Aida İmanquliyeva: Görkəmli şərqşünas, ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı
Yaxın Şərq, xüsusən Ön Asiya tarixən fəlsəfənin beşiyi olub. Fəlsəfi fikir də ilk dəfə burada – Misirdə, Suriyada, əski Şumer-akkad yörəsi, Babil torpağında intişar tapıb. Hətta bu gün bəşəriyyətin səcdəsinə durduğu məşhur yunan-Roma filosoflarının ustadları qeyd etdiyimiz bu ərazilərdəki məbədlərin, ocaqların sahibləri idilər. Əski Yunan filosofları azman düşüncə sahiblərinə tapınmaqla öz dövrlərinin və sonrakı minilliklərin qüdrətli fikir sahiblərinə çevrildilər. Şərqin yaddaşa qayıdışı naminə ömrünü şam kimi əridən yüzlərlə filosoflar, şərqşünas alimlər oyanış, qayıdış nəğmələri oxuyub, dastanlar bağladılar. Qoca Şərqin “Min bir gecə” nağıllarından qurtulub oyanması, öz nuruna boyanması naminə onu Böyök Köçün qopduğu yola – İpək Yoluna səslədilər.
Bu yolu qəlbinin və qələminin nuruna qərq edənlərdən biri də, 1939- cu ildə Bakıda iki məşhur ziyalının, tanınmış jurnalist, ictimai xadim Nəsir İmanquliyevin, təbib Gövhər xanım Sultanzadənin ocağında dünyaya gələn şərqşünas alim, ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, AMEA- nın Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi. Aida xanım 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Yaxın Şərq xalqları ədəbiyyatı tarixi” kafedrasından aspiranturaya daxil oldu. Şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı.
XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu monoqrafiyada əsas məqsəd “ərəb -məhcər ədəbiyyatı”nın bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin qıt olması gənc tədqiqatçını Bakını Moskvaya dəyişməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır.
Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər, “Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur” – deyən Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Bu gün demokratik dəyərlərin inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adi, bəlkə də, adidən də adi görünə bilər. İnformasiya texnologiyalarının o qədər də inkişaf etmədiyi, sərhədlərin qapalı, ideya döyüşlərinin, soyuq müharibənin tüğyan etdiyi 60-cı illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi.
Amerika, Fransa, Türkiyə və Avropanın başqa yörələrinə mühacirət etsələr də ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə, azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoca Şərqə 60-cı illərdən şərqilər söyləyir: “Qələmlər Birliyi” ilə Avropaya, Latın Amerikasına müsəlman mədəniyyəti və dəyəri gətirən ərəb fədailərinin haqq səsinə dönən Mixail Nüaymə irsinin carçısına çevrilərək söyləyir: “Mixail Nüaymə yeni həyat quruculuğu prosesinə böyük enerji, heyrətamiz fədakarlıqla qoşulan və bu hərəkatda öz tarixi keçmişinin özünəməxsusluğunu və zənginliyini unutmayan ərəb ziyalılarının ən qabaqcıl, həsas və istedadlı oğulları sırasında olmuşdur”.
“Mixail Nüaymə və “Qələmlər Birliyi” monoqrafiyasından sonra Aida xanımın ikinci ən böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada – Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Cübran Xəlil Cübranın da yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.
Aida xanım bütün ömrünü həsr etdiyi “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası ilə ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. Tiflisdə müdafiə etdiyi doktorluq dissertasiyasının özəyini təşkil edən, 1992-ci ildə işıq üzü görən kitab bu böyük alimin elmi ictimayyətə təqdim etdiyi son əsər olsa da, elmi əhəmiyyəti ilə bu gün də ciddi mənbələrdən hesab olunan möhtəşəm əsər idi.
Şərqşünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlardan olurdu. Akademik üslubdan çox elmi, bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqşünas obrazını deyil, şair, yazıçı, mütərcim obrazını cücərtdi.
Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski, İrina Bılik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, Malik Qarayev, İ.Filiştinski, O.Frolova dəfələrlə onun fikirlərinə şərik çıxırdılar.
Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyasından mühazirələr oxuyan Aida xanım pedaqoq alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi dəyərlərdən soraqçı olur, müasir ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. Aida xanım ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Adını Azərbaycanın və dünyanın tanınmış şərqşünaslarının, ərəbşünas alimlərin cərgəsinə yazdı.
Tanrının ona bəxş etdiyi istedadın, kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri və məqalələri ilə Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirdi.
Sent Bövün bioqrafik, İppolit Tenin mədəni, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqin böyük filosofu, düşüncə sahibləri – Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin “Haqq mənəm, Haqq məndədir” ucalığından, rus klassiklərinin, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşüncə səmasında Ağlının, Məntiqinin ulduzu ilə parladı.
Onun cismani yoxluğunu 1992-ci ilin payızından, sentyabrın 19-dan hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Yarım əsrdən azca çox, qısa, lakin mənalı ömür yolu ilə örnəyə çevrilən, əcəl şərbətini Şərqin qüdrətli sənət-söz adamları, fikir və düşüncə sahibləri kimi eşq badəsindən içərək ölümsüzlüyə qovuşan, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, deyən, elmi əsərləri, daxili və zahiri gözəlliyi ilə nümunəyə çevrilən, ömrünün yarısından çoxunu həsr etdiyi əsərləri ilə dəyərlərin əyarına çevrilən Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan əsərlərində yaşayır. Amerika filosofu Emerson şübhəsiz ki, məhz belə mütəfəkkir- alimləri düşünərək söyləyib: “Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır”…
Şərəf Cəlili