Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/28/2025

Paylaşın

TARİXİMİZ

Yerin səsi: Palçıq Vulkanları və Təbiət Tarixi Muzeyindən REPORTAJ

Palçıq Vulkanları və Təbiət Tarixi Muzeyi, Palçıq Vulkanları Turizm Kompleksi, Vulkan, Palçıq Vulkanları

Azərbaycanın adı dünyanın palçıq vulkanları xəritəsində xüsusi vurğuyla qeyd olunur. Planetdə mövcud olan 350-dən çox palçıq vulkanının böyük bir hissəsi məhz bu torpaqlarda yerləşir. Bu unikal geoloji fenomenlərlə yaxından tanış olmaq istəyənlər üçün isə ən ideal məkan – Palçıq Vulkanları Turizm Kompleksidir. Burada həm Yer qabığının dərinliklərindən gələn qüvvələrin yaratdığı mənzərə ilə qarşılaşır, həm də təbiətin milyon illik tarixini bir məkanda görmək imkanı qazanırsınız. Biz də Baki-baku.az olaraq yollandıq həmin Kompleksə.

“Qılınc” palçıq vulkanı ilə üz-üzə

Kompleksə gələn hər kəsin ilk rastlaşdığı möcüzələrdən biri “Qılınc” palçıq vulkanıdır. Bakıdan cəmi 59 km aralıda, Arzani vulkanından isə 4 km məsafədə yerləşən bu vulkan, Ginnesin Rekordlar Kitabına düşmüş “Torağay” vulkanının ətrafındakı düzənlikdən dik bir yamac kimi ucalır. Ətrafa baxırsan irili-xırdalı palçıq vulkanları görünür. Aralarında bəziləri hətta asta-asta qaynayır da. Sanki yerin altında olanları üstə çıxarmaq üçün cəhd edir.

Bələdçi xanım danışır ki, “Qılınc” vulkanı dərə boyunca enən 8 sopka qrupundan ibarət bir zəncir təşkil edir. Onun fəaliyyətdə olan sopkaları zaman-zaman böyük miqdarda brekçiya püskürdür və bu material şimal-şərq istiqamətində 20 hektara qədər sahəni örtərək, 300–500 metr uzunluğunda, bəzi yerlərdə 50 metrədək enə sahib iki böyük dil şəklində axın əmələ gətirir.

Elmi mənbələrdə “Qılınc”ın güclü püskürməsi qeydə alınmasa da, ərazidə aparılan geoloji qazıntılar göstərir ki, bu vulkanın tarixi orta Pleytosen dövrünədək, yəni 126 min ildən də əvvələ uzanır. Deməli, “Qılınc” minilliklərdir ki, yerin təkində baş verən proseslərin canlı şahididir.

Palçıq vulkanları – Yerin dərinliyindən gələn həyat

Buradakı vulkanlar qaynar lava deyil, qaz, su və palçıq qarışığını püskürür. Yeraltı qatlarda yığılan qaz və maye yuxarı qalxdıqca palçığı da özü ilə çəkib üzə çıxarır və nəticədə insanı ovsunlayan nadir təbiət hadisəsi yaranır.

Palçıq vulkanlarının fəaliyyətindən sonra ərazi duzlaşmış torpaqla, neftlə hopmuş səthlə, geokimyəvi baxımdan unikal landşaftla örtülür. Bu proseslər həm geoloqlar, həm ekologiya mütəxəssisləri, həm də turistlər üçün olduqca maraq doğurur. Çünki vulkanlar həm təbii gözəllik, həm də Yer qabığının quruluşu, neft və qaz yataqlarının formalaşması barədə dəyərli məlumatların açarıdır.

Üstəlik, vulkan palçığının müalicəvi xüsusiyyətləri də geniş tanınır. Oynaqlardan tutmuş dəri xəstəliklərinə qədər bir çox sahədə bu palçıqdan istifadə olunur. Və bütün bunlar bizim gözəl ölkəmiz – Azərbaycanımızdadır.

Kompleksin ikinci möcüzəsi – Təbiət Tarixi sərgisi

Palçıq Vulkanları Turizm Kompleksi ziyarətçiyə yalnız yeraltı dünyanı deyil, həm də yerüstü həyatın milyon illik tarixini göstərir. Sərgi zalına daxil olan kimi sanki zaman maşınına minmiş kimi olursunuz.

Qədim heyvanların sirləri

Burada Azərbaycan və dünya faunasına aid 100-ə yaxın heyvan skeleti, 900-dən çox qurudulmuş həşərat, formalində saxlanılmış nadir canlılar, sürünənlər və suda-quruda yaşayan heyvanların kolleksiyası, paleontoloji eksponatlar nümayiş etdirilir.

Zürafə, ayı, pələng, şir, canavar, puma, qaban kimi iri heyvanların skeletləri ilə yanaşı, yırtıcıların kəllə quruluşu, dişləri və onurğa sümükləri diqqət çəkir. Bu ekspozisiya təkcə biomüxtəlifliyi göstərmir, həm də heyvanların davranış xüsusiyyətləri və təkamül tarixi barədə aydın təsəvvür yaradır. Amma bütün bunların içində Binəqədi kərgədanı skeleti və haqqında məlumat diqqəti cəlb edir. Binəqədi kərgədanı 55-75 min il əvvəl müasir Cənubi Qafqaz ərazisində yaşamış və nəsli kəsilmiş bir heyvandır. Burada olan skelet – onun qalıqları “Binəqədi IV dövr fauna və florası təbiət abidəsi”ndə aşkar edilib.

Palçıq Vulkanları Turizm Kompleksi, Vulkan, Palçıq Vulkanları

Minerallar və qiymətli daşlar aləmi

Kompleksin sərgi zalında ayrıca yer tutan Mineral Muzeyi isə sanki Azərbaycanın yeraltı xəzinələrini bir araya gətirir. Burada ölkənin müxtəlif bölgələrindən gətirilmiş 60-dan çox mineral nümunəsi sərgilənir. Ametistdən tutmuş malaxitə, füruzədən kvars və mərmərə qədər çoxsaylı qiymətli və yarıqiymətli daşlar ziyarətçilərin böyük marağına səbəb olur.

Bu daşların bir qismi memarlıqda, zərgərlikdə, radiotexnikada, sənayenin müxtəlif sahələrində istifadə olunur.

Muzey ziyarətçilərə həm də mineralların kimyəvi tərkibi, yaranma prosesi və götürüldüyü yataqlar haqqında məlumat verir.

Biz gəldik, siz də gəlin…

Palçıq Vulkanları Turizm Kompleksi həm elmi, həm macəra dolu, həm də əyləncəli təcrübə təqdim edir. Burada Yerin dərinliklərində baş verən prosesləri izləyir, min illərlə yaşlanmış vulkanların hekayəsinə qulaq kəsilir və eyni zamanda planetimizin biologiya və geologiya tarixini bir sərgidə görmək imkanı əldə edirsiniz. Bu kompleks Azərbaycan təbiətinin nə qədər möcüzələrlə dolu olduğunu bir daha sübut edir. Bura gəlmək, təbiətlə iç-içə olmaq, onu duymaq insana həm xoş, həm də dərin düşüncələr verir.

Biz gəldik, siz də gəlin…

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin