Nəşr edilmişdir 07/14/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın siyasi taleyində dönüş nöqtəsi oldu

Adı milli dövlətçilik tariximizə həkk olunan Metenin, Atillanın, Alp Arslanın, Osman Qazinin, Əmir Teymurun, Sultan Səlimin, Sultan Bəyazidin, Fateh Mehmetin, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın adı çəkiləndə dünyanın dizi titrədi. Bütün varlığı, ruhu, duyğuları ilə Turan və Türk dünyası olan bu qüdrətli sərkərdə – xaqanlar qılıncla qurduqları dövlətlərin tarixini qələmlə yazdılar. Yeni imperiyaların təməlini qoyan bu liderlərin hər biri mənsub olduqları millətin, məmləkətin əzəmətini iradənin gücü, xarakterin əyilməzliyi ilə dünyaya sübut etdilər. XX yüz ildə üç dəfə cümhuriyyət quran Azərbaycanın milli dövlətçilik tarixinə adı əbədi həkk olunan Ulu Öndər Heydər Əliyev klassika ilə müasirlik arasında körpüyə çevrilərək, milli dövlətçilik ənənələrinin yeni səhifələrini yaratdı. Onun siyasi hakimiyyətə gəlişi ilə Odlar Yurdu Azərbaycanın mizanı, düzəni dəyişdi.

1969-cu il Azərbaycan tarixində yalnız bir siyasi təyinatla yadda qalmadı. 14 iyul tarixində Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bu qərar təkcə siyasi idarəçiliyin dəyişməsi deyil, eyni zamanda Azərbaycanın sosial, iqtisadi və mədəni həyatında yeni mərhələnin başlanğıcı oldu.

Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan Sovet Sosialist Respublikası dərin iqtisadi və sosial durğunluq dövrünü yaşayırdı. Korrupsiya, qeyri-effektiv idarəetmə və iqtisadi geriləmə ümumi narazılığa səbəb olurdu. SSRİ rəhbərliyi Azərbaycan rəhbərliyində ciddi dəyişikliklərin vacibliyini anlayırdı. Moskvanın seçimində Heydər Əliyev kimi sistemin içindən çıxmış, lakin idarəçilik və təhlükəsizlik təcrübəsi olan bir şəxsiyyətin önə çəkilməsi təsadüfi deyildi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra ölkədə intizam, peşəkarlıq və planlı inkişaf strategiyasının əsasını qoydu. Onun təşəbbüsü ilə kadr islahatları həyata keçirildi. Layiqli, savadlı və işgüzar gənclər rəhbər vəzifələrə gətirildi. Sənaye və kənd təsərrüfatı sahələrində ciddi inkişaf proqramları həyata keçirildi. Azərbaycan ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin icra olunduğu mərkəzlərdən birinə çevrildi. Elm, təhsil və mədəniyyət sahəsində inkişaf başladı. Onlarla texniki peşə məktəbi və ali təhsil müəssisəsi yaradıldı. Milli kadrların irəli çəkilməsi siyasəti yürüdüldü, bu isə milli kimliyin qorunması və formalaşmasında böyük rol oynadı.

Ulu Öndər Heydər Əliyev SSRİ-nin sərt siyasi strukturları içərisində manevr edərək Azərbaycanın maraqlarını qorumağı bacardı. Onun Moskvaya qarşı birbaşa siyasi müxalifət mövqeyi yox idi, lakin mərkəzi hakimiyyətin imkanlarını maksimum səviyyədə Azərbaycana yönəldə bilirdi. Bu, onun siyasi uzaqgörənliyini və diplomatik çevikliyini göstərirdi.

Milli özünüdərkin əsaslarının qoyulması

70-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri ilə Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti daha çox önə çəkilməyə başladı. Bu, uzun müddət Sovet ideologiyası tərəfindən sıxışdırılan milli dəyərlərin dirçəlməsinə şərait yaratdı. Heydər Əliyev Sovet strukturları daxilində milli özünüdərkin bünövrəsini qoydu – bu isə 1990-cı illərdə Azərbaycanın müstəqillik prosesinə ciddi təsir göstərdi.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi dövründə atılan strateji addımlar yalnız Sovet Azərbaycanının inkişafını təmin etmədi, həm də gələcək müstəqil dövlətçiliyin ideya-siyasi əsaslarını formalaşdırdı. Bu gün Ulu Öndər yalnız bir lider deyil, həm də müasir Azərbaycanın memarı kimi tarixdə qalır.

Azərbaycanın müasir dövlətçiliyinin banisi kimi qəbul edilən Ulu Öndər Heydər Əliyev, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində strateji xətt yürüdüb. Onun idarəetmə fəlsəfəsində milli ruhun, tarixə və ənənəyə bağlılığın dövlətin möhkəmliyi ilə birbaşa əlaqələndirilməsi xüsusi yer tuturdu. Heydər Əliyev milli-mənəvi dəyərləri sadəcə tarixi irs kimi deyil, həm də ictimai sabitliyin və milli birliyin əsas dayaqlarından biri kimi dəyərləndirirdi.

Azərbaycançılıq məfkurəsinin əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin siyasi kursunda milli-mənəvi dəyərlər sadəcə mədəni irs deyil, dövlətin gələcəyini müəyyən edən ideoloji sütunlardan biri idi. Onun fikrincə, xalqın dili, dini, adət-ənənəsi, tarixi yaddaşı və mədəniyyət nümunələri millətin vəhdətini və müqavimət gücünü formalaşdırır. Buna görə də: tarixi irsin qorunması, ana dilinin inkişafı, islam dəyərlərinin mütərəqqi şəkildə təqdim olunması, milli-mədəni özünüdərkin gücləndirilməsi siyasi prioritetlər sırasında olmaqla Ulu Öndərin dövlətçilik təliminin, Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərinə çevrildi.

Ana dilinə dövlət statusu verildi

Ulu Öndər Heydər Əliyev ana dilinin dövlət dili statusuna yüksəldilməsini təkcə texniki deyil, ideoloji məsələ kimi dəyərləndirirdi. Onun təşəbbüsü ilə: Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olundu. Azərbaycan SSR Elmlər Akademiyasında Dilçilik institutu və digər elmi-mədəni mərkəzlər quruldu.

Sovet dövrünün basqılarına baxmayaraq, milli mədəniyyət daşıyıcıları qorundu və tanıdıldı. Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi, Mövlana Məhəmməd Füzuli, Nəriman Nərimanov, Üzeyir bəy, Səməd Vurğun, Mirzə Cəlil, Hüseyn Cavid kimi dahilərin abidələri ucaldıldı, ev-muzeyləri yaradıldı

Heydər Əliyev dövlətin dünyəvi quruluşunu əsas tutmaqla bərabər, İslamın Azərbaycan cəmiyyətindəki mənəvi rolunu yüksək qiymətləndirirdi. Onun dövründə: Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq bərpa edildi. Dini tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlıq təşviq olundu.

Milli mənlik, milli kimlik uğrunda mənəvi mücadilə gücləndi

Ulu Öndərin 1969-cu il iyulun 14-də başlayan siyasi hakimiyyətinin birinci mərhələsində milli-mənəvi birliyin – dövlət müstəqilliyinin ideoloji zəmini hazırlandı. Onun dəfələrlə bəyan etdiyi: “Biz milli ideologiyamızı öz milli-mənəvi dəyərlərimiz üzərində qurmalıyıq!” nidası gerçəyə çevrildi. Milli Müstəqilliyin təməl prinsiplərini siyasi hakimiyyətinin birinci mərhələsində müəyyənləşdirən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə ikinci Böyük Qayıdışı ilə dövlət bayramlarının, o cümlədən Novruzun rəsmi şəkildə qeyd olunması bərpa edildi. Şəhidlik institutu, vətənpərvərlik ruhu, tarixi qəhrəmanlar üzərində ictimai rəy formalaşdırıldı. Tarixi şəxsiyyətlərin, mədəniyyət xadimlərinin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edildi.

Heydər Əliyevin siyasi irsində milli-mənəvi dəyərlər yalnız keçmişin xatirəsi deyil, gələcəyin əsasını təşkil edən ideoloji zənginlikdir. Onun rəhbərliyi ilə formalaşan milli dövlətçilik modelində bu dəyərlər həm daxili sabitliyin təminatçısı, həm də beynəlxalq arenada Azərbaycanı tanıdan əsas faktordur. Bu gün Azərbaycan Respublikasının dövlət siyasətində milli-mənəvi irsə verilən yüksək qiymət, məhz Ulu Öndərin Azərbaycançılıq məfkurəsi üzərində inkişaf edir.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində tikilib-qurulan, 90-cı illərdən sonra erməni terroru ilə üzləşən, yerlə-yeksan edilən Qarabağ, Şərqi Zəngəzur Onun mənəvi və siyasi Varisi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən tikilib-qurulur.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, bu quşa “pinqvin” adı ispan dilindəki pingüino sözündən gəlir

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi