Yüksək texnologiyaları, elmi nailiyyətləri ilə dünyaya meydan oxuyan, Uzaq Şərqin incisinə çevrilən Yaponiyada sərt bir qanun varmış. Onu ziyarətə, yaxud rəsmi səfərə gələn şəxslər, dövlət xadimləri, siyasətçilər belə üçüncü bir dildə danışa bilməz. Protokola uyğun olaraq gələn nümayəndə heyəti ya yapon dilində danışmalı, ya da öz dilində danışmalıdır. Bunun üçün bütün dillərin tərcümanına çevrilən tərcümə mərkəzləri qurulmuş və onların hər biri dövlətin himayəsinə alınmışdır.
Yaponların ana dilinə sevgisinin bir başqa özəlliyi də var: Bu ölkəyə konsert proqramı ilə gələn istənilən sənətçi, kimliyindən asılı olmayaraq ilk əsərini yapon musiqisindən seçməlidir. Öz başına gələn əhvalatlardan danışan unudulmaz Barış Manço TRT-yə verdiyi müsahibələrdən birində bu barədə deyirdi: “Yaponların məndən bir ricası oldu. Konserti yapon mahnısı ilə açın. Səhnədə türkcə danışın. İngiliscə danışmayın. Biz sizə tərcüməçi veririk”.
Fikrini davam etdirən Barış Manço müsahibədə heyrətini davam etdirərək bunu da qeyd edirdi: “Bir də bilirsinizmi nə deyirlər? Bizim dilimizi danışa bilmirsiniz, öz dilinizdə danışın, üçüncü bir dildə danışmayın. Bu rica deyildi. Rica qarışıq əmrdi. Bir millət özünü sevərsə öncə köklərini bəslər. Dil əsas kökə işləyən sudur. Susuz həyat yoxdur, əfəndim!”.
Barış bəyin müsahibəsini dinlədikcə dünyaya yüksək texnologiyası, intellektual potensialı ilə meydan oxuyan yapon xalqına, eyni zamanda dünyanı dolanıb “Barışın bucağı”na dönən Barış Mançonun ana dili sevdasına heyrət etdim. “Bir millət özünü sevərsə öncə köklərini bəslər. Dil əsas kökə işləyən sudur!” kəlamı önündə səcdəyə gəldim. “Ana dilində məktəb, qiraətxana, kitabxana, teatr quraq ki, millətin balaları ana dilində təhsil alsın” nidası ilə ölkənin ilk Rus-Türk Məktəbini yaradan, müəllimlər qurultayını çağıran, teatrın, kitabxananın və qiraətxananın təməlini qoyan Həbib bəy Mahmudbəyovu, “Bir millətin varını, dövlətini, sərvətini alarsan məhv olmaz, dilini əlindən alarsan tərk olub gedər” düşüncəsi ilə qələm çalan Firudin bəy Köçərlini, Səfəvilər İmperiyasından sonra ana dilinə dövlət dili statusu verən Cümhuriyyət qurucularını, 1978-ci ildə onu Ana Yasada – Konstitusiyada təsbit etdirən Ulu Öndər Heydər Əliyevi şükran duyğuları ilə andım.
Şərəf Cəlilli