Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

GÜNDƏM

“Çoxu uydurma rəqəmlərdir, reallıqda daha aşağı qiymətlərdir” – məşhur bloqer İsmayıl Hüseynli ilə açıq söhbət

20250819_091807

Baki-baku.az-ın bugünkü qonağı gözəllik və sağlamlıq paylaşımları ilə tanınan, məşhur bloqer İsmayıl Hüseynlidir.

– İnsanlar – izləyicilər bloqerlərə çox inanır, sizcə, bundan doğru-düzgün neçə istifadə etmək lazımdır?

– XXI əsrdə sosial şəbəkələrin və ümumiyyətlə internetin bu qədər üst səviyyəyə çatdığı, süni intellektin bu qədər inkişaf etdiyi bir dövrdə, təbii ki, insanlar internet vasitəsilə daha çox məlumat almağa üstünlük verir, nəinki kitabxanaya getmək. Mən sosial şəbəkə hesabımdan çalışıram insanlara həyat, motivasiya, sağlamlıqla bağlı faydalı məsləhət və tövsiyələrimi paylaşım ki, onlar həm sağlam, həm gözəl, həm güclü, həm də dünyagörüşlü olsun. İnsanlara məsləhətim odur ki, gördükləri hər paylaşıma inanmasınlar. Təəssüf ki, hər kəs işini vicdanla görmür. Amma əgər uzun müddət bir bloqeri izləyiblərsə, onun paylaşımlarından fayda görüblərsə, o adam işinin peşəkarıdırsa, mütəxəssisidirsə, o zaman ona inana, paylaşımlarından yararlana bilərlər. Ən azından bir yoxlaya bilərlər. Lakin yenə də qeyd edirəm, həmin bloqer işi ilə, əməli ilə özünü sübut etmiş biri olmalıdır. İstər sosial şəbəkədə, istərsə də real həyatda hər qarşınıza çıxan insana inanmaq olmaz.

– Siz sağlamlıq, gigiyena məsələlərinə daha çox üstünlük verirsiz. İnsanlara təmənnasız xidmət edirsiz. Necə oldu ki siz şəxsi mənafeni yox, məhz bu sahə üzrə bloq aparmağa üstünlük verdiniz?

– Mən ideyaya önəm verirəm, ideyadan ötrü yaşayıram. Əgər bir insan işi pula görə edirsə, yəni əsas məqsədi puldursa, o işdə maksimal dərəcədə uğur qazanmaq mümkün deyil. Əlbəttə ki, hər bir kəs yaşamaq üçün pul qazanmalıdır, amma işdə əsas pul olmalı deyil. Əgər insan qarşısına böyük məqsədlər qoyubsa, çox yüksək pillələrə qalxmaq istəyirsə və o işdə istər dünyada, istərsə öz ölkəsində “nömrə 1” olmaq istəyirsə, ideyada ötrü yaşamalıdır, ona xidmət etməlidir. O zaman artıq insan uğura nail olur. 5-6 il öncə bu işə başlayanda məqsədim bildiklərimi sosial şəbəkə hesablarımda paylaşmaq idi. Heç ağlıma da gəlmirdi ki, bu qədər həm Azərbaycanda, həm də dünyada tanınaram. Amma belə bir istəyim və məqsədim də var idi, təbii ki. Tanınmağın bir çox yolları var. Hərə bir yolla tanınır və bunun iki qolu var: müsbət və mənfi. Yəni kim isə cəmiyyətə, insanlara faydalıdır, kim isə faydasız. Və hərənin öz auditoriyası var. Mən faydalı olmağı, insanların sevgisini qazanmağı, həm də dövlətimə faydalı olmağı seçdim. Çünki hər bir vətəndaş özündən savayı, dövlətinə də faydalı olmağı düşünsə, bunun böyük bir xeyri olar. Necə ki, idmançılar Azərbaycanın bayrağını yarışlarda göylərə qaldırırlarsa, orada Azərbaycanın adı çəkilirsə, mən də İsmayıl Hüseynli olaraq, sosial şəbəkələrdə bütün dünyada izlənilirəm və hər dəfə qeyd edirəm ki, mənim adım İsmayıl Hüseynlidir və mən azərbaycanlıyam. Beləliklə, mən bununla milyonlarla izləyiciyə Azərbaycanı tanıdıram və bununla fəxr edirəm. Bunlar qlobal məqsədlərdir. Bu artıq ideyadır. Və insan ali pillələrə çatdıqca pul da gəlir. Amma insanın məqsədi sırf pul olanda uğurun yüksəyinə qalxa bilmir.

– Son zamanlar bloqerlərin səhifələrində reklamı üçün təyin etdiyi böyük məbləğlər ortaya çıxıb. Sizcə, bunlar hansı meyarlarla təyin edilib? Və bu qiymətlərin belə olması nə qədər düzgündür?

– O məsələyə mən müdaxilə edə bilmərəm. Necə ki, dünyanın hər bir yerində populyar müğənnilər, aktyorlar və s. var, o cür də son illərdə bu sıraya bloqerlər də qatılıb. Həmin ulduzların müəyyən etdiyi qonorarlar var və bu normaldır. Bu işdə hər kəs azaddır. Yəni heç bir dünya ulduzuna demək olmaz ki, başqası filan qədər qonorar istəyir, sən bu qədər. Bu, fərdi məsələdir. Ona görə də istər dünyada, istərsə də bizdə hər bir tanınmış insan özünə özü uyğun bildiyi bir məbləği qonorar təyin edib. İstəyən əməkdaşlıq edir, istəməyən yox. Eşitdiyim qiymətlərlə bağlı deyə bilərəm ki, çoxu uydurma rəqəmlərdir və həmin göstərilən qiymətlərlə fəaliyyət göstərmir, reallıqda daha aşağı qiymətlərdir. Yenə də deyirəm, bloqerin milyonlarla izləyicisi də ola bilər, yüzminlərlə də, minlərlə də. Buna uyğun, yəni izləyici sayına uyğun olaraq məbləğ təyin edilir, əslində. Buna uyğun əməkdaşlıq qiyməti dəyişir. Üstəgəl məşhurluq səviyyəsinə görə də qiymətlər fərqli müəyyənləşir. Ola bilər ki, bloqer təkcə Azərbaycanda çox populyar olsun, ola bilər ki, dünyada. Bu da mütləq şəkildə qiymətlərə təsir edir. Qısası, bunu demək istəyirəm ki, burada qəbahətli bir şey yoxdur. O insanlar da əziyyət çəkir, müqabilində pul qazanır.

– Sizcə, günə gözəl başlamaq üçün sağlamlıq naminə Bakının hansı parkında yürüş və idman etmək daha yaxşıdır?

– Mən Bakıda doğulmuşam, boya-başa çatmışam. Bakı mənim üçün çox əzizdir və Bakımın hər yerini, o cümlədən bütün parklarını çox sevirəm. Gündəlik yürüş etməyi çox sevdiyim üçün bütün parkları gəzmişəm. Son illərdə “Gənclik” parkı, Dədə Qorqud parkı, Dənizkənarı milli park… hamısını çox sevirəm. Təəssüf ki, son illərdə Azərbaycanda az oluram. Amma burda olduğum müddətdə parklar istirahət və yürüş üçün əvəzolunmazdır.

– Və sonda.. bizim rubrikamızın ənənəvi sualı

– Siz sonuncu dəfə Bakımız üçün nə etdiniz?

– Bakı mənim dünyada ən çox sevdiyim şəhərdir. Nəinki Bakı, həmçinin Azərbaycan, eləcə də dünya üçün maraqlı kontentlər paylaşmağa çalışıram. İstəyirəm ki, izləyicilərim paylaşımlarımdan sağlamlıq, idman, gözəllik baxımından faydalar götürsünlər.
Əvvəlki suala cavab verəndə bunun pullu olmasını normal olduğunu qeyd etsəm də, özüm bunu pulsuz, tam təmənnasız edirəm. Bu mənim ideyamın əsasıdır.
Qeyd edim ki, əvvəllər ancaq Azərbaycan dilində – ancaq öz ölkəmizin seqmenti üçün, sonra MDB ölkələrinə çıxmaq üçün rus dilində, indi də dünya üçün 3 dildə – Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edirəm. İstəyirəm ki, bütün dünyada İsmayıl Hüseynli Azərbaycan övladı olaraq tanınsın.
Yenə də qeyd edirəm, qarşınıza böyük məqsədlər qoyun, böyük ideyaların arxasınca gedin, özünüzə inanın. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Beyinizdə təkcə biznes, pul, qazanc olsa, çox da irəli gedə bilməyəcəksiniz. Əsas ideyadır. O isə uğur gətirir.

Söhbətləşdi: Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Сегодня слово «газета» звучит привычно и буднично. Но его корни уходят в таинственные улочки Венеции