Müsahibimiz məşhur fotojurnalist Reza Deghatidir
– Fotolarınız dünyanın dörd bir yanında tanınır, çox məşhur bir fotoqrafsınız. Amma sizin həyatınız fotojurnalistikadan daha dərindir. Gərgin şəraitlərdə, çətin məqamlarda insanların əzab-əziyyətini çəkib, dünyaya çatdırırsınız. Siz bunu hansı səbəbdən edirdiniz? İnsanlar çətin əzablı anlarda hisslərini dahamı çılpaqlıqla büruzə verir? Yoxsa buun başqa bir səbəbi var?
– İncəsənətdə peşəkarlıq nədir? Kimdir peşəkar? Mən həmişə düşünmüşəm ki, yazıçı olsun, rəssam olsun, şair olsun, fotoqraf olsun, nə isə yaradırsa, o gərək bəşəriyyətin xidmətində olsun. Mən əslində memaram. 40 ildir ki, bu işi buraxıb fotoqraflıqla məşğulam. Parisdə qalsam, modelləri çəksəydim, reklam işə ilə məşğul olsaydım, çox zəngin bir adam olardım. Amma mən dağda-daşda, gülləbaran altında, məcburi köçkünlərin qaldığı yerdə şəkillər çəkmişəm. Niyə? Bunu özümə də sual vermişəm. Məncə, buna ən yaxşı cavab budur: mənim bir dənə fotom bir milləti tarixini yazdı. Foto dünyanın ən yüksək incəsənətidir. Oxuyan azdır, hər oxuyan öz dilində oxuyur. Amma fotonun dili yoxdur. O, universaldır. Amma səkil bir dildir və dünyanın birinci dili olub. Misirdə ilk yazılar – heroqriflər də fotodur, emojilərdir. Emoji yeni dildir. 3 emojiyə bir hekayə yazmaq olur. Amma öz dilimizdə yazını 8-10 milyon adam oxuyur cəmi, fotonu hamı oxuya bilir dilindən, dinindən asılı olmayaraq. Fotolar duyanı dəyişə bilir. Mən bunu görəndən sonra insanın mədəniyyətinə, tarixində iz qoyduğunu görəndən sonra bütün işimi buraxdım və bunu dalınca getdim. Dəfələrlə yaralanmışam, dəfələrlə bu son şansımdır – son kadrımdır düşünüb çəkmişəm. Mən Qarabağ, Xocalı məsələsini 30 ildir dünyaya göstərmişəm. Bilirsiz ki, ermənilərin çox güclü lobbisi var. Mən isə hər yerdə mən bircə fotolarımla onlarla mübarizə apardım.
– Ümidli insansınız?
– Bəzən elə bilirsən ki, bu daha sondur. Bundan bir addım sonra bir ümid yaranır və görürsünüz ki, bu son deyil. Bax bu iki nöqtə arasında – ümidsizliklə ümid arasında keçən an hər şeydir. Amma mən heç vaxt ümidsiz olmamışam. Bu bəşər yoludur. Mən bəşəriyyət yolunu görürəm. Bilirəm ki, biz hara gedirik, hara çatırıq. Bilirəm ki, arxada işıq var. Görürəm bunu. İnsanlar demək olar ki, çox yanlış düşünürlər. İnsanın əgər lap yüksək nöqtəyə çatıbsa, hər şey yaxşıdırsa, yaxşı geyinir, kostyum əynində, qalstuk boynunda, bahalı maşın da var… Vəssalam… Elə bilirlər ki, aliyə çatıblar. Amma mən bir insanın ömrün baxanda baxanda belə düşünürəm ki, insan bu bəşəriyyətin qarşısında bir həftəlik bəbədir. Biz neçə yüz min il ormanlarda yaşamışıq, heç dövrlərdən xəbərimiz yoxdur. 7000 ildir ki, bizdə yazı yaranıb. Ona qədər olan tarixi heç yazmamışıq. Zaman olacaq ki, adamlar bizim üçün deyəcək ki, bu ibtidai insanlar necə yaşayıblar.
İbtidai olmağın birinci işarəsi paralarını uşaqların təhsilinə yox, müharibəyə qoyulmasıdır. Paralarından xəstəxana və ya məktəb düzəltmək əvəzinə, top düzəldir, tank düzəldirlər. Bu ibtidai olmağın nişanəsidir. Mən əminəm ki, bir zaman olacaq ki, indiki müharibələrə, işğallara baxıb onlara ibtidai insanlar deyəcəklər. Mənim həmişə ümidim var. Bu ümid həmişə mənimlə olub. Görün mən nə qədər ölüm görmüşəm. Neçə yüz min yaralı görmüşəm. Mən bir sirr tapmışam. Bu da şeir oxumaqdır. 5-6 dildə şeir oxuyuram. Onları oxuyanda yaxşı oluram. Şairlər insanın ruhunu təzələyəndirlər.
– Sizin təsis etdiyiniz “Ayna” məktəbi var.
– Memarlıqdan fotoya keçəndə – haradasa 40 il bundan əvvəl düşünürdüm ki, foto bəşəriyyətə nə qədər əsər qoyacaq. Bilirdim ki, insanlar gələcəkdə bir-biri ilə fotoyla danışacaqlar. Foto ilə yazışacaqlar. Dedim, bəs niyə mən özüm tək yazım. Xüsusən də, o yerlərdə ki, müharibə gedir, ya insanların səsləri yoxdur… özüm səssiz insanların səsi olduğum halda, istədim ki, həmin səssiz insanlar da səsini dünyaya çatdıra bilsin. Xüsusən də qadınlardır.
Mən həmişə belə gördüm ki, müharibənin ən böyük qurbanı qadınlardır, sonra uşaqlar, sonra kişilər, əsgərlər, siyasətçilər və s. Amma sırada birinci yerdə qadınlar durur. Bu qadınların səsini çatdırmaq lazımdır. İstədim onlara foto işini öyrədim. Kabildə 20 ildən çox əfqan qadına foto, radio işini öyrətdik. Televiziya üçün film çəkməkdə yardımçı olduq. Afrikada, Argentinada müxtəlif şəhərlərin kasıb məhəllələrində gənclərə foto çəkməyi öyrədirdim. Amma təkcə foto çəkmək yox, fotoreportaj etməyi öyrədirdim. Yəni fotoyla səslərini necə ucalda bilərdlər, onu öyrədirdim. Dünyanın bir çox universitetlərində dərs də demişəm.
– Rza bəy, siz Azərbaycanda çox olmusunuz. Bakı çoxmu dəyişib bu illərdə?
– Bakı çox dəyişib. Mən uşaqlıdan Təbrizdə Bakının adı gələndə atamın gözləri işıldayardı. O, Bakıda gənc yaşlarında olmuşdu. Ailəmiz də Bakıya çox gedib gəlib. Sonralar yollar bağlananda qohumlarımızın xeyli hissəsi Arazın bu tayında qaldı. Heç onlardan xəbər tuta bilmədik. Ona görə də Bakı mənim üçün çox böyük önəm daşıyır. Burada kommunizm olanda İranda şah rejimi idi. Və orada Bakının adını çəkmək qadağan idi. Mən lap kiçik uşaq idim, yadımdadır ki, atam axşamlar radionun qarşısında oturur, dinləyir, üstünə bir yorğan atardı. Oradan bir qadın səsi gəlirdi. Uşaq idim, başa düşə bilmirdim ki, o, niyə bu radioya yorğanın altında qulaq asır. Sən demə, o Bakıya qulaq asırmış. Qadağan olunduğundan, qonşular eşitməsin deyə belə edirmiş. Çünki kimsə o səsi eşitsəydi, yaxşı olmazdı. Bakın bizim ürəyimizdə bax bu cür yeri vardı.
1987-ci il idi. Yazıçı Elçin Əfəndiyev və Ramiz Abutalıbov məni Azərbaycana dəvət etdilər. O vaxtlar qadağan idi, gediş-gəliş yox idi. Mən çox sevindim. Gəldik Bakıya. O qədər xoşbəxt idim ki… Bakı aeroportuna gəldik. O zamanlar çox balaca və şəraitsiz idi. İlk dediyim bu oldu ki, bizi niyə bura gətirmisiz, aeroporta niyə getmədik ki? Dedilər, Aeroprt buradır. Təəccübləndim: “Bakı aeroportu belədir?” Oradan yola düşdük. Yol çox dağınıq, kələ-götür idi. Hara baxırsan neft iyi gəlirdi. Məni ağlamaq tutdu. Mənə dedilər niyə ağlayırsan. Dedim: “Bakı belədir?”
Üç nəfər gəlmişdik, İçərişəhərə getdik. Anar, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Fərhad Xəlilov, Xəyyam Mirzəzadə və başqaları vardı. Orada Azərbaycanın ən görkəmli ziyalıları əyləşmişdi. Onları görəndə mən ümidləndim: Azərbaycanın belə gözəl ziyalıları var, gələcəyi mütləq yaxşı olacaqdır. Sonra 1990-cı ilin 20 yanvarında gəldim çəkilişə. Çox gərgin vaxtlar idi. Ondan sonra Xocalı, Şuşa və ümumiyyətlə müharibə vaxtı çəkilişlər etdim. Sonra da məcburi köçkünlərə kömək etmək üçün qaldım. Bayılda Zəngilandan məcburi köçkün düşənlər üçün məktəb yaratdım. O məktəbə hələ də var. Amma onda da Bakı elə həmin köhnə Bakı idi. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən qonaq çağırıldım. Mehriban xanım Əliyeva məni Azərbaycan haqqında kitab yaratmağa dəvət etmişdi. O zaman gələndə yeni aeroportu gördüm. Artıq yeni və gözəl bir bina idi. Sonra da gözəl yolu gördüm. Yenə də başladım ağlamağa. Dedim ki, mən Bakını o vaxt elə görmüşdüm, indi isə belə gözəl. Amma sevindim. Bakıda çox çəkiliş etmişəm. Bakı inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Bakı mənim üçün bir sirdir – Pekin ilə Parisin arasında bir sirdir. Bakı İpək Yolunun böyük və gözəl sirridir.
– İndiki gənclərə nə tövsiyəniz nədir?
– Bakın 1987-dən görmüşəm. İndiki nəsil – Z nəsli deyirlər də. Onlar Bakının haradan hara gəldiyini bilmirlər, əvvəlki Bakını görməyiblər. Valideynlərinin hansı zülmlər çəkdiyini bilmirlər. Mən çox istərdim ki, tarixi öyrənsinlər bilsinlər ki, anaları, ataları, babaları, nənələri Bakını bu vəziyyətə çatana qədər hansı əziyyətlərdən keçiblər.
– Və sonda… Fotoqrafiya sizin üçün nədir?
– Foto çəkmək mənə nəfəs çəkmək kimi bir şeydir. Çəkməyəndə mən elə bilirəm nəfəs almıram…
Söhbətləşdi: Deniz Məmmədli