Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/23/2025

Paylaşın

GÜNDƏM

Nəbatat Bağında dezinfeksiya işlərinin insan sağlamlığına təsiri varmı? – Baş aqronomdan açıqlama

Nəbatat Bağında dezinfeksiya, Mərkəzi Nəbatat Bağı, Dezinfeksiya

Son zamanlar Mərkəzi Nəbatat Bağında, xüsusilə bağın piknik zonasında bəzi ziyarətçilərin həşəratlar tərəfindən dişlənməsi ilə bağlı mətbuatda məlumatlar yayıldı. Daha sonra cari işlər çərçivəsində Nəbatat Bağında dərmanlama və dezinfeksiya işlərinə başlandı və bunun da insanlarda səpkilər yaratması ilə bağlı fikirlər səsləndirilməyə başlandı.

Baki-Baku.az olaraq hadisənin araşdırılması məqsədilə Mərkəzi Nəbatat Bağına üz tutduq. Bağın baş aqronomu Anar Səlmanzadə məsələ ilə bağlı suallarımızı cavablandırdı:

“Mərkəzi Nəbatat Bağı zəngin flora və faunaya malikdir. Burada həşəratların, zərərvericilərin, faunaya aid olan canlıların mövcudluğu normaldır. İnsanlar regionlara, kəndlərə istirahətə getdikdə meşə və bu tipli ərazilərdə istirahət zamanı onların hər hansı həşərat tərəfindən dişlənməsi mümkündür. Həmin hadisələrin Mərkəzi Nəbatat Bağında da baş verməsi normal təbiət hadisəsidir. Floranın zənginliyi burada müxtəlif növ həşəratların olmasını qaçılmaz edir”.

Onun sözlərinə görə, bağda bu cür həşəratlara qarşı mütəmadi olaraq mübarizə tədbirləri aparılır: “Son dövrlərdə Nəbatat bağının piknik zonasında zərərverici həşəratların olması ilə bağlı müraciətlər daxil olduğu üçün bu istiqamətdə də tədbirlər görməyə başladıq. Biz burada üç mərhələdən ibarət tədbirlər həyata keçirdik. Son apardığımız dezinfeksiya işləri gözlə görülə bilən, iri həşəratlarla, zərərvericilərlə mübarizə üçündür. Bu cür həşəratlar daha çox qurumuş ağaclarda, onların qabığında mövcud olur ki, oradan yayılma ehtimalı yaranır”.

Aparılan dezinfeksiya və dərmanlama işlərinin insan sağlamlığına hər hansı ziyan törətməsi məsələsinə də aydınlıq gətirən Baş aqronom bunun mümkün olmadığını bildirdi: “Bu, nəinki səpki və gözlə görünən digər fəsadlara yol açmır, hətta daxili fəsadların belə, yəni ürəkbulanmasının, başgicəllənmənin də olması ehtimalı yoxdur.

Bundan əlavə dərmanlama açıq havada aparıldığı üçün 10-15 dəqiqə sonra onun buraxlanması baş verir. Biz bu işləri səhər saat 5 və ya 6-da həyata keçiririk. Yəni Mərkəzi Nəbatat Bağı ziyarətçilərə qapısını açdıqda artıq dərmanlama prosesindən 3-4 saat keçmiş olur. Bu səbəbdən də hər hansı xoşa gəlməz hadisə ola bilməz. Həmçinin burada istifadə olunan dərmanlar dövlət reyestrindən keçən, icazə verilən dərmanlardır və epidemiologiya mərkəzlərinin nəzarətindədirlər. Onlar qadağan edilərsə bundan istifadə etməyimiz mümkün deyil”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Манжетная пуговица (запонка) – это не просто аксессуар