Azərbaycan tarixin, mədəniyyətin və memarlığın iç-içə keçdiyi, daşlarının belə hekayə danışdığı bir məkandır. Sovet dövrü rejissorları ölkəmizdən çəkilişlər üçün tez-tez istifadə edirdilər. Xüsusən də bakı və İçərişəhərdə bir çox filmlər lentə alınırdı. Buradakı dar keçidlər, şəbəkəli eyvanlar, qədim qala divarları istənilən dövrə, istənilən coğrafiyaya uyğunlaşdırıla bilirdi. Bir səhnədə bura İstanbul, digərində Tehran, bəzən Buenos-Ayres, hətta adsız bir Şərq şəhəri, bəzən isə səhra olurdu. Qeyd edək ki, burada təkcə sovet istehsalı – “Mosfilm”in filmləri deyil. bir çox xarici filmlər də çəkilib.
“Amfibiya adam” – Bakı Buenos-Ayresin liman şəhəri kimi
1961-ci ildə çəkilən, rejissorları Gennadi Kazanski və Vladimir Çebotaryov olan bu fantastik film dövrünün ən qeyri-adi filmlərindən biri hesab olunurdu. Müxtəlif məkanlarda lentə alınan filmin əsərə əsasən Buenos-Ayresin liman səhnələri isə Azərbaycanda çəkilir. Və beləliklə, Bakıda, İçərişəhərdə lentə alınan həmin kadrlar ekran qarşısında filmi izləyən hər kəsə Bakı Argentina kimi təqdim olunur. Film, xüsusən də dəniz sahilləri tamaşaçıların xatirində gözəl iz buraxmaqla yanaşı, hələ də sevilir.
“Brilyant əl” – İçərişəhər İstanbulun qədim küçələri obrazında
Leonid Qaydayın 1968-ci ildə lentə aldığı bu məşhur komediyasında İstanbul kimi təqdim olunan bəzi səhnələr əslində Bakının İçərişəhərində çəkilmişdi. Yuri Nikulin yıxıldığı məşhur səhnəni xatırlayırsınız? Həmin dar küçə məhz İçərişəhərdədir. Filmin hazırlıq mərhələsində rejissor operator İqor Çernıx və filmin direktoru Arkadi Aşkinazi ilə birlikdə təbii çəkiliş məkanlarının axtarışı ilə də məşğul oldular — filmin yaradıcıları Özbəkistanda, Azərbaycanda və Krıma gedirlər. Müxtəlif yerlərə baxış keçirəndən sonra, İstanbul obrazı kimi Bakının təqdim olunmasına qərar verirlər. Və çəkilişlər burada – İşçərişəhərin dar küçələrində aparılır. Filmin çəkilməsindən 57 il keçsə də qəhrəmanın yıxıldığı küçədə insanlar şəkil çəkdirir, filmdəki həmin kadrı xoş təbəssümlə xatırlayırlar.
“Aybolit-66” – Astara Afrika havasında
Bütün sovet uşaqları tərəfindən sevilən bu film 1966-cı ildə Rolan Bıkov tərəfindən çəkilib. Zalım Barmaleyin sığınacağına məhz Bakı çevrilmişdi və məhz Bakıya uşaqları xilas etməyə mərhəmətli həkim Aybolit gəlmişdi. Bundan başqa, filmin Afrikanı təsvir edən səhnələri Azərbaycan, Abxaziya və Lyuberskin qum karxanalarında çəkilib. “Afrika” bataqlığına uyğun Astara bölgəsində tapılıb. Lakin bataqlıq zəli ilə dolu olub. Bu da çəkilişə xeyli maneə törədib. Amma buna baxmayaraq, film yüksək səviyyədə çəkilərək tamaşaçılara təqdim edilib.
“Başsız Atlı” – Xızının əsrarəngiz dağları filmin əsas rəngi kimi
Ən məşhur sovet filmlərindən biri olan bu film 1973-cü ildə kubalı kino işçiləri ilə əməkdaşlıqda Mayn Ridin eyni adlı romanı əsasında çəkilib. Ekran əsərinin rejissoru Vladimir Vaynştokdur. Qeyd edək ki, filmin səhnələri dünyanın müxtəlif guşələrində lentə alınıb. Hamını valeh edən dağlar və düzənliklər isə Azərbaycanda çəkilib. Xızı dağlarının xınalı boyası bu filmin əsas rənglərindən biridir.
“Tehran-43” – Alen Dolan və İçərişəhərlə yayılan məşhurluq
SSRİ, Fransa, İsveçrə və İspaniyanın birgə istehsalı olan “Tehran-43” filmi 1980-ci ildə çəkilib. Filmdə Tehran konfransı zamanı İkinci Dünya Müharibəsində Almaniyaya qarşı olan dövlətlərin rəhbərləri – İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin qətlinin hazırlanması planlaşdırılır. Filmin bir hissəsi Bakıda çəkilib, burada köhnə binalar xarici görünüşcə Tehrandakı evlərə bənzəyir. Əsasən kadrlar İçərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığında, Bakı dəmiryolu vağzalında, Neftçilər prospektində lentə alınıb. Məşhur fransız aktyoru Alen Delonun iştirakı filmin premyerasından xeyli əvvəl həm Fransada, həm də SSRİ-də marağı əhəmiyyətli dərəcədə artırdı. Film illər keçməsinə baxmayaraq, hələ də sevilir.
“Agent – 007” – Bibi-heybətdə şütüyən Ceyms Bond
1999-cu ildə rejissor Maykl Apdetin çəkdiyi dünyaca məhşur “Agent 007: Bütöv dünya azdır” – “Hollywood”un ən sevimli və nə baxımlı filmlərindən birinin də müəyyən kadrları Bakıda çəkilib. Renard adlı texnogen terrorçu planetin bütün neft ehtiyatlarını ələ keçirməyə imkan verən mürəkkəb bir sxem ixtira edir. Agent 007 insanlığın son ümidi olur. Missiya ona həm təhlükələr, həm də zövqlər vəd edir. Qəhrəman qarşısına çıxan düşmənlə amansız mübarizəyə hazır olmalıdır. Ceyms Bondun Azərbaycanda ilk dəfə göründüyü səhnə (öz “BMW Z8 ilə” neft quyuları ərazisində sürür) Bibi-Heybət qəsəbəsində çəkilib. Bu kadr hər bir kinosevər azərbaycanlı üçün çox böyük önəm daşıyır.
“Bremen musiqiçiləri” – Bakı musiqi məkanı kimi
Rusiya istehsalı olan bu film 2000-ci ildə ərsəyə gəlib. Və filmin rejissoru Aleksandr Abdullov idi. O, Qrimm qardaşlarının məşhur əsəri əsasında filmi çəkmişdi. Məlumata görə, Abdullov Bakını çox sevirdi. Çox güman ki, ölkəmizdə film çəkilişlərinin aparmasına həm də bu əsas səbəb olub.
Azərbaycan – kino yaddaşında yaşayan bir obraz
Bütün bu nümunələr sübut edir ki, Azərbaycan, xüsusilə də Bakı və onun mərkəzi – İçərişəhər həm tarix və mədəniyyət baxımından, həm də kino sənəti üçün əvəzsiz bir səhnədir. Müxtəlif dövrləri, coğrafiyaları və mədəniyyətləri canlandırmaq üçün buradakı məkanlar rejissorların təsəvvürünə geniş imkanlar açır. Bakı bəzən İstanbul, bəzən Buenos-Ayres, bəzən də Afrika ola bilir – bu da şəhərin kino dili ilə danışmaq bacarığının göstəricisidir. Azərbaycan kino yaddaşında yaşayan bir obrazdır.
Xanım Aydın