Fransada prokurorluq “Apple” şirkətinin səsli köməkçisi Siri ilə bağlı qanunsuz məlumat toplanması iddialarını araşdırmaq üçün istintaqa başlayıb.
Baki-baku.az-ın məlumatına görə, araşdırmanın başlanmasına müstəqil tədqiqatçının şirkətə qarşı irəli sürdüyü şikayət səbəb olub.
Paris Prokurorluğunun məlumatına görə, istintaq kibercinayətlər üzrə ixtisaslaşmış polis bölməsinə həvalə edilib. Hazırda işin detalları ictimaiyyətə açıqlanmır.
Şikayətin təşəbbüskarı müstəqil tədqiqatçı Toma Le Boniek (Thomas Le Bonniec) olub. O, Reuters-ə bildirib ki, şikayət Fransa İnsan Hüquqları Liqası (Ligue des Droits de l’Homme, LDH) adından təqdim edilib.
LDH təşkilatı Apple-ı istifadəçilərin Siri ilə söhbətlərini onların icazəsi olmadan toplamaqda, yazmaqda və təhlil etməkdə ittiham edib. Xəbərin dərc olunduğu anda təşkilat məsələ ilə bağlı əlavə açıqlama verməyib.
“Cinayət işinin başlanması aydın mesaj verir – əsas insan hüquqları vacibdir və onları müdafiə etməyə qətiyyətli insanlar və təşkilatlar var”,-deyə Toma Le Boniek qeyd edib.
“Apple” şirkətindən açıqlanıb ki, Siri üçün məxfilik tədbirlərini 2019-cu ildə və yenidən bu il sərtləşdirib. Şirkət bu ilin yanvarında rəsmi saytında dərc etdiyi açıqlamada qeyd edib ki, Siri ilə aparılan söhbətləri heç vaxt marketoloqlara ötürməyib və reklam məqsədilə satılmayıb.