Sentyabrın 10-12-də Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca 2-ci “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək.
Baki-baku.az xəbər verir ki, Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır. Tədbirin keçilməsində əsas məqsəd su təsərrüfatı sahəsinin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, eləcə də maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdir.
“Baku Water Week” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Eyni zamanda, “Baku Water Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.
“Baku Water Week”in aktuallığını və sahə üçün əhəmiyyətini Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power”in bu tədbirin baş sponsoru qismində çıxış etməsi də göstərir.
Bakı Su Həftəsində su ehtiyatlarının idarə edilməsi, sudan səmərəli istifadə, qlobal iqlim dəyişikliyi, su təhlükəsizliyi, su təsərrüfatı sahəsində innovativ yanaşmalar, su diplomatiyası, eləcə də yeni su texnologiyaları və təcrübələri kimi mövzular gündəmdə olacaq və sahə ilə bağlı mühüm təşəbbüslər yer alacaq. Eyni zamanda, tədbir çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçiriləcək.