İki qüdrətli türkün – Tusinin və Hülakü xanın şah əsəri
Səhni-saman Universiteti, Nizamiyə Universiteti, Xarəzm Universiteti kimi məşhur elmi mərkəzlərin təməlini qoyan, Şərqin və Türk dünyasının qüdrətli elmi məbədlərindən biri də kəşfləri ilə Avropanı yüzillərlə qabaqlayan milli-mənəvi dəyərlər və elm tariximizdə mühüm yer tutan, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan Odlar Yurdu Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən Marağa rəsədxanasının təməli Çingiz xaqanın nəvəsi Hülakü xanın əmri, himayəsi, nüfuzlu dövlət xadimi, filosof, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı, hüquqşünas, astronom, “Əxlaqi-Nasiri”, “Şərh əl-İşarat”, “Zicil-İlxani” kimi yüzlərlə əsərin, traktatın, nəzəriyyənin müəllifi Xoca Nəsirəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə qoyulmuşdur. Tarixi Azərbaycan torpaqlarında qurulan, bu gün İranın Şərqi Azərbaycan ostanındakı Marağa şəhərində yerləşən rəsədxana dünyanın maddi-mədəni inciləri sırasına yazılan şah əsərlərdən biri kimi UNESCO onun şərəfinə 2009-cu ili “Marağa Rəsədxanası” ili adlandırmışdır. 1985-ci ildə İranın milli abidələri siyahısında qeydə alınan, Ulu öndər Heydər Əliyevin iradəsi ilə qurucusunun yubilyei Mövlana Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə birlikdə təntənə ilə qeyd edilən dünyanın maddi-mədəni irsi siyahısına yazılan bu qüdrətli, elmi mərkəz kəşfləri ilə Avropanı yüz illərlə qabaqlayan müsəlman Şərqinin, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın mütəfəkkir alimlərinin əzəmətinin, qüdrətinin bəlgələrindən biridir. Xoca Nəsirəddin Tusinin, görkəmli astronom, mühəndis və konstruktor Müəyyidəddin Ordubadinin şah əsəri olmaqla yanaşı Elxanilərin hökmdarı Hülakü xanın elm tarixinə bəxş etdiyi əvəzsiz töhfələrdən, incilərdəndir.
Əlli iki il fəaliyyət göstərən, altı yüz il sonra tədqiqata cəlb edilən rəsədxana
766 il bundan öncə təməli qoyulan, Azərbaycan türkünün analitik təfəkkürünün, ensiklopedik biliyinin aynası olan Marağa rəsədxanası 1259-cu ildə yaradıldı, yer üzündən göy üzünə körpü saldı. Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini ətrafına toplayaraq ciddi elmi nailiyyətlərə imza atdı. Dövrün müxtəlif elmləri ilə məşğul olan alimlərin bir araya gəldiyi akademiyanı – mühüm elmi mərkəzi əvəz edən rəsədxana haqqında məlumat verən əsərlərdə qeyd olunduğuna görə, onun memarı Fəxrələddin Əhməd ibn Osman Marağayi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və dənizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin ortalarında tədqiqata cəlb edilmişdir. “Rövzətüssəfa”nın müəllifi Mirxond Əbqa xan (Abqa xan) tərəfindən aparılan araşdırmalarda bəlli olur ki, burada 260-dan çox alim çalışmış, elmi uğurlara imza atmışdır. Müəllifin tədqiqatlarından o da bəlli olur ki, Tusinin şagirdlərindən yüz nəfəri kəşf və nəzəriyyələrinə görə Hülakü xan tərəfindən mükafatlandırılmışdır.

Hülakü xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimlərin çağrılmasını tələb etdi
Marağa rəsədxanasının banisi görkəmli Azərbaycan alimi Xoca Nəsirəddin Tusidir. Tarixi mənbələrdən bəlli olur ki, Nəsirəddin Tusi rəsədxana qurmaq haqqında çoxdan qərar almaqla yanaşı, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirmiş, eyni zamanda astronomik cihazlar hazırlamış, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar əldə etmiş və rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət etmişdir. Tusi bu barədə “Zici-İlxani” – “İlxanilərin astronomik cədvəlləri” adlı əsərində bu barədə belə yazır: “Hülakü xanın ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”. Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Azərbaycanın nüfuzlu siyasi xadimi və tarixçisi Rəşidəddinin salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyəyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Xoca Nəsirəddin Tusi ilə məsləhətləşmələr apardıqdan və rəsədxana tikintisi üçün zəruri olan alətlərin cizgilərini əldə etdikdən sonra Pekində də işlər başa çatdırılmışdır.
