Portuqaliyanın Moderi adasında kasıblıq və səfalət içərisində üzülən bir ailədə dünyaya gələn, ruhi sarıntı və sərxoşluqla ömür keçirən atanın, övladlarını böyütmək üçün mücadilə edən bir xadimənin əzabı ilə böyüyən, futbolun əfsanəsi Kriştiano Ronaldo uşaqlıq zədələrini cismində daşısa da, yaddaşına yazılanları unutmur. Anasının istəyi ilə futbola gələn Ronaldo deyilənə görə həyatının ən dəhşətli səhnəsini 15 yaşında yaşayıb. Ürəyinin ritminin – döyüntüsünün pozulması səbəbi ilə futbolu burmaq təhlükəsi ilə üzləşən futbolçu həkimlərin təkidli tələbi ilə əməliyyat olunsa da, əməliyyatdan iki həftə sonra sahəyə dönməyə məcbur olur. 17 yaşında “Sporting Lissabon” klubunda ulduzu parlayan, ilk məşqdə, “Mançestr Yunayted” klubunda şöhrətin ilk çələngin başına qoyan Kriştiano Ronaldo klubunun kapitanı Aleks Ferqusun klubuna transfer edilir. “Mançestr Yunayted”də qələbəni qələbə üstə qazanan Ronaldonun karyerasında “Real Madrid” mühüm mərhələ olur. Ona dünya şöhrəti gətirir. 438 yarışda 450 “qol” vuraraq futbolun canlı əfsanəsinə, sonsuz zəhməti, gərgin əməyi ilə sahələrin sultanına, futbolun parlaq ulduzuna çevrilən Ronaldo üçün hər bir qol daxili enerjinin, analitik təfəkkürün, riyazi hesablamaların məntiqi nəticəsidir.
Siyasətin iki zirvəsi Ronald Reyqan və Kriştiano Ronaldo
“Tarixin ən çox qol atan futbolçusu” kimi nüfuz qazanan Ronaldo sadəliyin əzəməti, ən çətin zamanlarda ona edilən yaxşılıqları unutmayan insan kimi sevilir, hörmət edilir.
Rəsmi sənədlərdə bütöv adı Kriştiano Ronaldo dos Santos Aveiro kimi keçən, “CR7” ləqəbi ilə tanınan, boyu 1 metr 89 santimetr olan, 85 kq çəkisi, gülər üzü ilə uzaqdan belə insanda xoş ovqat-aura yaradan 40 yaşlı ulduz futbolçu fevralın 5-də 1985-ci ildə Funsal-Madeyrada – Portuqaliyanın o qədər də məşhur olmayan yörəsində doğuldu. Hücumçu mövqeyi, 7 nömrəli köynəyi ilə 2023-cü ildən Səudiyyə Ərəbistanının Al-Nəsir komandasını şərəfləndirən, futbol karyerasını vurduğu minə yaxın qolla zənginləşdirən, adının mahiyyətində belə siyasət dayanan Kriştiano Ronaldonun bu adı daşıması da maraqlıdı. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Ronald Reyqana vurğun olan atası onun şərəfinə oğlunun adını Ronald qoyanda iki siyasət nəhəngini özü də bilmədən eyni ünvanda birləşdirmişdi. Sarayın və idmanın siyasət olduğunu anlamasa da. Kasıbçılıqdan növbəti övladı dünyaya gətirməyin daha çox maddi sıxıntı yaradacağını düşünən, bu gözlənilməz körpənin gəlişinin çətinliklərə səbəb olacağını anlayan anası Portuqaliya qanunlarına görə ondan azad ola bilməsə də, dünyaya gətirmək məcburiyyətində qaldığı, atasının Ronaldo adı verdiyi oğlunun hüzurun, sevincin, səadətin, hətta Ronald Reyqan kimi ən böyük siyasətin ünvanı olacağını bilməmişdi. 2021-ci ildə Ronaldonun anası, daha doğrusu özünün təbirincə desək, “həyatda hər kəsi, hər şeyi olan, mayakına çevrilən” anası Dolores Aviero “Sportinq FK”nın rəsmi telekanalına verdiyi müsahibəsndə “Oğlum futbolçu olmasaydı, çox güman usta olacaqdı” deyimi ilə meydanların ustası, həm də ustadı olan Oğlunu təsvir etmişdi. Ronaldonun atası 2005-ci ildə 51 yaşında qaraciyər serrozundan, kəskin qaraciyər çatışmamazlığından vəfat etdi. Həyatda heç zaman üzü gülməyən, övladlarına imkansızlıq üzündən normal atalıq qayğısı göstərə bilməyən bu adam, Anqolanın müstəqillik savaşına qalxdığı, Portuqaliya ilə döyüş meydanına çıxdığı illərdə zorla savaşa aparılan Xose Dines Averio dəhşətli döyüş səhnələrində sağlamlığını itirmiş, aldığı psixoloji sarsıntılar üzündən dəli olmaq dərəcəsinə gəlmişdi. Bu səbəbdən də, o, ağrı və əzablarını unutmaq üçün son ana qədər həyatına sərxoşluqla başa vurmuşdu. Oğlunun şöhrətindən xəbərsiz gedən, dünyaya vida nəğməsi oxuyan Xose Dines Aviro indi yəqin ruhu ilə ona xeyir-dua verir, qadın səadəti yaşada bilmədiyi ömür-gün yoldaşı Maria Doleresə də övladlarına da yaşatdıqlarından giley edir.

İki sevginin bir ünvanı – İrina Şeykin və Corciniya Rodriqesin qibləgahı
Şöhrətin bütün çələngini başına qoyan, varlığı ilə dünyanın məşhur klublarının əzəmətini sübuta yetirən “Məşhurların qibləgahı” kimi könüllərdə yer alan, gözəllərin yuxusuz gecələrinə, nigaran röyasına çevrilən Ronaldo hər zaman şəxsi həyatını gizli saxlamağa çalışıb. Heç vaxt evli olmayıb. Çox sayda sevgilisi olub. 2010 və 2015-ci illərdə rus-tatar model İrina Şeyk ilə birlikdə olub.
2010-cu ilin iyununda ABŞ-da ilk övladı, Kriştiano Cuniyor dünyaya gəlib. Uşaq surroqat anadan doğulub. 2017-ci il iyunun 8-də Ronaldonun əkiz övladları oğly Mateo və qızı Yeva dünyaya gəlib. Onlar da surroqat anadan doğulub. Əslində onlar Ronaldonun vətəndaş nigahından doğulan övladlarıdır. Həyatının mübhəmliyini sevən dünya ulduzu bu məsələlərin açıqlanmasına nə icazə verir, nə də maraq göstərir.
Məşhur modelyer İrina Şeyklə yaşadığı məhəbbət əfsanəsindən sonra beş illik münasibətlərə son qoyan futbol ulduzu 2016-cı ildə İspaniyada “Gucci” mağazasında alış-veriş edərkən satıcı işləyən Corciniya Rodriqesə bir könüldən, min könülə aşiq olub, vurulub. Onu “Həyatımın eşqi” adlandırıb. Bu sonsuz, hüdudları məlum olmayan sevgidən 2017-ci ildə ilk övladları – Alona Marina doğulub. 2022-ci ildə Kriştiano Ronaldonun və Corciniya Rodriqesin sevgisinin möhürbəndi sayılan Bella Esmiralda adlı ikinci qızları dünyaya gəlib. Bella Esmiraldanın əkiz tayının, qardaşı Angelin vaxtsız ölümü ailəni sarsıtsa da, dünya ulduzları beş övladları ilə şad-xürrəm ömür etməkdədir.

Məşhurların qaynana-gəlin savaşı – Maria Doleresə və Corciniya Rodriqes
Bütün həyatını və uğurlarını anası – Maria Doleresə borclu olduğunu dilə gətirən, dünyanın sərvətini onun ayaqları altına sərən Kriştiano Ronaldo dünya şöhrəti yaşamasına, ulduz ömrü sürməsinə, kifayət qədər imkanın olamasına baxmayaraq anası ilə birlikdə yaşamaqdadır. Bütün sevgililəri, hətta İrina Şeyk və “Həyatımın eşqi” adlandırdığı Corciniya Rodriqesin israrlı tələblərinə baxmayaraq, onu küçələrin tozu, süpürgənin izi ilə böyüdən anasından keçmir. Qaynana-gəlin, Maria Doleres və Corciniya Rodriqes savaşı, bəzən gizli, bəzən də açıq şəkildə nümayiş olunan “doğmaların müharibəsi” onun ruhunu incitsə də, Ronaldo “Həyatımın mənası” dediyi anası ilə “Həyatımın eşqi” sandığı sevdiyi arasında körpü olur. Alış-veriş mağazalarından, məşhur mağazaların var olduğu şəhərlərdən başlayan qaynana-gəlin davaları media-kommunikasiya vasitələrinin manşetinə çevrilsə də, ər və oğul münasibətlərində ana sevgisi qalib çıxır.

Göylə yerin arasında – “COSMOS Redshift 7”
Futbol karyerasında minə qədər qol vuran, Pele, Maradona, Romario, Bekhem, Ronaldinyo və Messi kimi məşhur futbol əfsanələri ilə müqayisə olunan, “Mançestr Yunayted” klubundan “Real Madrid”ə keçidi üçün yüz yeddi milyon avro ödənilən andan futbol tarixinin ən bahalı oyunçusuna çevrilən, “Real Madrid”lə bağladığı müqaviləyə əsasən 20 milyon avro əldə edən, bununla da, adını ən çox qazanan futbolçu kimi idman tarixinə həkk edən, 2018-ci ildə İtaliyanın “Yuventus” klubuna keçsə də, 2021-ci ildə yenidən öz klubu “Mançestr Yunayted”ə dönsə də, 2023-cü ildən taleyini Səudiyyə Ərəbistanının Əl-Nasir futbol komandası ilə bağlayan, ulduz ömrü yaşayan Kriştiano Ronaldonun adını daşıyan qalaktika yerlə göyün arasında körpü olan, ulduz yağışı və zərrəsi ilə ilahi nura çevirən futbol əfsanəsinin, həm də alimlərin – irfan bulağından su içənlərin sevimlisi olduğunun göstəricisidir. Rəsmi mənbələr də sübut edir ki, “Alimlər 2015-ci ildə kəşf etdikləri bir qalaktikaya Ronaldonun ləqəbini veriblər – CR7. Qalaktikanın tam adı “COSMOS Redshift 7”dir. Qalaktika kainatdakı ən parlaq ulduzları ehtiva edən qalaktikalardan biridir. “Böyük parlayışdan qısa müddət sonra meydana gələn, ilk nəsil ulduzlardan bəzilərini təmsil edən, parlaqlığı və nuru ilə özündən əvvəl yarının qalaktikalardan fərqlənən “COSMOS Redshift 7” yerlə göyün arasında Kriştiano Ronaldo adlı ulduzun, futbol əfsanəsinin əzəmətini, mahiyyətini özündə ehtiva edir.

Qan və sümük iliyi bağışlayan, “Donor” kimi gündəm olan Ulduz
Futbolun əfsanəsi, nağılı, möcüzəsi sayılan Ronaldonun sərvəti kimi mükafatları da çoxdur. Olduqca çox. 2008-ci ildə “Qızıl top” mükafatı ilə başlayan, şöhrət çəngilinin sırasına yazılan “Avropanın Qızıl Butsi”, PFA and FWA kuboklarından hesab olunan FİFA Pro İlin Futbolçusu, “World Socerr” İlin Futbolçusu, FVA İlin Futbolçusu, FİFA Riks mükafatlarının ilk qalibi kimi yüzlərlə mükafatlar, kuboklar alan Ronaldonun, hətta elə təltiflər var ki, onları bir neçə dəfə almaqla dünya rekordunu təzələyib.
Dünya şöhrətinə, ulduz ömrünə, Qalaktikaya çevrilən əfsanə dünyasına baxmayaraq Kriştiano Ronaldo sağlam həyat tərzi ilə nümunədir. “Şəxsi həyatı” ilə deyil, xeyirxahlıq, yaxşılıq dolu dünyası ilə gündəm olan ulduz heç vaxt içib əylənməyi sevməyib. 20 yaşından spirtli içkidən, alkoqol məmulatlarından uzaq duran Ronaldo sağlam qan və sümük iliyi bağışlayan donor kimi də bir ilkə imza atıb.
“Cristino Ronaldo Fondation” Əfsanənin möcüzəsi
O bu dünyaya əfsanə olaraq gəldi. Tanrı möcüzəsi ilə müjdələndi. Bataqlıqda, iflasın, səfalətin içində doğuldu. Əzmin, iradənin, xarakterin dönməzliyi, əyilməzliyi, Ana Sevgisi ilə Əfsanə oldu. Futbolu siyasətin, özü də dünya siyasətinin sütunu sayanlar üçün Kriştiano Ronaldo adı, imzası bir səfir, elçidir. Şöhrətin ünvanı olan əfsanə məhəbbətin, mərhəmətin ünvanı kimi 2015-ci ildə təsis etdiyi “Kriştiano Ronaldo Fondu” ilə yaşıl sahədən qayğıya ehtiyacı olan insanların var olduğu solan dünyaya körpü salıb. Ehtiyacı olan uşaqlara yardım, dəstək fondu kimi nəzərdə tutulduğu fondun arealı genişlənib. Ayrı-ayrı ölkələri, dövlətləri çevrələyib.
Pakistanda hər il on minlərlə insanın ölümünə səbəb olan çirkli və zəhərli sulardan təmizlənməsi üçün qurulan anbarın qurulması üçün 15 milyon funt-sterlink ayıran, “Altın Ayaqqabı Ödülü”nü bir milyon beş yüz min avroya sataraq əldə etdiyi gəliri Fələstin də daxil olmaqla dünyanın 66 ölkəsində 167 məktəbin qurulmasına sərf edən, 12 yaşında səfalət içərisində olduğu zamanlarda, küçələrdə süpürgəçilik etdiyi illərdə hər gün ona bir qamburgeri elə-belə, pulsuz-parasız verən köşk sahibini uzun axtarışlardan sonra tapıb bir milyon avro bağışlayan Ronaldo xeyirxahlıq, yaxşılıq dolu dünyası, məhəbbət və mərhəmət hissi, duğusu ilə belə bir əfsanə, möcüzədir. O səfalətin doğurduğu, zəhmətin böyütdüyü, şöhrətin uclatdığı bir ucalıqdır. Onu ucaların Ucası Ulu Tanrı sevgidən yaratdı. Adına Əfsanəm, Möcüzəm dedi. Sağ ikən Qalaktikaya dönmək də, ulduz olub parlamaq da, bir tikə çörəyin “qamburgerin” haqqını unutmamaq da, damarda qana, sümükdə iliyə, əbədi sevgiyə dönmək də, ürəyinin təpəri, dizinin gücü, qüdrəti ilə xaruqələr yaratmaq da “Altı Ayaqqabı”lı adamın – Kriştiano Ronaldonun Tanrıdan tale payı, alın yazısıdır.

Şərəf Cəlilli