Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/19/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Texnika, kosmonavtika və kosmik tədqiqatlar sahəsində dünyada məşhur alim

Otuzdan çox ixtiranın, peykaltı informasiya ölçü sistemlərinin, mobil hidroakustik informasiya sisteminin müəllifi – Arif Mehdiyev

II yazı

Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyasının katibi və aparıcı mütəxəssisləri ilə də görüşlərdə dünyaşöhrətli alimlər akademik Arif Mehdiyevi və onun həmkarlarını, yetirmələrini maraqla, diqqətlə dinləyirdilər. Bütün beynəlxalq səfərlərində millətini, dövlətini, məmləkətini düşünən, elmimizin cəfakeşi kimi, sərvətlər xəzinəsi, dəfinəsi olan Azərbaycanın haqq səsinə dönən, Azərbaycanın dövlət mükafatı laureatı, əməkdar elm xadimi, 30-dan çox ixtiranın, peykaltı informasiya ölçü sistemlərinin, mobil hidroakustik informasiya sisteminin müəllifi, “Məsafədən zondlama və CMS-texnologiyası” məktəbinin banisi, Aerokosmik İnformatika Elmi-Tədqiqat İnstitutunun qurucusu olan akademik Arif Mehdiyevin ən böyük xidmətlərindən biri, bəlkə də birincisi CMS texnologiyasını kosmik təsvirlərin emalı prosesinə tətbiq etməklə ölkəsinin bütün ərazisini xəritələşdirməsi, 1999-cu ildən 2000-ci ilə qədər elm üçün o qədər də böyük olmayan qısa bir zaman kəsiyində bir, iki əsrə görüləcək işləri cəmi iki ilə yekunlaşdırmasıdı. “Yüksək texnologiyalar insana öz fəaliyyət dairəsini sonsuzluğa qədər genişləndirməyə imkan verir” nidası ilə ilklərə imza atan akademik Arif Mehdiyev gerçəkləşdirdiyi mühüm layihələr, elm tarixində hadisə sayılacaq möhtəşəm işlər onu Rəyasət Heyətinə gətirdi. 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilən Arif Mehdiyev elə həmin ərəfədə AMEA-nın vitse-prezidenti də seçildi.

Şəfaət Mehdiyevin şah əsəri

Xarici dövlətlərdə “Azərbaycan kosmik elminin səlahiyyətli təmsilçisi” sayılan, bütün konfrans və simpoziumlarda məhəbbətlə gözlənilən, diqqətlə, maraqla dinlənilən, sayğı ilə yola salınan akademik Arif Mehdiyevin taleyində mühüm mərhələ 2002-ci ildə başladı. Akademik Arif Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edildi.

Bu dünyaşöhrətli alimin, ustad müəllimin, vətənpərvər ziyalının həyatının, daxili aləminin, kamilliyinin, ədalətə, haqqa, düzlüyə söykənən iç dünyasının qapısının insanların, alimlərin, ziyalıların üzünə açılması, ləyaqətli, cəsarətli, məğrur və xeyirxah Şəfaət Mehdiyevin ruhən var olmasına sübut üçün Tanrının lütfü idi.

1993-cü ilin dekabrında akademik Şəfaət Mehdiyevlə vidalaşanlar, onu Tanrı dərgahına yola salanlar, “Belə qüdrətli alim, xeyirxah insan, müdrik ziyalı gəlməyib, gəlməyəcək”, dedilər. Amma hər şeyi görən, eşidən Tanrı akademik Arif Şəfaət oğlu Mehdiyev alnına yazdığı xoş bir yazı ilə sübut etdi ki, ot kökü üstə bitər.

1965-ci ildən pedaqoji fəaliyyətə başlayan akademik Arif Mehdiyev öncə Bakı Rabitə Texnikumunda, sonra Dövlət Neft Akademiyasında, 2002-ci ildən isə akademik Arif Paşayevin qurucusu olduğu Milli Aviasiya Akademiyasında ruhunu yetirmələrinin ruhuna köçürdü. Cismi ilə torpağa, ruhu ilə göylərə bağlı olan alim Akademiyanın “Aerokosmik monitorinq” kafedrasına rəhbərlik etməklə yanaşı, tələbələrinə məsafədən zondlamanın fiziki əsasları ilə bağlı mühazirələr oxuyur.

Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü kimi akademik Arif Mehdiyev Nobel mükafatına layiq görülməsə də, onu dünyada kosmik elm və texnologiyanın inkişafına xüsusi töhfələr vermiş qüdrətli alim kimi qəbul edirlər, fikirləri ilə hesablaşırdılar. Ömrünün 30 ilindən çoxu Azərbaycan Milli Aerokosmik Agentliyi ilə bağlı olan məğrur, müdrik ziyalını, elm-tədris təşkilatçısını, dünyaşöhrətli alimi vətənimizdə texnika, kosmonavtika və kosmik tədqiqatlar sahəsində tanınmış alim, həm də neft giologiyasının baş yazarı, ləyaqətli və xeyirxah insan Şəfaət Mehdiyevin oğlu kimi tanıdılar, sevdilər.

Akademik Arif Mehdiyevin bütün titullarından, fəxri adlarından yuxarıda duran, çoxlarına nəsib olmayan bir ucalığı, əzəməti var. O da onun hamının İşıq Adam deyib xatırladığı, varlığı, ləyaqəti və cəsarəti ilə qürur duyduğu Şəfaət müəllimin qanından, genindən cücərməsi, ağlı, zəkası, müdrikliyi ilə onun genetik kodlarının daşıyıcı olduğunun sübut etməsi idi.

Onun rəhbərliyi ilə kosmik məlumatlar əsasında Azərbaycan ərazilərinin rəqəmsal xəritələri tərtib olundu

Texnika, kosmonavtika və kosmik tədqiqatlar sahəsində dünyada məşhur olan akademik Arif Mehdiyev aerokosmik məlumat-ölçü sistemləri və komplekslərin işlənib-hazırlanması sahəsində görkəmli alim olmaqla yanaşı, radiotexnika, aerokosmik informatika sahəsində və mikrosxematexnikanın aktual problemlərinə həsr olunan 30-dan çox ixtiranın, 200-dən çox əsərin müəllifidir.

Elektron texnikası üçün cihazların işlənməsində mühüm yer tutan yarımkeçiricilərdə optik və fotoelektrik xassələrin fundamental tədqiqatları ilə bağlı əsərləri dünyada məşhurdur. Geniş diapozonda maqnit sahəsini və temperaturu ölçməyə imkan verən yüksək həssaslığa malik yarımkeçirici cihaz, güclü maqnit sahəsində kiçik qradientləri ölçən yüksək dərəcədə həssas, impuls şüalanma selini qeydə almaq üçün yüksək çevikliyə malik fotoqəbuledici, yük yığımlı yüksək həssaslıqlı fotoqəbuledici qurğular akademik Arif Mehdiyevin adı ilə bağlıdır.

Azərbaycanda ətraf mühitin kosmik üsullarla tədqiqinin fiziki-texniki problemlərinin həlli, nəzarət-kalibretmə və nəzarət ölçü aerokosmik komplekslərinin yaradıcısı, Qafqaz-Xəzər dənizi regionunun ekoloji problemlərinin həlli ilə bağlı ciddi işlərin müəllifi olan akademik Arif Mehdiyev həm də Azərbaycanda informasiya ölçü sistemlərinin, sualtı obyektlərin, boruların, müxtəlif kommunikasiya şəbəkəsinin aşkar olunmasına və onlara nəzarət etməyə imkan verən mobil hidroakustik informasiya sisteminin yaradıcısıdır. Azərbaycanda ilk dəfə “Məsafədən zondlama və CMS-texnologiyası” məktəbinin əsasını qoyan akademik Arif Şəfaət oğlunun rəhbərliyi ilə kosmik məlumatlar əsasında Azərbaycan ərazilərinin rəqəmsal xəritələri tərtib olunmuşdur.

Ömrünün 30 ilindən çoxunu kosmonavtika və kosmik tədqiqatlar sahəsində əldə olunan uğurlara həsr edən, Aerokosmik İnformatika Elmi-Tədqiqat İnstitutunu yaradan, “Kaspi” Elmi Mərkəzindən tutmuş Azərbaycan Milli Aerokosmik Agentliyinə qədər şərəfli alim, qurucu, təşkilatçı rəhbər yolu keçən, Azərbaycanın Radionaviqasiya Şurasının sədri, MDB ölkələri üzrə Radionaviqasiya Şurasında Azərbaycanın nümayəndəsi, BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə iqtisadi və sosial komissiyasının Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, elm və texnika sahəsində Azərbaycanın dövlət mükafatı laureatı, bir sıra elm mərkəzlərində şöbə, kafedra və laboratoriyaların qurucusu, atasının ruhunun dolandığı Məbədin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi tarix yaradan, bir vaxtlar akademik Şəfaət Mehdiyevin Ekspert Şurasının sədri, üzvü olduğu Ali Attestasiya Komissiyasının sədri kimi , elmimizi xarici dövlətlərdə ləyaqətlə təmsil edən, millətinin, dövlətinin haqq səsinə dönən Peykaltı informasiya ölçü sistemləri, mobil hidroakustik informasiya sitemi, “Məsafədən zondlama və CMS-texnologiyası” ilə onun bütün nöqtələrini xəritələşdirən akademik Arif Mehdiyev ekoloji, seysmik təhlilini, təbii ehtiyatlarını, incəliklərini elmi şəkildə yüksək texnologiyalarla əsaslandırdı.

Bütün bunlar “Əsrin müqaviləsi”nə qoşulan, İpək Yolu layihəsini, TRASEKA-TASİS proqramlarını gerçəkləşdirən, torpaqlarının 20 faizdən çoxu düşmən təcavüzünə məruz qalan, iqtisadi, sosial, ekoloji layihələrə, konvensiyalara imza atan təcavüzə, terrora yox deyib, ordu quruculuğuna başlayan, 44 günlük Vətən müharibəsində tarixi ədaləti və ərazi bütövlüyümüzs bərpa edən, yerinə, göyünə sahib çıxan Azərbaycan üçün onun özü qədər əhəmiyyətli idi. Atasının AMEA-nın Geologiya İnstitutuna, Bakı Dövlət Universitetinə gətirdiyi ədaləti, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına, elmimizin haqq ölçüsü olan məkana gətirən akademik Şəfaət oğlu Mehdiyev insanlarla, əhatəsindəkilərlə səmimi davranışı, təbəssüm dolu, ilıq, sıcaq baxışları, həlim təbiəti, məğrur duruşu, məntiqli qərarları, dinləmək, əl yetirmək, məsləhət vermək bacarığı onun gendən, soydan, qandan gələn müqəddəsliyi, ata ruhuna sayğısı ilə bağlı idi.

Daha çox düşünən, az danışıb, çox iş görən, qarşısındakını səbrlə dinləyən alim

Bütün addımlarında aldığı qərarlarda ədaləti, düzlüyü əsas götürən, haqqı başının üstündə, Tanrını içində görən, yüksək insani keyfiyyətləri ilə atasının müqəddəs ruhundan keçib haqqa doğru yol gedən akademik Arif Mehdiyev üçün kürsülər, vəzifələr millətə, məmləkətə ləyaqətli xidmət üçün gərəkdi. Daha çox düşünən, az danışıb, çox iş görən, qarşısındakını səbrlə dinləyib, məntiqlə qərar çıxaran akademik Arif Mehdiyev türkün qüdrətli fikir və düşüncə sahiblərindən, müdrik ziyalılardan, Tanrının seçilən bəndələrindən idi.  Elə olmasaydı, eynən atası akademik Şəfaət Fərhad oğlu Mehdiyev (Şəfaət müəllim dekabrın 15-də dünyaya gəlmişdi, həmin gün də dünyadan köçmüşdü – Ş.C.) kimi dünyaya gəldiyi gün – dekabrın 19-da yer üzünə vida nəğməsi oxumaz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşmaz, mütəfəkkir alim kimi mənsub olduğu millətin, məmləkətin şərəf-şan yeri olan ziyalılar, ustad sənətkarlarla eyni sırada yer almazdı.

Bu gün Azərbaycan azaddır, müstəqildir, ərazi bütövlüyünü bərpa edən qüdrətli dövlətdir, 2013-cü il fevralın 8-dən Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə Azerspace peyki orbitdə öz yerini alıb, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb,  media və komunikasiya, rəqəmsal innovasyalar, kosmik tədqiqatlar, aeronoviqasiya sahəsində mühüm nailiyyətlərə imza atıb. Akademik  Arif Mehdiyev Məktəbinə məxsus olan alimlər, mütəxəssislər ixtiraları, nəzəriyyələri ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirməkdədir.

Akademik Arif Mehdiyev mütəfəkkir alim, müdrik şəxsiyyət, qüdrətli ziyalı kimi elm tarixində yeni səhifə açmaqla kifayətlənmədi. Klassikləşən müasirimiz kimi tarixlə müasirlik arasında körpüyə çevrildi. Ulu Öndər Heydər Əliyevin onun ünvanına səsləndirdiyi bu tarixi kəlam əslində, akademik Arif Mehdiyevin bir alim və tarixi şəxsiyyət kimi qüdrətini, əzəmətini özündə ehtiva edir: “Akademik Arif Mehdiyev Kərim Kərimov, Tofiq İsmayılov məktəbinin layiqli davamçısı, ölkəmizdə Kosmik tədqiqatlar sahəsində məktəb yaratmış böyük alimdir!”

 Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin