Üzeyir bəy – “Koroğlu”nun Misri qılıncı, İstiqlalın “Üvertura”sı
“Sevgili-canan”ı, “Sənsiz”i ilə ruhumuzun qida yerinə, mübhəm sevginin abidəsinə çevrilən böyük Üzeyir bəy Şərqin ilk operasını – “Leyli və Məcnun”u yaradanda Üzeyir dünyasından Füzuli dühasına körpü saldı. “Mən bəlanı istərəm, çün, istər bəla məni!” nidası ilə Həvvanı sevib cənnətdən qovulan Adəmə, Yusifi sevib saraydan olan Züleyxaya, Leylanı sevib səhraya düşən Məcnuna dönsə də, mənsub olduğu millətin, məmləkətin İlahi Eşq çeşməsinə döndü. Dünyasını dəyişəndən sonra, “Rüstəm və Zöhrab”ı, “Əsli və Kərəm”i, “Şeyx Sənan”ı, “Arşın mal alan”ı ilə dünya səhnəsini fəth etdi.
“Koroğlu”nun Misri qılıncını əlinə alıb imperiyaların üstünə yeridi. Əbədi istiqlalın “Üvertura”sını yaratdı. Cümhuriyyətin və Sovet Azərbaycanının Himninin müəllifi, Məclisi-Məbusanın – Parlamanın aynası “Azərbaycan”ın memarı, redaktoru kimi tarixdə qaldı. Dünyasını dəyişdiyi gün deyil, mələklərin qanadında Qarabağda – Şuşanın ətəyində, Ağcəbədidə yer üzünə endiyi gün Milli Musiqi Gününə, bayramına çevrildi.
Qurani-Kərimin altından keçib getdi
O, Qori Müəllimlər Seminariyasına Qarabağın son vərəsəsi Xurşidbanu Natəvanın xeyir-duası ilə getdi. Yaratdığı şah əsərlərlə, yetirdiyi qüdrətli sənətkarlarla, təməlini qoyduğu sənət məbədləri ilə Məbəddə Sultan oldu. Bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi zirvələri fəth etdi. SSRİ xalq artisti, “Stalin” mükafatı, “Lenin” ordeni kimi ali mükafatları fitri istedadı, hüdudları məlum olmayan dühası ilə əldə etdi. Azərbaycan və SSRİ Ali Sovetlərinin dəfələrlə deputatı seçildi. Azərbaycanın müasir, peşəkar musiqi sənətinin banisi, Azərbaycan Konservatoriyasının, Azərbaycan SSR Bəstəkarlar İttifaqının, Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun qurucusu, Milli Musiqi və Muğam dünyası ilə bağlı dərslik və dərs vəsaitlərinin müəllifi olaraq ilklərə imza atdı. Ümumbəşəri dəyərlər xəzinəsini klassik əsərləri – opera, operetta və romansları ilə zənginləşdirən böyük Üzeyir bəy ustad-şəyird, mürşid-mürid müqəddəsliyi yaşayan Şərq mütəfəkkirləri kimi tarixdə həm də, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Tofiq Quliyev kimi yetirmələri ilə qaldı.
Qara Qarayevin “Vətən”, “Zəriflik”, “İldırımlı yollarla”, “Yeddi gözəl, “Leyli və Məcnun”, Fikrət Əmirovun “Şur”, “Türk ovşarı”, “Sevil”, “Nəsimi”, “Min bir gecə”, “Gülüstan – Bayatı – Şiraz” kimi məşhur əsərlərindən, Tofiq Quliyevin Bakının salnaməsi olan lirik nəğmələrindən Üzeyir bəyin iyini, ətrini aldıq.
Unudulan ənənə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə davam etdirildi
Ruhumuzun, dünyamızın “Sevgili-canan”ı, “Sənsiz”i olan böyük Üzeyir bəy 1948-ci il noyabrın 23-də cismini ruhuna geyib Tanrı dərgahına çəkildi. Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşdu. Əcəl şərbətini içdiyi gündən sonra, Azərbaycan Dövlət Simfonik Orkestrinin rəhbəri Maestro Niyazinin təşəbbüsü ilə bir müqəddəs ənənənin təməli qoyuldu. Hər il, Üzeyir bəyin anadan olduğu gün Azərbaycan Dövlət Konservatoriyasının – Bakı Musiqi Akademiyasının önündə adını daşıyan orkestrin müşaiyəti ilə konsert proqramı təşkil olundu. Böyük Üzeyir bəyin əsərlərindən ibarət musiqilər uzun müddət Maestro Niyazinin sonsuz ustad sevgiləri ilə dinləyicilərin ruhunun qida yerinə çevrildi. Keçid dövründə qayğılardan unudulan bu ənənə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yenidən davam etdirildi. Üzeyir bəyin 110 illiyi ərəfəsində imzalanan fərmana əsasən 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi təsis edildi.
“Sevgili-canan” deyib, səcdəsinə durduğu Qarabağ, Şuşa hüzura qovuşub
Milli Müstəqilliyin bəxş etdiyi səadətin sayəsində artıq düz bir qərinə – 30 ildir sentyabrın 18-də mələklər göydən yerə enir, bütün ruhu, duyğuları ilə Azərbaycan olan Üzeyir bəyi yetişdirən millətin pişvazına gəlir. Ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Bakı Metropolitenin layihəsi əsasında şəhər əhalisinin daha çox istifadə etdiyi stansiyalarda canlı konsert proqramları təşkil olunur.
30 illik intizardan, işğaldan sonra, Üzeyir bəyin “Sevgili-canan” deyib, səcdəsinə durduğu Qarabağ, Şuşa hüzura qovuşub. İstiqlal şairi Əhməd Cavadın dili ilə “Səndən ötrü can verməyə cümlə hazırız, səndən ötrü qan tökməyə cümlə qadiriz” deyib, yağı üstünə yeriyən millətin, məmləkətin iradəsi ilə güllələnmiş heykəli Xurşudbanu Natəvanın və Bülbülün abidəsi ilə birlikdə öz məkanına qayıdıb. Şübhəsiz ki, bu, Cümhuriyyətin Himnini yazan Üzeyir bəyin ruhunu şad edən ən ali məqamdır!
Sentyabrın 18-də Üzeyir bəyin 140 yaşı tamam olur. Onun şah əsərinin yeni quruluşda, xalq artisti Yusif Eyvazovun ifasında tamaşaçılara təqdim olunması özü bir hadisədir. Koroğlunun diyarında, “Koroğlu” operasının yeni biçimdə Misri qılıncı əlinə alıb Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində görünməsi Üzeyir dühasına verilən ən böyük dəyərlərdən biridir.
Şərəf Cəlilli