Qədim Roma tarixində 5 min nəfərlik hərbçi dəstəsinin izsiz yoxa çıxması və arxasınca heç bir yazılı xatirə qoymaması ilə bağlı yeganə hadisə baş vermişdi. Bəzi tarixçilər bu müəmmalı hadisəni kral Artur və Dairəvi Masanın 12 cəngavəri haqqında əfsanənin meydana gəlməsi ilə əlaqələndirirlər.
Qədim Roma yüksək inkişaf etmiş bir cəmiyyət idi, orada məmurlar bürokratizmə o qədər aludə idilər ki, ən kiçik faktları belə sənədləşdirirdilər. Həmin sivilizasiyanın irsi o qədər zəngindir ki, onun tarixini çox dəqiq surətdə izləmək mümkündür. Müasir tarixçilərə hətta orta ranqlı Roma hakimlərinin və vilayət idarəçilərinin adları da məlumdur.
Elə buna görə də, həmin sivilizasiyanın ən böyük “ağ ləkəsi” – 120-ci ildən sonra tamamilə yoxa çıxmış IX İspan legionu haqqında heç bir qeyd və ya mənbənin qalmaması daha da müəmmalı görünür.
Roma legionlarının qüdrəti
Makedon falanqası və karfagenli hoplitlərlə yanaşı, Roma legionları qədim dünyanın ən mükəmməl hərb maşını sayılırdı. Müxtəlif dövrlərdə legionun sayı 3 mindən 9 minədək əsgərdən ibarət olurdu. Onlar kohortlara, köməkçi hissələrə – auksilariyalara və kiçik süvari dəstəsinə bölünürdülər. Legionun başında legat dururdu. Tez-tez o, yerləşdirildiyi vilayətin idarəsini də həyata keçirirdi.
Legionun zabit heyətinə 5 tribunu, 59 senturionu və düşərgə prefekti daxil idi. Kiçik rütbəlilər sırasında isə veksillyari – bayraqdarlar, akvili-ferlər – imperiya qartalının daşıyıcıları, senturionların köməkçiləri olan opsionlar, dəstə komandirləri – dekan və dekurionlar, həmçinin xəzinədarlar və hərbi hospitalın (valetudinarium) həkimləri vardı.
Hər bir legiona dövlət tərəfindən xüsusi ad verilirdi. Bu adlar şərəfli qələbələrə, igidliklərə və ya xidmət göstərilən əraziyə görə verilirdi: “Boğazı qoruyan”, “Qalibiyyətli”, “Dözümlü”, “İlk doğan”, “Sərçələr”. Hər legion imperiya qartalının təsviri olan ştandart, eləcə də nömrəsi yazılmış bayraqlarla təmin edilirdi. Qartalın itirilməsi böyük rüsvayçılıq sayılırdı. Belə halda legionerlər dəhşətli cəzaya – desimasiyaya (dəstənin hər onuncu üzvünün edamı) məruz qalır, bəzən də dəstə tamamilə buraxılırdı.
Britaniya uğrunda döyüşlər
43-cü ildə imperator Klaudi Britaniyanı fəth etmək üçün IX İspan, XX Valeriya, XIV İkiqat və II Avqusta legionlarını göndərdi. 45 minlik legioner ordusu adanın üzərindən “tapdalayaraq” keçdi, Temza çayı, Meduay çayı və Ker Karadok qalası yaxınlığında keltləri üç ağır döyüşdə məğlub etdi.
Cənub-şərqi Britaniya işğal edildikdən sonra IX legion orada əvvəlcə kastellum – legion düşərgəsi, sonra isə şəhər inşa etdi. Bu şəhər Lindaun Koloniya adlanırdı və daş hamamları, kitabxanası, teatrları və məbədləri olan böyük Roma mədəniyyət mərkəzinə çevrildi. (Sonralar britaniyalılar bu adı dəyişdirərək Linc oln – Lincolna çevirdilər.)
61-ci ildə IX İspan legionunun qarovul xidməti dövrü sona çatdı. İsen tayfasının başçısının dul qadını Boudikka Britaniyanın şərqində üsyan qaldırdı. Ərinin ölümündən sonra romalılar torpaqları müsadirə etmiş, əmlakı əlindən almış, qızlarını zorlamış, onu isə ictimai şəkildə qamçılamışdılar. Hiddətə gəlmiş dul qadın amansız mübarizəyə başladı. Qonşu tayfalar da ona qoşuldu.
Boudikkanın ordusu Roma Britaniyasının ilk paytaxtı Kamulodun şəhərini mühasirəyə aldı. “IX” legionunun bir neçə kohortu şəhərə çatmağa cəhd etdi, lakin piyada əsgərlərin üçdə ikisi döyüşdə həlak oldu. Yalnız süvarilər – legionun legatı Petillius Serialın başçılığı altında – və yüngül silahlı, çevik velytlər xilas ola bildilər.