“Qılınc həmin qılıncdır, vuran qol o qol deyil!”
Səfəvilər dövləti Naxçıvanda – Şərur düzündə elan olundu. Bu tarixi hadisəni “Çaldıran döyüşü” əsərində təsvir edən Fərman Kərimzadə artıq aforizmə çevrilən bir kəlam işlətdi: “Şah kəcavəsi İsmayılı Təbrizə vardıranda dünya cənnət idi, sanki. Hər tərəfdə qumru quşları ötürdü. Şah İsmayıl Təbrizə ruh bədənə girən kimi girdi”, deyirdi. O müqəddəs ruh 235 il mələk ömrü sürdü. Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə həkk olunan, bir əlində Qılınc, bir əlində Qələm, sinəsində Saz tarix yaradan Şah İsmayıl Səfəvi ruhumuzun qida yeri, Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O, yalnız qüdrətli bir sərkərdə və imperator deyil, həm də qüdrətli şair, filosof və ideoloq idi. Qurduğu Səfəvilər dövləti həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, həm də türklərin Yaxın Şərqdə mərkəzləşmiş imperiya şəklində təmsil olunmasında tarixi rol oynayan milli lider idi. Şah İsmayıl Xətai həm siyasi lider, həm də ədəbi-mədəni intibahın təmsilçisi kimi yaddaşlarda qaldı.
Şah İsmayıl 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində, nüfuzlu sufi şeyxləri olan Səfəviyyə nəslindən dünyaya gəlmişdi. Atası Şeyx Heydər, anası isə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi Aləmşah bəyim idi. Atası və qardaşları siyasi səbəblərlə öldürüldükdən sonra İsmayıl hələ uşaq yaşlarında siyasi təqiblərlə üzləşmiş və bir müddət gizlənmişdir.
1500-cü ildə İsmayıl 13 yaşında ikən qızılbaş tayfalarının dəstəyi ilə hərbi yürüşə başladı. 1501-ci ildə Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzəni məğlub edərək Təbrizə daxil oldu və özünü şah elan etdi. Bu hadisə Səfəvi dövlətinin və Azərbaycan türklərinin imperiya dövrünün başlanğıcı oldu.
Şah İsmayıl Təbrizə ruh bədənə girən kimi girdi. Səfəvilər dövlətinin, mərkəzləşmiş türk-şiə imperiyasının əsasını qoydu. Azərbaycan, İran, İraq, Əfqanıstan və Cənubi Qafqaz torpaqlarını əhatə edirdi. Paytaxt Təbriz olan Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan türkcəsi idi.
Şah İsmayıl Səfəvi milli dövlətçilik tariximizdə mərkəzləşmiş və möhkəm idarəetmə sistemi yaratdı. Dini ideologiyanı, şiəliyi siyasi birliyə çevirdi. Qızılbaş tayfaları onun əsas sosial dayağı idi. Bu tayfalar həm hərbi, həm də inzibati sahədə fəal iştirak edirdi. Səfəvilər İmperiyasının qurulmasında xüsusi xidmətləri olan Qacarlar, Əfşarlar və Şahsevənlər dövlət idarəçiliyində təmsil olunmaqla yanaşı, mühüm ərazilərə nəzarət edirdilər.
Çaldıran döyüşü – Türkün taleyinin dönən üzü
1514-cü ildə Şah İsmayıl Osmanlı sultanı I Səlimlə Çaldıran döyüşündə qarşı-qarşıya gəldi. Bu döyüşdə Osmanlı ordusu üstünlük qazansa da, Səfəvilər dövləti varlığını qorudu. Bu hadisə bölgədə şiə-sünni qarşıdurmasının dərinləşməsinə səbəb oldu və yüzillərlə davam edən Səfəvi-Osmanlı gərginliyinin əsasını qoydu.
Bu gərginlik, dağa doğrusu, kədər salnaməsi iki tarixi faktla bu gün də ruhumuzun qəm dəftəridir. Çaldıran döyüşündən sonra qalib tərəfin tələbi ilə Şah İsmayıl Səfəvinin ikicanlı xatunu və qılıncı təzminat olaraq Səfəvilər xəzinəsinin yarısı ilə birlikdə Osmanlı Sarayına sürüldü. I Sultan Səlimin göstərişi ilə Səfəvinin xatunu Çaldıran döyüşünü taleyini həll edən sərkərdələrdən birinə – Üsküdarlı Vəhbi Paşaya bağışlandı. Qılıncı əlinə alıb topun lüləsinə çırpan Şah lülənin ancaq cızıldığını görəndə düşündü ki, Səfəvi Şahı ona əsl qılıncı deyil, oxşarını göndərib. Qılıncı elçi və məktubla birlikdə Səfəvi Sarayına göndərən I Sultan Səlimə Şah İsmayıl Səfəvidən tarixi cavab gəldi: “Qılınc həmin qılıncdır, vuran qol o qol deyil!” Bu dialoq iki türk xaqanının əzəmətinin, əyilməzliyinin, eyni zamanda tarixi səhvinin aynası kimi, özü də qırıq aynası kimi tarixdə qalır.
Çaldıran döyüşündəki məğlubiyyətə baxmayaraq, Şah İsmayıl öz xalqı və dövləti üçün mənəvi lider olaraq qalmağa davam etdi. O, döyüşdən sonra daha çox ədəbi və dini fəaliyyətlə məşğul oldu. Qılıncını qına qoymaq məcburiyyətində qalsa da, Qələmini süngüyə çevirdi. Parçalanmış Səfəvilər İmperiyası Əfşarlar İmperiyasının qurucusu Nadir şah Əfşarın iradəsi ilə bərpa edildi. Onun hüdudları Osmanlıdan Türküstana, Şimali Qafqazdan Pakistana, İsfahandan Hindistana qədər uzandı.

Anadilli Poeziyanın Xətai Zirvəsi
Şah İsmayıl Xətai təkcə sərkərdə-xaqan deyil, həm də böyük şair, Sənətin və Səltənətin Sultanı idi. “Xətai” təxəllüsü ilə Azərbaycan türkcəsində yazdığı şeirlərlə milli ədəbiyyatımızın əsasını qoyanların – Seyid İmadəddin Nəsiminin, Mövlana Məhəmməd Füzulinin, Həbibinin, Qurbaninin, İzzəddin Həsənoğlunun sırasında yer alan Şah İsmayıl Xətai İlahi eşq və sufilik, Əhli-beyt sevgisi, əxlaq və mənəvi təmizliyə çağırış, Vətən və torpaq sevgisi, qəhrəmanlıq və vətənpərvərlik ruhu ilə rövnəqlənən poeziyası dünyanın maddi-mədəni irsinə çevrildi. Onun şeirləri yalnız saray çərçivəsində qalmaqla kifayətlənmədi, xalq arasında da yayılaraq ona şair şöhrəti gətirdi, aşıq poeziyasının və milli düşüncənin inkişafına təkan verdi.
Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə həkk olunan Şah İsmayıl Səfəvi Yaxın və Orta Şərqdə, dünya tarixində iz qoyan tarixi şəxsiyyətlərdən, sərkərdə-xaqanlardan, İmperiya quran liderlərdən olmaqla yanaşı, O, həm də ilk Türk-şiə İmperiyasının qurucusu kimi tarixdə qaldı. Ana dilini dövlət dili səviyyəsinə qaldırdı. Milli dövlətçilik şüurunun, Azərbaycançılıq məfkurəsinin əsasını qoydu. Dini və milli ideologiyanı birləşdirərək cəmiyyətin birliyinə, bütövlüyünə nail oldu. Milli ruhlu, anadilli poeziyanın, ədəbiyyatın memarlarından biri kimi ilklərə imza atdı.
Səfəvilər İmperiyası 235 il ömür sürdü
Şah İsmayıl Səfəvinin qurduğu Səfəvilər dövləti 1501–1736-cı illər arasında — nə az, nə çox, düz 235 il ömür sürərək milli tariximizin ən uzunömürlü imperiyalarından biri kimi qürur mənbəyimizə çevrildi.
Şah İsmayıl Səfəvi təkcə bir imperator kimi deyil, millətin ruhunun atası, milli oyanışın və mədəni dirçəlişin banisi idi. Onun həyatı Azərbaycan türklərinin siyasi birliyi, mədəni kimliyi və mənəvi gücünün rəmzinə çevrildi. Milli mənlik, milli kimlik uğrunda mücadilənin Mücahidi, Qılınc və Qələmin vəhdətində dövlət quran, Tanrının Kəlam və Qələm müqəddəsliyi ilə müjdələnən, qolunun davamını Qılıncda, ruhunun davamını Sazda görən Sərkərdə-xaqan kimi ruhumuzun qida yerinə çevrildi. “Keçmə namərd körpüsündən qoy aparsın sellər səni!” nidası ilə mənsub olduğu millətin qürur, qeyrət, ləyaqət mücəssəməsinə döndü.
Səfəvilər dövlətinin ənənələrini milli dövlətçilik təliminin prioritetlərinə çevirən Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamları ilə Şah İsmayıl Səfəvinin Sərkərdə-xaqan və şair kimi irsinə, şəxsiyyətinə dəyər verildi. Adının, xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər görüldü. Bakı Şəhərində adını daşıyan rayonun, “Şah İsmayıl Səfəvi” ordeninin təsis edilməsi, möhtəşəm abidəsinin ucaldılması dediklərimizə əyani sübutdur.

Şərəf Cəlilli