Xəstəxanalar, tibb fakültələri və sanitar komissiyalar yaranmamışdan əvvəl Bakıda yalnız bir aptek vardı. Məhz o, şəhərin tibbi mədəniyyətinin başlanğıcı oldu.
Hər şeyin yeni başladığı şəhər
XIX əsrin ikinci yarısında Bakı sürətlə dəyişirdi. Elektrik, su təchizatı, ilk tramvaylar – şəhər ritm və infrastruktura qazanırdı. Amma mühəndislik nailiyyətləri ilə yanaşı daha həyati bir sual ortaya çıxırdı: necə müalicə etmək, kimdən kömək almaq, dərmanları haradan almaq?
1860-cı ilə qədər Bakıda rəsmi aptek yox idi. Evdə hazırlanan dərman qarışıqları, dükanlarda satılan məlhəmlər, xalq təbabəti var idi. Bunlar isə tam nəzarətdə deyil, inam və şans üzərində mövcud idi.
Karl Eyxlerin şəhərin əczaçılıq mənzərəsində peyda olması dönüş nöqtəsi oldu. “Azad aptek” açmaq lisenziyası alan, yəni dövlət nəzarəti altında şəxsi müəssisə açan Karl təkcə dərman ticarəti ilə məşğul olmurdu, həm də yeni peşə mühiti formalaşdırırdı.
Qubernskaya küçəsində (bugünkü Nizami küçəsi) kiçik, lakin çox səliqəli bir müəssisə açıldı. Burada spirt, qurudulmuş otlar və təzə kağız qoxusu hiss olunurdu. Fayans qablar, şüşə flakonlar, latın dilində etiketlər vardı. Burada dərmanlar satılmırdı – onlar hazırlanırdı. Hər bir dənəcik dəqiqliklə. Və bütün bunlar Bakı üçün tamamilə yeni idi.
Aptekdən daha çox
Demək olar ki, iyirmi il boyunca – 1878-ci ilə qədər Eyxlerin apteki şəhərdə yeganə lisenziyalı aptek olaraq qaldı. O, yalnız tibbi müəssisə olmaqla kifayətlənmədi, həm də sistemlilik simvoluna çevrildi. İnsanlar burada dərmanlar və məlhəmlər almağa gəlir və onlara şəfa verəcəyinə inanırdılar.
Eyxler dünyasını dəyişdikdən sonra aptek onun bacıları tərəfindən idarə olundu, sonra isə növbə ilə provisorlar Çişkovski, Vink və Bartels ona rəhbərlik etdilər. Soyadlar dəyişirdi, amma ad eyni qalırdı – “Eyxlerin apteki”. Bakı sakinləri onu belə çağırırdılar XX əsrin əvvəllərinə qədər.
1896-cı ildə müəssisə Kazimir Mezjinə keçdi, daha sonra isə Anna Şnabel və provisor Feranskiyə. Elə o vaxtdan aptek artıq iki növbə ilə işləməyə başladı – bu, sahədə iş şəraitinin normallaşması üçün ilk addım idi.
Provisorlar artıq 14 saatdan çox çəki tərəzilərinin yanında dayanmırdılar, şəhər peşəkarlara təkcə satıcı kimi deyil, iş qrafiki, istirahət hüququ və dəqiqlik sahibi kimi yanaşmağa başladı. Eyni zamanda şəhərdə başqa apteklər də ortaya çıxmağa başladı – əvvəlcə onların sayı ciddi məhdudlaşdırılmışdı: ən çox beş aptek ola bilərdi. Amma rəqabət saya görə deyildi, etimada əsaslanırdı.
Və ən çox etimad Eyxlerə verilirdi.
Bütün bunlar indi haradadır?
O aptekin binası artıq mövcud deyil. Bakı böyüyüb, yenidən qurulub, köhnə ünvanları silib. Amma Nizami küçəsi hələ də oranın harada olduğunu xatırlayır.
Bu aptek sadəcə birinci deyildi. O, əczaçılığın sistem, mədəniyyət və peşə kimi başlanğıcı idi. Buradan gedən düz yol bütün bunlara aparır: xəstəxanalara, növbəli apteklərə, sanitar məktəblərinə, dərman fakültələrinə. Buradan şəhərin özü-özünü müalicə etməmək, dərmanı yalnız dəqiq reseptlə istifadə etmək vərdişi başlayırdı. Bu aptekin açılması ilə Bakı sağlamlıq sahəsində yeni, peşəkar dövrə qədəm qoydu.
Xanım Qədirli