilir: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tarixin qarşımıza qoyduğu tələbi idi. İndi tərəddüd etmədən deyə bilərik ki, Konstitutsiyamız milli dövlətçilik tariximizdə suverenleyimizin, müstəqilliyimizin bütün parametrlərini özündə ehtiva etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini özündə əks etdirən rəsmi dövlət sənədidir.

“Hər bir azərbaycanlının qəlbi, fikri, gələcəyə baxışı Azərbaycanla bağlı olmalıdır!”

Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində Ulu Öndər deyirdi: “… Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər…”

Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir… Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”. Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı mühüm bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.

İstər sovet dövrü olsun, istər də müstəqillik illərində Heydər Əliyev hər zaman və hər yerdə Vətən, Odlar Yurdu Azərbaycan üçün çalışır, həyatının mənasını, dövlət idarəçilik təliminin əsasını milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Lider – Varis ənənəsini dövlət idarəçilik təliminin prioritetinə çevirən Prezident İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməklə kifayətlənmədi, müasir dünyanın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atdı. Prezidentin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.

Tarixi zəfərin simvolu, rəmzi olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürurla yazıldı. Bu möhtəşəm və mötəbər tədbir tarixə Dünya Azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi.

30 illik işğaldan, intizardan sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin birlik, bütövlüklə bağlı düşüncəsinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi bu müdrik kəlam tarixlə müasirlik arasında körpüyə çevrildi: “Biz xoşbəxt insanıq, Ulu Öndərin davamçıları kimi onun bir yarımçıq arzusunu, azərbaycançılıq ideologiyası ilə bağlı düşüncəsini gerçəyə çevirdik…”

Ulu Öndərin 33 il bundan öncə elan etdiyi həmrəylik günü Tarixi Zəfərə imza atan xalqın günüdür!

Milli mənlik, milli kimlik uğrunda mücadilə edən, iradənin gücü xarakterin əyilməzliyi ilə tarix yaradan, imperiyalar, qüdrətli dövlət quran, Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Odlar Yurdu Azərbaycan Şərqin ilk Demokratik Cümhuriyyətini qurmaqla sübut etdi ki, o qüdərtli dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik ölkədiir.

Bolşevik Rusyasının, SSRİ-nin at oynatdığı illərdə, siyasi hakimiyyətinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev sübut etdi ki, Odlar Yurdu Azərbaycan təkcə “Qara qızıl”ın, “Ağ qızıl”ın deyil, həm də bəşəri dəyərlər xəzinəsinin yaratdığı incilərlə zənginləşdirən Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli,Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Səməd Vurğun kimi dahilərin diyarıdır.

Şura hökumətinin gəlişi ilə onun əlindən alınan Ana dili sənəd, siyasət, mədəniyyət dilidir. 1978-ci ildə Şah İsmayıl Xətaidən, Səfəvilər İmperiyasından 477 il sonra Ana dilinə dövlət dili statusu verilib onu Anayasada-Konstutisuyada təsbit etdirinən Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində də milli mənlik, milli kimlik uğrunda mücadilənin mücahidi kimi tarix yaratdı. Böyük Qayıdışı, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Dirçəlişin, Qurtuluşun memarına çevrildi.  2003-cü il dekabrın 12-də  dünyaya vida nəğməsi oxuyarkən isə “Ata Vəsiyyətinə əməl edən” Varisi haqqında tarixi bir kəlam işlətdi: “Mən ona özüm qədər inanıram”.

Bu gün onun günüdür! 44 günlük Vətən Müharibəsində iradənin gücü, xarakterin əyilməzliyi ilə mümkün olmayanı mümkünə çevirən, Lider-Xalq birliyinə nail olan, Qüdrətli Ordusu ilə Şuşa qalasına , ruh bədənə girən kimi bir göz qırpımında girən,  mənsub olduğu milləti, məmləkəti Cıdır düzündə, Xüdafərin körpüsündə Bayrağa döndərən, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə yol gələn, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Şərqlə Qərbin körpüsünə, 30 ildir qolu bağlı qalan, Şərqin, Türkün qapısı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nicat yerinə çevirən Liderin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin günüdür!  Bu gün həm də, onun varlığı ilə qürur duyan, arxasında dağ kimi dayanan, duaları ilə qoruyan, Yoxdan var edənimiz, Baba yadigarımız, Zəfər, Qələbə memarımız deyib, ona inanan inamında yanılmayan, Ulu Öndərin 33 il bundan öncə elan etdiyi həmrəylik günü sözün həqiqi mənasında Dünya Azərbaycanlılarının, türklərin, müsəlmanların həmrəylik gününə çevirən xalqın günüdür!

Gələn il At ilidir!

İstənilən Lider mənsub olduğu millətin ruhunun, duyğusunun, hüdudları məlum olmayan Vətən sevgisinin, düşüncəsinin, gücünün, qüdrətinin, iradəsinin, əzəmətinin tərcumanıdır!

Dünyanın Corc Vaşinqtonu, Şarl de Qolu, Cəvahirləl Nehrusu, Bonapart Napoleonu, I Pyotru , bizim də, Osman Qazi, Fateh Mehmet, Əmir Teymur,  Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyev, “Dünya beşdən böyükdür!” hikməti ilə tarix yaradan Rəcəb Tayyib Ərdoğan , “Qarabağ Azərbaycandır!” nidası ilə dünyanın düzənini, mizanını dəyişən, Güney Qafqaza sabitlik gətirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev kimi Liderlərimiz var!

Dekabın 31-də, gecə saat 12-də il – təhvil olunanda Prezident İlham Əliyev Zəfərin, Qələbənin memarı, Sülhün təminatçısı kimi xalqın önünə çıxacaq, ilin hesabatını verəcək, gələn ilin yol xəritəsini təqdim edəcək! Yol Tanrısının adı Uğur, gələn il isə At ilidir! At təkcə murad deyil, türkün azman Sərkərdə-xaqanları tarixi Zəfərləri bədöy atların kişnərtisində, dırnağının izində, qolunun davamı olan misri qılıncların ucunda qazandı. Bizdə bir əfsanə var: “ Savalanda Yatan İgid” əfsanəsi. Kimi onu Alp Ərtonqaya, kimi Babək Xürrəmiyə, kimi də Nadir şah Əfşara bənzədir! Kim nə deyir, desin, bu il Zəngəzurun, Göyçənin, Təbrizin ili olacaq! “Savalanda Yatan İgid” oyanacaq! Tanrı onun səadətini “Kimsənin bir qarış torpağında gözümüz yox, kimsəyə bir qarış torpaq da, vermərik!”, “Əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var! O torpaqlarda bizim əcdadlarımız yaşamışlar. Biz o torpaqlara qayıdacağıq! nidası ilə taleyin sərt üzündən bölünüb, paralanan Vətənin bütöv yerinə, Birlik, Bütövlük rəmzinə dönən Liderimizə, onun arxasında dağ kimi dayanan Xalqımıza yaşadacaq! Gələn il At ilidir! Atın çidar görməsin Vətən!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdənkənar sularda istismar edilən "Qafur Məmmədov" quru yük gəmisi əsaslı təmir olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin