Nəşr edilmişdir 07/11/2025

Paylaşın

GÜNDƏM, TARİXİMİZ

 “Kəşkül” “Əkinçi”dən 3 il sonra işıq üzü gördü

Tərcümeyi-halı ilə tarix yaradan, adı milli-mənəvi dəyərlər, milli mətbuat və milli maarifçilik tariximizə həkk olunan Ünsizadə qardaşları “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül” kimi mətbu orqanları qurmaqla onları dövrün, zamanın “ayinəsinə” çevirdilər. “Ziya”nı “Əkinçi”dən doğan ziyanın davamına çevirən Səid Ünsizadədən sonra Cəlal Ünsizadə “Kəşkül”ü qurmaqla təkcə milli mətbuat tariximizə dördüncü mətbu orqanı bəxş etmədi, onun ruhunun, duyğusunun, sonsuz vətən sevgisinin  aynasına çevirdi. 

1880-ci ildə Tiflisdə Cəlal Ünsizadənin redaktorluğu ilə işıq üzü görən, qəzet kimi təqdim olunan “Kəşkül” əslində daha çox jurnal xarakteri daşıyırdı. Cəlal Ünsizadə təhsilli, Avropa və rus mədəniyyətinə bələd olan ziyalı kimi, “Kəşkül”ün ideya istiqamətində “Əkinçi”nin ruhunu yaşatmağa çalışırdı. “Kəşkül” öz səhifələrində siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət kimi müxtəlif sahələrə toxunur, həm milli həm də ümumbəşəri problemləri işıqlandırırdı. Qəzet yalnız Azərbaycan dilində deyil, bir müddət keçdikdən sonra ərəb və fars dillərində də çap olunaraq, geniş oxucu kütləsinə təqdim edildi. 1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilmiş və 1891-ci ilə qədər nəşr olunmuşdur. Yedi il ərzində qəzetdə publisistik məqalələr, dil və ədəbiyyat, incəsənət və ictimai-siyasi mövzulara dair yazılar, orijinal ədəbi nümunələr və Avropa, Şərq, rus ədəbiyyatından tərcümələr dərc edilmişdir. 

Dövrünün məşhur qələm sahibləri “Kəşkül”də çıxış edirdi

“Əkinçi”nin demokratik ənənələrini davam etdirən “Kəşkül” cəhalətə və geriliyə qarşı çıxmış, milli mədəniyyətimizin inkişaf yollarını təyin etmişdir. Qəzet eyni zamanda mütərəqqi Azərbaycan ziyalılarının dəstəyinə arxalanaraq, onlarla birgə fəaliyyət göstərmişdir. Qəzetin ideya istiqaməti barədə yazan Cəlal Ünsizadə deyirdi: “Yeni başlanmış həyat, yeni köməyə və təlimata möhtacdır. Ümid edirik ki, bizimlə yanaşı, millətimiz yaradılmış bu vərəqin nəşrinə kömək edəcəklər”. 

Bu səbəbdən də Rusiyanın mərkəzi şəhərlərində, eləcə də Qori Müəllimlər Seminariyasında təhsil almış gənclər “Kəşkül”ün irəli sürdüyü mütərəqqi təşəbbüsləri dəstəkləyir və qəzetin ətrafında birləşirdilər. Onların sırasında Odlar yurdu Azərbaycanın ilk maarifçiləri, Tiflisin rustəhsilli ziyalıları, müəllimləri  –Seydi Əzim Şirvani, Firudin bəy Köçərli, Məhəmməd ağa Şahtaxtlı, Adilxan Qayıbov, Həbib bəy Mahmudbəyov, Əsgər ağa Gorani, İsmayıl Qasir, Mirzə Kərim Fəna, Nəcəf bəy Vəzirov, Səid Ünsizadə kimi tanınmış qələm sahibləri “Kəşkül”lə əməkdaşlıq edərək onun ideyalarının yayılmasında əvəzsiz rol oynamışlar. Qəzetin Bakı, Quba, Qarabağ və İrəvanda müxbir məntəqələrinin olması oxucularla əlaqənin möhkəmləndirilməsinə, bölgələrə yayılmasına təsir göstərmişdir. “Kəşkül” Cənubi Qafqaz, Rusiya, Avropa və Asiya xalqlarının zəngin mədəni irsini təbliğ etməyə xüsusi önəm vermişdir. Onun səhifələrində Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və Qasım bəy Zakir və digər böyük şəxsiyyətlərin yaradıcılığı geniş şəkildə işıqlandırılmışdır. Redaksiya həmçinin yeni demokratik ədəbiyyatın nümunələrinin çapına xüsusi diqqət yetirmiş, realist ədəbiyyatın əhəmiyyətini yüksəkdə tutmuşdur. “Kəşkül” köhnə mədrəsələrdə islahatların vacibliyini vurğulamış, yeni məktəblərin, kitabxanaların, teatrların və digər milli mədəniyyət ocaqlarının yaradılmasını dəstəkləmişdir. Qəzet oxucularını rus klassiklərinin əsərləri ilə tanış etmiş, Azərbaycan dilində rus ədəbiyyatından tərcümələr dərc etmişdir. Klassiklərin, o cümlədən Ömər Xəyyam, Sədi Şirazi, Hafiz Şirazi və başqalarının irsinə diqqətlə yanaşmışdır. “Ziya” və “Ziyayi-Qafqaziyə”dən sonra “Kəşkül” “Əkinçi”nin açdığı yolun davamçısı olaraq, milli mətbuatımızın inkişafına və Azərbaycan maarifçilik hərəkatına töhfələr vermiş, oxucuları cəhalətdən qurtuluşa səsləmiş, dünyəvi təhsilə səfərbər etmiş, millətin nicatını elmi-irfanda görmüş, milli mətbuatın, milli məfkurənin təməl daşlarından birinə çevrilmişdir. 

Cəlal Ünsizadənin vətən sevgisinin, eyni zamanda Zərdabi və “Əkinçi” irsinin davamçısı olaraq aynaya dönmüşdür. “O ayinədə özünü əyri görən də, düz görən də olmuşdur”. Əsas odur ki, üstündən 147 il ötməsinə baxmayaraq, “Kəşkül” “Əkinçi”nin varislərindən biri kimi tarixdə qalmış, milli mətbuatın örnəyinə çevrilmiş, əbədi yaşamaq haqqını əlində saxlamışdır.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır

Ən son

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib