XIX əsrdə Bakı sürətlə inkişaf edərək vilayət şəhərindən sənaye mərkəzinə çevrilirdi. Bakıda neft sənayesinin və teatr mədəniyyətinin inkişafı ilə yanaşı daha da qiymətli bir ideya olan bərabərlik və maarifçilik ideyası doğulurdu. Böyük şəxsiyyət olan bakılı Hacı Zeynalabdin Tağıyev həmin dövrdə bir çoxlarının dillinə gətirməyə belə cəsarət etmədiyi ideya barədə düşünürdü: savadlı nəsli yalnız savadlı qadın yetişdirə bilər. Tağıyev, qadının maarif səviyyəsini yüksəltmək üçün ciddi addımlar atmağa başladı.
Məhz buradan Şərqdə ilk müsəlman qız məktəbinin – Avropa tipli təhsil müəssisəsinin – tarixi başladı. Tağıyev III Aleksandra müraciət edərək Bakıda müsəlman qızları üçün məktəb açmağa icazə istədi, lakin qətiyyətlə rədd cavabı aldı. İmperator bu məsələyə başqa dəyərlərlə yanaşırdı, azərbaycanlı qadınların maarif səviyyəsi onu maraqlandırmırdı.

Tağıyev də öz növbəsində qərarında tez dönən və geri çəkilən biri deyildi. II Nikolayın taxta çıxacağı ərəfədə, onun taxt-tac mərasimi münasibətilə Tağıyev bir senator vasitəsilə İmperatriçə Aleksandra Fyodorovnaya çox qiymətli hədiyyə göndərərək Bakı müsəlman qız məktəbinin açılmasına kömək etməsini xahiş etdi. Ustalıqla siyasi fənd işlədən Tağıyev məktəbə imperatriçənin adının verilməsini də təklif etdi. İki il sonra, 1896-cı ildə tikintiyə icazə alındı.
Tağıyev həm də bilirdi ki, təkcə bu icazənin alınması məsələnin tam həll olunması deyil. Dini çevrələrdə bu ideyaya qarşı çıxacaq şəxsləri yumşaltmaq üçün Tağıyev ağıllı bir addım atdı: etibar etdiyi bir mollanı Həcc ziyarətinə göndərərək islam dünyasının böyük dini alimlərindən yazılı fətvalar əldə etdi ki, qızların oxudulması İslamın qaydalarına zidd deyil. Bununla əsrlər boyu davam edən bir maneə aradan qaldırıldı.

Məktəbin layihəsini hazırlamaq üçün Tağıyev görkəmli polyak memarı Yozef Qoslavskini – gələcək Bakı Dumasının (Baksovet) müəllifini – dəvət etdi.
1898-ci ildə Qoslavskinin layihəsi ilə binanın tikintisinə başlandı və o, tezliklə Bakının memarlıq incilərindən birinə çevrildi. 1901-ci ildə məktəb öz qapılarını qadınların üzünə açdı. Geniş sinif otaqları, laboratoriyalar, dünya klassikası ilə zəngin kitabxana, teatr tamaşaları və müxtəlif dərnəklər yeni imkanların və azad düşüncənin atmosferini yaradırdı. Burada qızlara yalnız savad deyil, həm də elm, ədəbiyyat, evdarlıq, estetika və gigiyena öyrədilirdi.

Məktəbin açılması xəbəri ildırım sürəti ilə bütün Bakıya yayıldı və hər yerdə müzakirə olunurdu. Binanın xarici görünüşü uzaqdan diqqəti cəlb edirdi. Daxildə isə geniş, işıqlı, hündür tavanlı otaqlar isti yay günlərində belə sərin olurdu.
Birinci mərtəbədə sinif otaqları, laboratoriyalar, oxu zalı və qəbul otaqları yerləşirdi. İkinci mərtəbədə isə yeməkxana, mətbəx, yataq otaqları, müəllimlər otağı (bütün müəllimlər qadın idi), həkim və direktor kabinetləri, namaz otağı vardı. Həyətdə isə hamam, kiçik xəstəxana, camaşırxana yerləşdirilmişdi və gözəl bir bağ salınmışdı.

Kitabxananı xüsusilə qeyd etmək lazımdır. Bu kitabxanın yaradılması üçün Tağıyev öz sərvətini əsirgəməmişdi: orada rus, Avropa və Şərq klassikləri, həmçinin “Molla Nəsrəddin” kimi dövrünün maarifləndirici jurnallarını tapmaq olardı.
Aleksandriya adı verilən məktəb Azərbaycanda tamamilə yeni tipli təhsil ocağına çevrildi. Onun məzunlarından biri – Nabat Nərimanova – sonradan belə deyirdi: “Bakıdakı qadın məktəbi təkcə Rusiya imperiyasında ilk belə məktəb deyildi, bütün Yaxın və Orta Şərqdə, müsəlman dünyasında ikinci belə Avropa tipli məktəb yox idi.”
1913-cü ildə məktəb müəllimə seminariyasına çevrildi. Tağıyev hətta öz pasajını da (indiki M.Ə. Rəsulzadə küçəsində yerləşən) seminariyaya vermək istəyirdi, lakin Birinci dünya müharibəsi həmin planları yarımçıq qoydu. 1918–1920-ci illərdə isə həmin binada Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yerləşdirildi.

Sovet dövründə orada Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti fəaliyyət göstərdi. Sovet hakimiyyəti bu binanı uşaqlardan faktiki olaraq almışdı. Bütün sərvətini bolşeviklərə könüllü verən Tağıyev isə heç olmasa məktəbi qızlar üçün saxlamağı xahiş etsə də, buna nail ola bilmədi.
Bu gün həmin binada Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu yerləşir, lakin binanın divarları hələ də həmin dövrdə atılmış cəsarətli və möhtəşəm addımın ruhunu qoruyub saxlayır.
Zeynalabdin Tağıyevin Qızlar Məktəbi sadəcə təhsil müəssisəsi deyildi – onun istifadəyə verilməsi həmin dövrdə cəmiyyətə meydan oxumaq idi. Tağıyev məktəbinin yetirmələri sonradan ilk azərbaycanlı qadın müəllimələr, həkimlər, kitabxanaçılar, rəssamlar oldular. Onlar Azərbaycanın və bütün müsəlman Şərqinin tarixində yeni bir səhifə açdılar.

Hacı Cavadov