İnsan üçün yuxusuzluq yorğunluq və zəiflik deməkdirsə, bəzi heyvanlar üçün bu, təbiətin onlara bəxş etdiyi möhtəşəm bir qabiliyyətdir.
Baki-baku.az xəbər verir ki, bəzi balıqlar və quşlar tamamilə oyaq qalmasalar da, beynin yalnız bir yarımkürəsini yatızdırmaqla istirahət edirlər. Beləliklə, bədənin bir hissəsi dincəlir, digəri isə ətrafdakı təhlükələri izləməyə davam edir.
Bu xüsusiyyətə “yarımkürəvi yuxu” deyilir. Delfinlər, ördəklər, hətta bəzi növ balıqlar bu qabiliyyətə sahibdirlər. Delfinlər su altında boğulmamaq üçün beynin bir hissəsini oyaq saxlayır və o hissə tənəffüs prosesini idarə edir. Quşlar isə uzun miqrasiya səfərləri zamanı havada uçarkən belə qısa fasilələrlə bu üsulla “yatırlar”.
Elm adamları düşünürlər ki, bu adaptasiya milyon illər boyu heyvanların mühitə uyğunlaşması nəticəsində yaranıb. Çünki yuxu tamamilə nəzarətsiz bir vəziyyətdir, vəhşi təbiətdə isə həyatda qalmaq üçün oyaqlıq tələb edir.