Boks – iki idmançının rinqdə müəyyən edilmiş qaydalar çərçivəsində bir-birinə əlcəklərlə zərbələr endirdiyi döyüş növüdür. Rinqdə qaydaların icrasına referi nəzarət edir, hakimlər isə idmançıların hərəkətlərini qiymətləndirirlər. Qələbə ya rəqibi nokauta salmaqla, ya da hakimlərin xalları ilə əldə olunur. “Box” sözünün mənşəyi barədə versiyalardan birinə görə, bu ingiliscədən tərcümədə “qutu” və ya “məhdud sahə” deməkdir, yəni döyüş meydançası – rinq.
Baki-baku.az sizə boksun tarixini təqdim edir.
İlk döyüş
Boksun dəqiq necə yarandığını demək çətindir. Bu səbəbdən qədim dövrlərə nəzər salmaq lazımdır. O zamanlar insanın yaşaması üçün fiziki güclü olması vacib idi – qaçmaq, dağa dırmanmaq, ağır yük qaldırmaq, nizə atmaq. Boksun yaranmasına, ehtimal ki, qəzəb səbəb olub. Bir insan digəri üzərinə qəzəblə zərbə endirib, cavabında isə o da qarşı tərəfə vurub. Beləliklə, ilk emosional qarşıdurmalar yaranıb.
Əvvəlki döyüşlərdə qaydalar olmayıb. Rinq kimi bəzən mağaranın divarları, bəzən də meşəlikdəki açıq sahə istifadə olunurdu. Döyüşlər hakim və tamaşaçısız aparılırdı, hətta bəzən çubuq və daşlardan istifadə olunurdu. Bu tip qarşıdurmalar qədim insanların gündəlik həyatında tez-tez baş verirdi.

Müasir boksun başlanğıcı
Əsrlər keçdikcə insanlar mübahisələrini həm silahla, həm də silah olmadıqda yumruqlarla həll edirdilər. Qədim Misir, Şumer, Minoy və digər sivilizasiyalara aid barelyeflərdə yumruq döyüşlərinin təsvirləri qorunub saxlanılıb. XX əsrin əvvəlində Bağdadda tapılmış, təqribən 7000 il yaşı olan daş üzərində döyüşçülərin təsviri buna sübutdur. Şumer mağaralarında da eramızdan əvvəl III minilliyə aid yumruq döyüşlərinin təsvirləri tapılıb. Misir barelyeflərində isə döyüşçülərlə yanaşı tamaşaçıların da təsvir edilməsi boksun sosial hadisəyə çevrildiyini göstərir.
Oxşar izlər Hindistanda, İtaliyada, Afrikada, qədim Rusiyada da aşkar olunub. Qədim Liviyada isə bu döyüşlər “pugilizm” adlanırdı.
Ən mühüm dönüş 688-ci ildə qədim Yunanıstanda keçirilən Olimpiya Oyunlarında baş verdi. Bu zaman boks ilk dəfə rəsmi idman növü statusu aldı. Döyüşlər dəri qayışlarla sarınmış yumruqlarla aparılırdı. Qaydaları əfsanəyə görə Herakl yaratmışdı. Rinq qumla örtülən dördkünc sahədən ibarət olurdu. Döyüşə “helladonik” adlanan referi nəzarət edirdi. Ən güclü boksçular isə sərt məktəbi ilə tanınan spartalılar idi.
Kvinzberri qaydaları
XVIII əsrdən etibarən İngiltərədə boks müasir formasını almağa başladı. 1867-ci ildə Con Qrem Çembers Londonda keçirilən həvəskar çempionat üçün yeni qaydalar toplusunu hazırladı. IX Kvinzberri markizi Con Şolto Duqlas bu qaydaların tətbiqinə maddi və təşkilati dəstək göstərdi.
Onun sayəsində yeni qaydalar “Kvinzberri qaydaları” adı ilə məşhurlaşdı və 1882-ci ildən etibarən bütün dünyada qəbul olundu. Sonradan boks həm Avropada, həm də Amerikada sürətlə yayıldı.

Olimpiya səviyyəli boks
XX əsrdən etibarən boks iki istiqamətə ayrıldı – həvəskar və peşəkar. Fərqlər əsasən raundların sayı, davametmə müddəti, qoruyucu avadanlıq və digər detallar ilə bağlı idi.
1904-cü ildə ABŞ-ın Sent-Luis şəhərində ilk dəfə müasir qaydalarla Olimpiya oyunlarında boks yarışları keçirildi. Bu hadisə idmanın sürətli inkişafına güclü təkan verdi. 1924-cü ildə beynəlxalq həvəskar boks assosiasiyası təsis edildi.
1974-cü ildə Kubanın Havana şəhərində ilk dəfə kişi boksçular arasında dünya çempionatı keçirildi. O vaxtdan bəri bu turnir hər iki ildən bir təşkil olunur və dünyanın ən nüfuzlu boks yarışlarından biri sayılır.
Murad Muxtarov