Bu günlərdə Əməkdar İncəsənət xadimi, dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin quruluşunda Hüseyn Cavidin “İblis” pyesinin motivləri əsasında “İblis və..” tamaşasının premyerası oldu.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunan bu yeni tamaşadakı “İblis” obrazı da yenidir, əvvəlkilərdən fərqlənir. Çünki bu “İblis” daha qəddar və mərhəmətsiz, mənfur və əzazildir. Onun caynağından heç bir bəşər övladı xilas ola bilməz. O, mütləq istəyinə çatan, insanların ruhunu əlindən alıb, qəlblərinə hökmranlıq edəndir.
Bu yeni tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Murad İsmayıl (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.
“İblis və…” tamaşası Azərbaycan tamaşaçısından öncə Rusiyanın Sankt-Peterburq Aleksandrinski Teatrında nümayiş olunub və bu premyera böyük anşlaqla keçib.
Qeyd edək ki, Hüseyn Cavidin “İblis” əsəri əsasında səhnəyə qoyulan tamaşa ilk dəfə 1920-ci il dekabrın 21-də Azərbaycan Dövlət Teatrında (İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında) səhnələşdirilib və bu, Azərbaycanın teatr həyatı üçün böyük bir hadisə kimi tarixə düşüb.