Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

MEMARLIQ

“Xaqani” bağı: Bakının keçmişi və gələcəyi arasında dialoqun yaşıl rəmzi

“Xaqani” bağı

Hər bir şəhərin özünəməxsus kiçik sirləri olur və onları qoruyub saxlayır və buraya onilliklər ərzində böyük hadisələrin şahidinə çevrilən yaşıl adacıqların yaddaşı da daxildir. Bakıda belə məkanlardan biri “Mollokan bağı” olub: tozlu bir məhəllənin yerində ucalan kiçik yaşıllıq, lakin şəhərin mədəni irsinin bir hissəsinə çevrilməyi bacaran məkan. Bağın tarixi xaosla nizamın, yoxsulluqla dəbdəbənin, yaddaşdan silinmə ilə yeni həyatın mübarizəsi salnaməsidir. Bu bağda yerləşən fəvvarənin hər daşında, hər xiyabanda, hətta köhnə qəzet qeydlərində belə, Bakının şərq üslubunda liman şəhərindən kosmopolit paytaxta çevrildiyi dövrlərin nəfəsi duyulur.

1870-ci illərdə şəhər rəhbərliyi antisanitar vəziyyətdə olan daxmaları sökmək qərarına gəldi və onların yerində kiçik bir yaşıllıq – Mariinski bağı salındı. Bağın kompozisiyası sadə tərtibatda idi: bir-biri ilə kəsişən xiyabanlar, fəvvarə və hovuz. Maraqlıdır ki, fəvvarəni molokan Kaşeyev inşa etmişdi – bu da məhz molokanların həmin dövrdə bağın “xaç ataları”na çevrilmələrinin simvolu idi.

“Xaqani” bağı

1890-cı illərdə “Kaspi” qəzeti həmin bağı istehzalı şəkildə “yoxsul” məkan kimi təsvir edərək “uşaqlar üçün təhlükəli” guşə kimi qələmə vermişdi: fəvvarə quruyur, borular partlayır, yaşıllıq arasında isə sərxoşlara, nimdaş, cırılmış paltarlarda gəzənlərə və şübhəli adamlara rast gəlmək olurdı. Qalmaqallı fikirlər isə yalnız ictimai marağı artırdı – XX əsrdə isə bağ ikinci həyatını əldə etdi.

Ötən əsrin əvvəllərində bağın ətrafında dəbdəbəli evlər və malikanələr ucaldı: neft maqnatı Şibayevin sarayından tutmuş Vısotskinin “çay evi”nə qədər. Burada həmçinin “Mikado” kinoteatrı yarandı, hansı ki, daha sonra onun yerində Rus Dram Teatrı fəaliyyətə başladı.

“Xaqani” bağı

Müharibədən sonrakı illərdə bağda naməlum müəllif tərəfiindən “Üç gözəl” adlı bir heykəl ucaldıldı. Həmin heykəl ötən əsrin 60-cı illərində Molokan bağında peyda oldu. O dövrün bütün sərt qanun və qaydalarına baxmayaraq, bu kompozisiya azadlığın və estetikliyin simvoluna çevrildi, həm də üç ünsürün – günəşin, havanın və suyun təcəssümü kimi qəbul edildi. Başqa bir rəvayətə görə isə, bu fiqurlar inamı, ümidi və məhəbbəti ifadə edirdi.

Bağın adı yarandığı gündən dəfələrlə dəyişdi: “Mariinski bağı”, “9 Yanvar” və nəhayət “Xaqani” bağı.

Ötən il paytaxtın Səbail rayonunda yerləşən Xaqani adına bağın 4 aylıq təmir işlərindən sonra açılışı baş tutdu.

“Xaqani” bağı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.

“Xaqani” bağı

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, “Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib.

Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Hazırda “Molokan bağı” “Xaqani” bağı kimi tanınır və paytaxtın mərkəzində yerləşən ən tanınmış yaşıllıq guşələrindən biridir. Bu bağ artıq çoxdandır ki, köhnə qəzet yazılarında “tərk edilmiş yaşıllıq” kimi təsvir edilən görkəmindən çıxaraq səliqəli istirahət məkanına çevrilib. Burada keçmişin gurultulu əfsanələri müasir şəhər həyatı ilə qovuşur. “Xaqani” bağı həm Bakının tarixinin yaddaşıdır, həm də bugünkü şəhərin bəzəyi kimi paytaxta xüsusi bir cazibə bəxş edir.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, ещё одним фактором является употребление тяжёлой пищи перед сном, а также кофеина или алкогольных напитков.

Ən son

İQTİSADİYYAT

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi artıq bir idman tədbiri olmaqdan çox, ölkənin beynəlxalq

İQTİSADİYYAT

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi artıq bir idman tədbiri olmaqdan çox, ölkənin beynəlxalq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin