8 noyabr bir ölkənin qələbəsi yox, Allahın ədalətinin təntənəsidir.
Bu sözləri Baki-baku.az-a açıqlamasında şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs deyib.
O bildirib ki, 8 noyabr Zəfər Günüdür və dərhal ardından gələn 9 noyabr Dövlət Bayrağı Günü ilə birlikdə bu iki tarix Azərbaycan üçün fövqəladə önəm daşıyır.
“Bu iki tarix bir-birinə sıx bağlıdır və hər ikisi müstəsna günlərdir. 8 noyabr 44 gündə qazanılmış unikal bir qələbə bayramıdır. Bu 44 gündə bizim ordumuz bir gün belə dayanmadı, bir metr belə geri çəkilmədi. Hər gün irəlilədi”, – şair qeyd edib.
Qulu Ağsəs vurğulayıb ki, Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqları çox qısa müddətdə azad etsə də, müharibə qaydalarını ən yüksək insani çərçivədə icra etdi:
“Bizim mübarizəmizdə heç bir mülki əhali, heç bir uşaq, qoca, xəstəxana, uşaq bağçası ziyan görmədi. Hətta deyə bilərəm ki, heç bir quş, heç bir ağac belə bizim gülləmizə tuş gəlmədi. Biz 21-ci əsrdə ən qısa müddətdə müharibə aparıb qalib gələn ölkə olduq”.
Onun sözlərinə görə, 8 noyabr qələbəsindən sonra Azərbaycan bayrağı artıq dünyanın hər yerindən görünür.
“Adəmin cənnətdən Allah qovduğu üçün geri dönüşü olmadı. Amma biz cənnət Qarabağa geri döndük. Çünki bizi Allah qovmamışdı. İlahi ədalət budur. 8 noyabr təkcə bir ölkənin qələbəsi deyil, Allahın ədalətinin təntənəsidir”, – Qulu Ağsəs əlavə edib.
Şair Xankəndiyə həsr etdiyi şeirində də Qarabağın məhz bu ilahi və mənəvi məkan olduğunu vurğuladığını deyir. O bu məqamda həmin misralardan birini də xatırladıb:
“Dağların yaxasında medala bənzəyir o…
Bu yerlərin havasın, bu göylərin yağışın Üzeyir bəstələyir.”
Qulu Ağsəs bildirib ki, onun üçün 8 Noyabr yalnız siyasi və hərbi qələbə günü deyil, Qarabağın yenidən dirçəlişinin, ruhun geri dönüşünün günüdür.