Bu gün Azərbaycan üçün əlamətdar günlərdən biridir – milli valyutamız olan manatın dövriyyəyə buraxılmasının 33-cü ildönümüdür.
Baki-baku.az xəbər verir ki, manat ilk dəfə 1992-ci il avqustun 15-də tədavülə daxil edilib. Həmin dövrdə birinci pul emissiyası Fransa Mərkəzi Bankı tərəfindən hazırlanaraq ölkəmizə təqdim olunmuşdu.
Milli pul sisteminin formalaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı, habelə 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanı ilə rəsmiləşdirilmişdi. Nəticədə 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5–50 qəpiklik sikkələr, dekabrda isə 5 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız pul nişanları dövrəyə girdi. Bu dövrdə yeni dizaynla hazırlanan 1 və 10 manatlıq banknotlar da Fransa Mərkəzi Bankı tərəfindən istehsal edilmişdi.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat rublla (1 manat = 10 rubl) paralel şəkildə mövcud olub. Müstəqil pul siyasətinin həyata keçirilməsi üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi zəruri idi və bu məqsədlə ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli Fərmanı qəbul edildi. Bu Fərmanla manat rəsmi olaraq ölkənin yeganə ödəniş vasitəsi statusunu alaraq Azərbaycanı rubl zonasından çıxardı.
Nağd pul dövriyyəsinin tənzimlənməsi məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 min manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 min manatlıq banknotlar buraxıldı. 2001-ci ildə “De La Rue” şirkətinin hazırladığı yeni dizaynlı 1000 manatlıq əsginas neft mövzusuna həsr olunmuşdu.
1992-2005-ci illər ərzində Azərbaycan iqtisadiyyatının nağd pul tələbatını ödəmək məqsədilə ümumilikdə 692,5 milyon ədəd banknot buraxılaraq 5 trilyon 238 milyard manat həcmində vəsait dövriyyəyə daxil edilib. Köhnə nominallı banknotlar 2006-cı ilin sonuna qədər dövriyyədə qalıb və denominasiya çərçivəsində geri yığılıb.

2005-ci il 7 fevral tarixində imzalanmış Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən yeni manat sisteminə keçid edilib və 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Köhnə və yeni pullar 2006-cı il ərzində paralel dövriyyədə olub, 2007-ci ilin əvvəlindən isə tam olaraq yeni manata keçid başa çatdırılıb.
Yeni nəsil əsginaslar 1, 5, 10, 20, 50, 100 nominallarında, metal pul nişanları isə 1, 3, 5, 10, 20 və 50 qəpik kimi buraxılıb. Yeni banknotların dizaynı Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalinaya məxsusdur. Texniki parametrlər İsveçrə Milli Bankının dəstəyi ilə hazırlanıb.
2018-ci il mayın 23-də 200 manatlıq yeni əsginas təqdim edilib. Bu banknotun dizaynı ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən hazırlanıb və “Giesecke+Devrient” şirkəti tərəfindən istehsal olunub. Üzərində Heydər Əliyev Mərkəzinin görüntüsü, milli ornamentlər və xalça nümunələri əks olunub.
Hazırda Azərbaycan Mərkəzi Bankı pul nişanlarının mühafizə sistemlərinin müasirləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə tətbiq olunan ən son texnologiyalardan istifadə edir. Bu çərçivədə Mərkəzi Bankın 30 illiyi ərəfəsində “Qarabağ” mövzusuna həsr olunmuş yeni 20 manatlıq banknot tədavülə buraxılıb. Banknotun üzərində qılınc, dəbilqə, qalxan, Xarıbülbül və “Qarabağ” sözü əks olunub. Yeni 20 manatlıq əsginas mövcud nominallı banknotla paralel dövriyyədə qalacaq.
Bununla yanaşı, 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynı da Dövlət Gerbi və istehsal ili əlavə olunmaqla yenilənib və hazırkı pul nişanları ilə paralel şəkildə istifadədədir.
Azərbaycan Mərkəzi Bankı nağd pul dövriyyəsinin təhlükəsizliyini təmin etmək və gələcək tələblərə uyğunlaşdırmaq üçün pul nişanlarının mühafizə sistemlərinin təkmilləşdirilməsinə xüsusi önəm verməkdə davam edir.