Nəşr edilmişdir 09/24/2024

Paylaşın

MEMARLIQ

Lev Landau və Rixard Zorgenin atalarının mühəndis kimi çalışdıqları Balaxanı: keçmişi və bu günü

Əsrarəngiz tarixə malik olan Balaxanı kəndi Abşeron yarımadasında yerləşən ən qədim yaşayış məskənlərindən biridir. Bakıda neft sənayesinin ilkin fəal yüksəlişi məhz bu ərazilərdə baş verib. Sonradan qəsəbəyə çevrilmiş bu yaşayış məntəqəsi hazırda turistik məkan kimi ziyarətçilərin diqqətini cəlb edir. Müxtəlif dövrlərdə Balaxanı kəndi böyük əhəmiyyət kəsb edən hadisələrin şahidi olmuşdu. Orta əsrlərdə Balaxanı Böyük İpək Yolunun mühüm məntəqələrindən biri idi. Müasir dövrə gəlib çatan Orta əsr memarlıq abidələri Balaxanının əfsanəvi və parlaq keçmişi haqqında ətraflı bəhs edir. Burada iyirmidən çox tarixi-memarlıq abidəsi, o cümlədən məscid, ovdan, hamam və karvansara var.

Balaxanının ən maraqlı abidələri 1635-1636-cı illərdə tikilmiş Şah Səfi karvansarası, həmçinin daş özülünə aparan qırx pilləkəni olan ovdandır. Qədim dövrdə Balaxanı əhalisinin içməli suya tələbatını XIV əsrə aid yeraltı su anbarı ödəyirdi.

Balaxanıda dərinliyi 30 metrə çatan və 1735-ci ildə təsvir edilmiş 52 neft quyusu var idi. Burada alınan məhsul ilk vaxtlarda vedrələrin köməyi ilə yerin səthinə qaldırılırdı. Məhz buna görə Rusiya imperiyasında ilk neft kəməri 1878-ci ildə Balaxanıda yaradılıb. Kəmərin layihəsini məşhur rus mühəndisi Vladimir Şuxov tərtib etmişdi. Tikinti üçün o dövrün bir çox texniki yeniliklərindən istifadə olunmuşdu. İlk silindrik formalı neft saxlama çənləri də Balaxanıda qurulmuşdu.

1837-ci ildə dağ-mədən mühəndisi Nikolay Voskoboynikov Balaxanıda ilk dəfə nefti fraksiyalara ayıran zavod yaratmışdı. Yüngül neft məhsulları müalicəvi vasitə kimi istifadə edilirdi. Həmçinin belə fraksiyalardan boya həlledicisi və işıqlandırma üçün istifadə edilən kerosin alınırdı. XIX əsrin ortalarında kerosinə çoxalan tələbat neft hasilatının da kəskin artırmış və bu da gəlirlərin yüksəlməsinə səbəb olmuşdu.

Bu prossesin nəticəsində Balaxanı kəndi genişlənərək əhalisi də qısa zamanda artmağa başlamışdı. Əgər 1816-cı ildə burada 792 nəfər sakin qeydə  alınmışdısa, 1912-ci ildə əhalinin sayı 6578 nəfərə çatmışdı. Kənd camaatının əksəriyyəti neft mədənlərində və kerosin zavodlarında fəhlə kimi çalışırdı.

Neft hasilatının kəskin surətdə artması kəndin görkəmini dəyişdi. Kiçik Orta əsr kəndindən böyük bir qəsəbəyə çevrildi. İri daş evlər inşa edilməyə başlandı. Binaların üz tərəfləri nəfis şəkildə bəzədilir, bağ sahələri salınırdı. Fəqət kəndin məhdud sahəsi tikinti işlərinin tam uğurla keçirilməsinə imkan vermədi və uğur qazanmış yerli sahibkarlar Bakıya köçdülər. Nəticədə Balaxanı Orta əsr planını və abidələrini, üstəlik alçaq tikililəri və daşla döşənmiş dar küçələri ilə tipik Abşeron kəndinin özünəməxsus simasını və əhvali-ruhiyyəsini qoruyub saxladı.

İndiki dövrdə Balaxanı kəndində qədim və müasir tikililər bir-birini nəfis şəkildə tamamlayaraq vahid memarlıq ansamblı yaradır. Bu yaşayış məskəni Abşeron memarlıq məktəbinin parlaq nümunəsidir: yastı damlar, dar küçələr, əsas ictimai infrastruktur obyektləri ətrafında nizamsız qruplaşdırılmış həyətlər sistemi. Orta əsrlərə aid hamam və məbədgahın xarabalıqları, köhnə məscidlər, yeraltı su anbarı – ovdan, böyük şair Mirzə Ələkbər Sabirin abidəsi, karvansara və Şakir ağanın məqbərəsi əsrlər boyu inkişaf etmiş böyük tarixi-memarlıq ansamblının elementlərini təşkil edir. Bir-iki mərtəbəli binalar çox vaxt nəfis çalarları olan oxra rəngi ilə boyadılıb, milli ornamentlərlə bəzədilirdi. Balaxanı qəsəbəsinin mərkəzindəki evlərin əksəriyyəti bərpa olunaraq tarixi görkəmi özünə qaytarılıb.

Məhz burada fotoqraf Aleksandr Mişon əfsanəvi “Balaxanı yatağında neft fontanı” adlı əsərini çəkib. Bu qəsəbə imperator III Aleksandr, İosif Stalin, Mirzə Ələkbər Sabirin və şeirlərində Balaxanını tərənnüm edən şair Sergey Yeseninin gəzdiyi tarixi yerdir. Nobel mükafatı laureatı fizik Lev Landau və məşhur kəşfiyyatçı Rixard Zorgenin ataları burada mühəndis kimi çalışıblar.

Bu gün Balaxanı turizm mərkəzi kimi yenidən canlanır. Keçmişdə neft mədənlərinin hökmranlıq etdiyi qəsəbə yeni populyar turistik məkan olaraq maraq doğurur. Bərpa olunmuş səkilər, yaraşıqlı evlər, küçələr və tarixə qərq olunmuş müasirlik – budur müasir Balaxanı. İndi Balaxanının qonaqları təkcə paytaxt sakinləri deyil, həm də onun tarixi və əsrarəngiz yerlərinin mehmanlarıdır.

Related Stories

Rüstəm Hüseynov ―AMEA Arxeologiya və Antropologiya İnstitutunun işçisi, tarix, təhsil və bədii sənət layihələrin kuratoru, sənədli film rejissorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib.Baki-baku.az bu

XƏBƏRLƏR

Gözəl görünmək və sağlam olmaq üçün arıqlamaq, demək olar ki, hər bir kəsin arzusudur. Bundan

XƏBƏRLƏR

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı