Nəşr edilmişdir 09/25/2024

Paylaşın

ETNOQRAFIYA

“Rahət ola məclisi-meyxanəmiz…” Meyxana sənətinin tarixinə baxış

Son vaxtlar Azərbaycan media mühitində, televiziya efirlərində ən çox mübahisə doğuran mövzulardan biri də meyxana sənəti ilə bağlıdır – daha doğrusu, meyxananın sənət olub-olmaması…

Bir qisim sənət adamları, ziyalılar, şairlər az qala əllərinə qılınc alıb meyxanaya hücum çəkirlər. Onun sənət olmadığını, xalqın ədəbi zövqünü korladığını sübut eləməyə çalışır. Meyxanasevərlər isə əllərinə qalxan alıb meyxananı cidd-cəhdlə müdafiə edirlər. Onun bu xalqın milli mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunda israr edirlər.

Qəribədir, çox yox, 25-30 il əvvəl meyxana sənəti, ümumiyyətlə, yada düşmürdü. Öz ömrünü yaşayıb başa vuran xalq sənətlərindən biri hesab olunurdu. Bəli, həqiqətən də, ötən əsrin 90-cı illərinin sonlarında Bakıdakı meyxana ustalarının sayı heç on nəfəri keçmirdi. Əksəriyyəti də yalnız bir kəndin – Maştağanın yetirmələri idi.

Abşeron toylarında meyxana sənəti sevilsə də, demək olar ki, bu arealdan kənara çıxmırdı. Hamı köhnə dövrün qalığı hesab olunan bu sənətin yaxın illərdə tamamilə yaddan çıxacağını düşünürdü.

Qeyd edim ki, bu fikir təkcə meyxana sənətinə yox, muğama, aşıq sənətinə, qəzəl ədəbiyyatına da aid edilirdi.

Lakin XXI əsrin əvvəllərində Azərbaycan xalqı elə bil yenidən öz milli-mənəvi dəyərlərinə qayıdış dövrü yaşamağa başladı. Muğam, aşıq sənəti, əruz ədəbiyyatı yenidən dirçəldi.

Eyni hal meyxana sənətində də müşahidə olunmağa başladı. Qısa bir müddətdə xeyli sayda gənc meyxanaçılar, bədahətən söz deyənlər çoxaldı, bu sənətin müxtəlif yeni istiqamətləri meydana gəldi, yenidən populyarlaşdı. Artıq təkcə Bakıda yox, bütün Azərbaycanda sevilməyə başladı.

Bəs nədədir meyxana sənətinin sirri? Nəyə görə heç bir xüsusi məktəbi olmayan bu xalq sənəti qloballaşmanın bu aktiv fazasında da meydandan sıxışdırılıb çıxarıla bilmədi, əksinə, geniş xalq kütlələri arasında daha da populyar oldu?

Məncə, bunu araşdırmaq üçün ilk olaraq bu sənət növünün tarixinə baş vurmaq lazımdır.

Bədahətən söz demək ənənəsi Şərq poeziyasının ən qədim dövrlərində mövcud olub. Hətta Cahiliyyə dövrünün ərəb poeziyasından dövrümüzə gəlib çatan nümunələrinin əksəriyyətinin məhz bədahətən deyildiyi, sonradan kağıza köçürüldüyü barədə fikirlər də mövcuddur.

Azərbaycan poeziyasında da bu ənənə olub. XIX  əsrin ortalarında yaranmış ədəbi məclislərdə daha da inkişaf edib. Sadəcə, onda şairlər qəzəl-qəsidə formasında beytləşirdilər.

Eyni zamanda klassik aşıq yaradıcılığında da deyişmə, bağlama, qıfılbənd kimi formalar mövcud idi. El şənliklərində aşıqlarımız bədahətən qoşmalar deməklə bir-birini bağlamaq və sazını əlindən almağa çalışırdılar.

Qısa ölçülü dördlük-beşlik formalı, vaygirəli deyişmələr isə daha çox Mirzə Ələkbər Sabir yaradıcılığının təsiri altında yaranıb. Həqiqətən də, Sabirin bir çox satirik şeirlərini oxuyanda sanki müasir meyxana kimi ritmik və oynaq meyxana təəssüratı yaranır.

İntilegentik, gəzərik naz ilə,

Ömr edərik nəşeyi-dəmsaz ilə.

Həftədə bir dilbəri-tənnaz ilə,

Rahət olub işləri səhmanlarıq,

Ay bərəkallah, nə gözəl canlarıq.

Və ya

Ax necə kef çəkməli əyyam idi,

Onda ki övladı vətən xam idi.

Öz həqi-məşruini bilməzdi el,

Çöhreyi-hürriyyətə gülməzdi el,

Gözlərini bir kərə silməzdi el,

Daim eşitdikləri övham idi,

Ax necə kef çəkməli əyyam idi.

Bu şeirləri elə kitabdan da oxuyanda qısa misraların ritmik üslubu əruz vəzninin oynaqlığı qəribə bir musiqili avaz təəssüratı yaranır. XX əsrdə istifadə olunan əsas meyxana forması da məhz bu onbirlik forma idi. Qısa, oynaq, ritmik şeir forması bədahətən söz qoşmağa daha çox uyğun gəlirdi.

Meyxana sənətində deyişmə və bağlama xüsusi önəm kəsb edirdi. Hər meyxanaçı rəqibin ona atmacalarını, iynəli sözlərini dəf etməyə çalışırdı. Əvəzində əks-hücumu keçərək onu sözlə bağlamağa cəhd edirdi.

Onu da qeyd edim ki, ötən əsrin ortalarında meyxana ustaları həm də müxtəlif formalı qəzəllər, satirik şeirlər yazırdılar.

Əlağa Vahid, Hacı Kazım, Ağahüseyn Maştağalı, Ağasəlim Çildaq, Rəhim Saraylı və başqa şairlər ötən əsrin ortalarında həm də Bakının el şənliklərində bədahətən meyxana deməklə xalqın sevgisini qazanmışdılar. 

Lakin əsrin sonlarında, yuxarıda qeyd etdiyimiz kimi, meyxana sənəti də tənəzzül dövrünü yaşayırdı, Ağasəlim Çildaq, Vüqar Maştağalı, Molla Məmməd, Kərim, Ağamirzə, Vüqar Əbdülov, Məşədibaba, Nizami Rəmzi və bir neçə başqa meyxana ustası ilə məhdudlaşırdı. Bu sənətin davamçıları, demək olar ki, yox idi.

Lakin yeni əsrin əvvəllərində meyxana sənətində yeni təşəkkül dövrü başladı. Bunda ANS telekanalının “De gəlsin” layihəsi xüsusi rol oynadı. Məhz bu layihə zamanı bədahətən söz deyə bilən, deyişmədə mahir ustalıq nümayiş etdirən xeyli sayda gənc ortaya çıxdı.

Son zamanlar isə internet şəbəkələrinin inkişafı, videoçarxların onlayn platformalarda asan yayılması meyxana sənətinə də növbəti bir təkan vermiş oldu. İstər “TikTok” platformasında, istərsə də yutubda meyxana deyişmələri aktiv şəkildə yayılır, özünə yeni fanatlar toplayır.

Meyxana tarixi üzərində qısa ekskurs edəndən sonra yenə də əvvəlki sualın üzərinə qayıdıram. Nədədir meyxananın sirri? Niyə müasir dövrdə bu qədər geniş xalq kütlələri, ələlxüsus gənclər tərəfindən sevilir?

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca