Bu gün Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Laçın rayonunun növbəti ildönümü qeyd olunur.
Baki-baku.az xəbər verir ki, beş il əvvəl, 1 dekabr 2020-ci ildə Laçın Azərbaycan dövlətinə qaytarılaraq tarixi ədalət bərpa olunub.
Laçının azad edilməsi 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış Üçtərəfli Bəyanat əsasında həyata keçirilib. Bu sənəd 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbənin siyasi nəticəsi olaraq bölgədə yeni reallıq yaratdı.
İşğaldan azadlığa aparan yol
1992-ci il mayın 18-də işğal edilən Laçının azadlığına gedən yol 2020-ci ilin payızında başladı. Sentyabrın 27-də erməni silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Bu müddətdə 5 şəhər, 4 qəsəbə, 286 kənd düşməndən təmizləndi.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinin azad edilməsi və ardınca strateji yüksəkliklərin ələ keçirilməsi Laçının dinc yolla Azərbaycana qaytarılmasına şərait yaratdı. Müharibə Azərbaycanın parlaq Zəfəri ilə başa çatdı və üçrəngli bayrağımız uzun illər həsrət qaldığı torpaqlarda yenidən dalğalandı.
Laçın – yenidən doğulan diyar
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, hər il 26 avqust «Laçın şəhəri günü» kimi qeyd edilir. Bu qərar rayonun qayıdış tarixinin dövlət səviyyəsində xüsusi olaraq qeyd edilməsinə şərait yaradır.
Azərbaycanın füsunkar bölgələrindən biri olan Laçın Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Rayon 1 şəhər, bir qəsəbə və 125 kənddən, 1 835 km² ərazidən, 72 min hektar yaylaq və 34 min hektar meşəlik sahədən ibarətdir.
Relyefinə görə Laçın dəniz səviyyəsindən 700–3600 metr yüksəklikdə yerləşir. Qızılboğaz zirvəsi isə 3594 metr hündürlüyü ilə rayonun ən uca nöqtəsidir. Şəlvə və Minkənd çaylarının qovuşmasından yaranan Həkəri çayı bölgənin əsas su mənbələrindən biridir.
Beş illik yol: bərpa və yenidənqurma
Azadlıqdan sonrakı illərdə Laçında genişmiqyaslı bərpa işləri aparılıb, yeni infrastruktur layihələri həyata keçirilib, yollar, enerji xətləri, su və kommunikasiya şəbəkələri bərpa edilib. Artıq ilk köçlər baş tutub, sakinlər doğma torpaqlarına dönərək həyatlarını yenidən qurmağa başlayıblar.