Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Baki-baku.az xatırladır ki, 1942-ci ildə Bakıda anadan olan Müslüm Maqomayev ilk dəfə 14 yaşında səhnəyə çıxıb. 19 yaşında Helsinkidə keçirilən gənclər festivalında, 1963-cü ildə isə Moskvada Azərbaycan Mədəniyyəti Günlərində çıxış edərək şöhrət qazanıb.
O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, “La Skala” teatrında təcrübə keçib, “Sevilya bərbəri” və “Toska” operalarından partiyalar hazırlayıb. 1966-cı ildə Parisin “Olimpiya” zalında ilk konsertini verib, 1969-cu ildə Sopot festivalında mükafat alıb.
1970-ci illərdə estrada musiqisinə keçən sənətkar SSRİ məkanında böyük populyarlıq qazanıb. Opera partiyaları, estrada mahnıları, klassik əsərlər və kino musiqiləri ilə sevilib. “Oxuyur Müslüm Maqomayev” film-konserti çəkilib, bir çox orden və medallarla təltif olunub.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Onun xatirəsinə abidələr ucaldılıb, yubileyləri müxtəlif ölkələrdə qeyd olunub.
Müslüm Maqomayev həm Azərbaycan, həm də dünya musiqi tarixində silinməz iz qoymuş unudulmaz sənətkardır.