Onlar haqqında nə bilirik?
Doğudan Batıya at çapan, çapdığı məmləkətlərdə altundan saraylar yapan sərkərdə-xaqanlarımız vardıqları məmləkətləri sənətin, mədəniyyətin, elmi-irfanın çeşməsinə çevirdilər. Tikdikləri, qurduqları sənət-mədəniyyət mərkəzləri, saraylar, kavansaralarla yanaşı, mədrəsələr, vəqflər qurdular. Türbələr, məscidlər yapdılar, varlıqları, əzəmətləri ilə, ilahi eşqlərini, Tanrı sevgilərini dünyaya nümayiş etdirdilər. Bu gün dünyanın dörd bir guşəsində yaşayan, Hindistanda, Pakistanda, Əfqanıstanda, Finlandiyada, Macarıstanda, Rumıniyada, Cənubi Koreyada, Monqolustanda ömür etməkdə olan türklər dünyaya meydan oxuyan fatehlərin varisi kimi tarixlə müasirlik arasında körpüyə çevrilməkdədirlər. Əfqanıstanda yaşayan Güney Türküstan türkləri kimi adları rəsmi sənədlərdə keçən Əfqanıstan türkləri də onlardan biridir.
Şimalda Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəddə mövcud olan Güney Türküstan deyə tanınan özbəklərin, türkmənlərin, qazaxların, qarakalpakların, əfşarların yaşadığı yörədə Əmir Teymurun, Xarəzmlərin, Əfşarların zamanında mövcud olan ənənələr bu gün də davam etməkdə, çağatay türklərinə xas adətlər, milli geyimlər, süfrə mədəniyyəti qorunmaqdadır. Türküstan türkləri Əfqanıstan cəmiyyətinə tamamilə inteqrasiya etməklə yanaşı, onlar, həm də, dövlət idarəçilik sistemində təmsil olunurlar. Əfqanıstanın önəmli kəsimi kimi həm də, onun inkişafına, tərəqqisinə töhfədə bulunan Güney Türküstan türkləri əsasən ölkənin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində nüfuz sahibinə çevrilmişlər. Ölkədə nəşr olunan bir çox mətbu orqanların baş yazarlarının Güney Türküstan türklərindən seçilməsi də təsadüfi deyil.
Hacı Cavadov