Daha dərindən araşdırdığımız zaman sivilizasiyaların əlaqələrinə dair ənənəvi təsəvvürləri dəyişən faktlar qatını üzə çıxarmaq olar. Belə maraqlı mövzulardan biri də Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafıdır. Ölkələr arasında uzaq məsafələrə baxmayaraq, bu münasibətlər əsrlər boyu – hərbi ittifaqlardan tutmuş mədəni mübadilələrə və birgə elmi kəşflərə qədər – formalaşaraq davam etmişdir.
Baki-baku.az portalının qeyd etdiyi kimi, bu dialoqun başlanğıcını bizi dünya tarixinin əsas yollarından birinə – Azərbaycanın mühüm qovşağa çevrildiyi Böyük İpək yoluna aparır.
Artıq eramızdan əvvəl II əsrdə hun hökmdarı Mete xan ilk rəsmi müqaviləni imzalayır: Çin İmperiyası hunlara ipək, şərab və düyü göndərməyi öhdəsinə götürür, əvəzində isə at sürüləri əldə edir. Bu “səma atları” Çin imperatorlarının hakimiyyət rəmzinə çevrilir. Söhbət yalnız ticarətdən getmirdi: çin şahzadələri ilə qurulan nikah ittifaqları köçəri hun tayfaları ilə çinliləri siyasi müttəfiqlərə çevirir.
Məsələni daha dərindən təhlil edərkən məlum olur ki, iki xalq arasında əlaqələrin inkişafı bir çox sahələrdə kəsişib. Bu, həm mədəniyyətdə (türklərin Çin mədəniyyətinə və əksinə təsiri), həm dində (daoizmə, maniçiliyə və İslama qarşılıqlı maraq), həm də incəsənətdə özünü büruzə verdi. Məsələn, məlumdur ki, çinli mütəxəssislər 1259-cu ildə dahi azərbaycanlı alim – astronom, filosof və riyaziyyatçı Nəsirəddin Tusinin (1201–1274) təşəbbüsü ilə yaradılmış Marağa rəsədxanasının qurulmasında iştirak ediblər.
Azərbaycan-Çin münasibətləri, coğrafi məsafə və birbaşa təmasların qurulmasına mane olan siyasi şərtlərə baxmayaraq, fasiləsiz inkişaf edib – istər ticarətdə, istər mədəniyyətdə, istərsə də iqtisadi sahədə. Bu əlaqələr Azərbaycan ərazisində Qaraqoyunlu (Qara Yusif), Ağqoyunlu və Səfəvilər sülalələrinin hakimiyyəti dövründə də müşahidə olunurdu.
Azərbaycan-Çin münasibətlərinin inkişafında xüsusi təkan Böyük İpək yolunun tərəqqisi ilə bağlı olub. Azərbaycan ərazisindən missionerlər, tacirlər, alimlər və diplomatlar keçərək Avropadan, İrandan, Orta Asiyadan Çinə qədər böyük məsafələr qət etmiş, müxtəlif şəhər və ölkələr haqqında dəyərli məlumatlar və təsvirlər yayıblar.
Türk-Çin münasibətlərinin başlanğıcı
Ən qədim mərhələdə Azərbaycan xalqının da mənəvi-mədəni yaddaşında yer alan türk-çin münasibətlərinə hun dövrü öz möhürünü vurub. Hunlar – bütün türklərin ən qədim əcdadları kimi – Azərbaycan xalqının bir çox ənənələrinə təsir göstərib.
Türklərlə çinlilərin təmasları dil müstəvisində də silinməz iz qoyub. “Arşın”, “yallı”, “qışlaq”, “bahadır”, “qımız”, “ayran”, “yarlıq” və digər çoxsaylı sözlər türk dilindən Çin leksikonuna keçib. Bununla yanaşı, türk musiqisi, geyim üslubu və qəhrəman obrazları da Çin mədəniyyətinə sirayət edib. İpək yolunun bir neçə marşrutu mövcud idi, lakin ən çox işlədilən xətt Çindən Orta Asiyaya, oradan isə Xəzər dənizini keçərək Azərbaycan və Gürcüstan üzərindən Avropaya yönəlirdi.
Müasir dövrdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafında şübhəsiz ki, dərin tarixi köklərə dayanan münasibətlər də mühüm rol oynayır.
Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müstəsna xidmətləri olub.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər edib və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoyub. O vaxtdan indiyə qədər ardıcıl surətdə Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdə Çinə dövlət səfərləri ikitərəfli münasibətlərin inkişafına təkan verib.
2019-cu ilin aprel ayında Azərbaycan Prezidentinin Pekində keçirilən II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda şəxsən iştirak etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunması Azərbaycan hakimiyyəti və işgüzar dairələri tərəfindən razılıqla qarşılanmışdır.
2022-ci il sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü baş tutub. Hər iki tərəf qarşılıqlı münasibətlərin inkişafından məmnun qaldıqlarını ifadə ediblər.
Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu bir daha onu sübüta yetirir ki, dünyanın masada söz sahibi ölkələrindən biri olan Çinlə qarşılıqlı münasibətlər yüksələn templə davam edir.
Ölkəmizin başçısının ötən ayın 30-u Çinə növbəti səfəri zamanı yüksək səviyyədə qarşılanması, həmçinin keçirilən görüşlər zamanı irəli sürülən fikirlər ölkəmizə və onun liderinə hörmətin, ehtiramın bariz nümunəsidir.
Bu gün, Çin dünya siyasətində və iqtisadiyyatında aparıcı mövqeləri tutduğu, Azərbaycan isə Avrasiyanın əsas nəqliyyat-logistika və enerji qovşaqlarından birinə çevrildiyi şəraitdə, toplanmış əməkdaşlıq təcrübəsi yeni məna kəsb edir. İkitərəfli əlaqələrin yüksək dinamikası, dövlət başçıları səviyyəsində qarşılıqlı hörmət və etimad, həmçinin energetika, infrastruktur, elm və mədəniyyət sahələrində birgə layihələrin real şəkildə genişlənməsi gələcək üçün geniş üfüqlər açır.
Hacı Cavadov