Nəsirəddin Tusi: “Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə rahatlıq hökm sürər”
Rəsədxana yaradılması külli miqdarda pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi öncə məqsədəuyğun saymışdır. Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xoca Nəsirəddin Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülakuyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək”? Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Xoca Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Xoca Nəsirəddin Tusi Hülakü xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. Tusi dedikləri ilə Hülakü xanı inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Xoca Nəsirəddin Tusinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı
Marağa rəsədxanasının tikintisinə 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlandı. Xoca Nəsirəddin Tusi rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak etdi. Görkəmli astronom, mühəndis və konstruktor Müəyyidəddin Ordubadi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni layihələri və konstruksiyaları alimlərin özləri işləyib hazırlayırdılar. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanır. Müəyyidəddin Ordubadinin oğlu Məhəmməd tərəfindən hazırlanan göy qlobuslarından biri günlərə qədər gəlib çatmış, hal-hazırda “Kitabi Dədə-Qorqud” dastanının Drezden nüsxəsi kimi o da, Drezdendə saxlanılır. Onu da qeyd edək ki, rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlısı budur ki, sivilizasiyaların, mədəniyyətlərinin dialoq ünvanı olan bu elmi məbəddə – rəsədxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər birlikdə çalışırdı. Burada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü tatar, yəhudi və digər millətlərin nümayəndələri idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “Zici-İlxani”nin – “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdır. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, Xoca Nəsirəddin Tusi dünyasını dəyişdikdən sonra yetirmələri tərəfindən tərtib edilmişdir.
Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılan materikin varlığından xəbərdar olmuşlar
Dörd kitabdan ibarət olan cədvəllərin birincisində yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. Ulduzların hərəkətinə və onların ekliptik kordinatlarının yerləşməsinə həsr olunan, sinus və tangenslərin cədvəlləri, habelə iki yüz əlli altı məntəqənin yerləşdiyi uzunluq və en dairəsinin göstərildiyi ikinci kitab bu gün də, dünya astronomlarının masaüstü kitablarına çevrilmişdir. Xoca Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın Şərq hissəsindən keçirərək elmdə yeni bir səhifə açmışdır. Müasir alimlər onun bu nəzəriyyəsinə əsaslanaraq, belə bir ehtimal irəli sürürlər ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. “Zicil-İlxani”nin astrologiya məsələlərinə həsr olunan üçüncü və dördüncü kitabları təkcə Tusinin deyil, Tusi məktəbinə məxsus olan alimlərin əzəmətini bu gün də, dünyaya nümayiş etdirməkdədir.
Dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynayan Tusi Rəsədaxanası Əlamut qalasından Marağa Rəsədxanasına yol gələn mütəfəkkir alim, nüfuzlu dövlət xadimi, Elxanilər sarayının baş vəziri, Hülakü xanın məsləhətçisi, mürşidi-kamili Xoca Nəsirəddin Tusinin şah əsəri olmaqla yanaşı, dünya fatehi, Moğol hökmdarı Çingiz xaqanın nəvəsi Hülakü xanın, Elxanilərin elm-irfana münasibətinin göstəricisidir.
Marağadan Uluqbəyə, Türküstandan Şamaxıya
Tusi rəsədxanasından sonra, dünya fatehi Əmir Teymurun nəvəsi Teymurlu xaqanı Uluq bəyin təməlini qoyduğu Uluq bəy Rəsədxanasını, ondan sonra isə Ulu Öndər Heydər Əliyevin iradəsi ilə Şamaxı Astrofizika Rəsədxanasını quran türklər Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altından saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən, baş köşəsində ustad sənətkarlara, təbib-filosoflara, el və dil bilicilərinə yer verən sənəti, mədəniyyəti himayə etməklə sivilizasiyaların, mədəniyyətlərin dialoquna nail olan sərkərdə xaqanlarımızın ənənələrini davam etdirdi.
Marağa Rəsədxanası Səhni-Səman Universiteti, Nizamiyyə Universiteti, Xarəzm Universiteti kimi qüdrətli elmi mərkəzlər quran Oğuz oğlunun ensiklopedik biliyinin, analitik təfəkkürünün aynası olmaqla yanaşı, elmi nəaliyyətləri, nəzəriyyə və traktatları ilə Avropa alimlərini yüzillərlə qabaqlayan Əl-Fərabi, Əl-Kindi, İbn Ərəbi, İbn Sina, Bəhmənyar, Şeyx Ədəbalı, Eynəlqüzzət Miyanəli, Naxçıvani, Ordubadi, Şirvani, İrəvani, Bakuvi imzası, künyəsi, nisbəsi ilə qələm çalan dahilərin ruhunun dolandığı, güc, qüdrət aldığı Şərqin, Turanın, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın bəşəri dəyərlər xəzinəsinə bəxş etdiyi müqəddəsliklərdəndir. Qürur duyulası, səcdəsinə durulası müqəddəsliklərdən!
Şərəf Cəlilli