Tiflisin məşhur əsilzadələrindən olan, Qayı boyuna bağlı Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov vaxtın, zamanın fövqünə qalxıb vaxtı, zamanı millətinin nəfinə işlədən din xadimlərindən, islam üləmalarından idi. Nəcəf-ül Əşrəfdə təhsil almışdı. Dini və dünyəvi elmləri mükəmməl bilirdi. Hüseyn Əfəndi övladlarına dövrünün ən yüksək təhsilini vermişdi. 1878-ci il martın 21-də – Novruz bayramında dünyaya gələn Nigar xanım Şıxlinskaya Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk türk, müsəlman, azərbaycanlı qadın kimi tarixə düşmüşdü. Ərəb, fars, fransız və rus dillərini mükəmməl bilən Nigar xanım Hüseyn Əfəndi qızı Qayıbova ilk azərbaycanlı şəfqət bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin ilk və son, türk, müsəlman, azərbaycanlı sədri olmuşdu. O, həm də Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik etmişdi. Müharibənin ağır aylarında Nigar xanımın başçılıq etdiyi xəstəxana “Şıxlinski xəstəxanası” kimi şöhrət tapıb məşhurlaşmışdı. 1914-cü ildə təsis olunan Qadın Xeyriyyə Cəmiyyətinin ilk sədri idi. Cümhuriyyət qurucularının sırasında yer alan Nigar xanım Hüseyn Əfəndi qızı – Qayıbova – Şıxlinskaya Milli Ordu quruculuğuna bilavasitə töhfələr verən tək və yeganə azərbaycanlı qadın kimi də tarixdə qalıb. 1917-ci il noyabrın 15-də Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradan, bununla Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü zamanı Əlahiddə Azərbaycan Korpusunun təməlini qoyan, Xalq Cümhuriyyəti Hökumətinin əmri ilə 1918-ci ilin dekabrında Hərbi Nazirlik qurularkən hərbi nazir general Səməd bəy Mehmandarovun müavini, əslində isə Baş ideoloqu kimi tarix yaradan tam artilleriya generalı Əliağa Şıxlinskinin bütün tapşırıqlarını yerinə yetirən Nigar xanım Şıxlinskaya general Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə rəhbərlik etmişdir. Cəmiyyətin “Şəfqət xidməti”nin banisi kimi məsul vəzifəni üzərinə alan Nigar xanım cəmiyyətin xətti ilə çoxsaylı iclaslar, yığıncaqlar təşkil edir, dul qadınların, ailə himayəsindən məhrum olunan uşaqların müdafiəçisi kimi çıxış edir, bununla da, yüz il bundan öncə ölkənin ilk Ombudsman təsisatının- İnsan Hüquqları üzrə Müvəkkilliyin əsasını qoyur.
Nigar xanım Osmanlı əsgərlərinin müalicəsi üçün boyunbağını və gümüş kəmərini “Pasaj”da satdırdı
Soyu, soykökü, şəcərə dəftəri ilə Qayı boyuna, Oğuz Xaqan müqəddəsliyinə bağlı olan Nigar xanım hələ Birinci Dünya müharibəsi, Osmanlı-Rusiya müharibələri zamanı türklərin müdafiəçisi qismində çıxış etmiş, Çar Rusiyasının Osmanlıdan əsir gətirib Bakıda, Nargin adasında işgəncələr verib incitdiyi türk əsgərlərinin müdafiəsinə qalxmış, əsirlərlə müharibənin qanunları çərçivəsində davranılmasını tələb edən Həbib bəy Mahmudbəyovun yanında yer almışdır. Əsirlərin müayinə və müalicə məsələlərinə xüsusi həssaslıqla yanaşan Nigar xanım Tağıyevin, Murtuza Muxtarovun, Nəriman Nərimanovun, İsa bəy Aşurbəyovun, general Şıxlinskinin silahdaşına çevrilmişdir. Bir həkim kimi gərək olan bir çox cərrahi ləvazimatları almaq üçün Şıxlinskinin ona bağışladığı boyunbağını, atasından miras qalan gümüş kəməri belə “Pasaj”da satdırmaqdan çəkinməmişdir.

Publisistikanın ən gözəl örnəkləri onun adı ilə bağlıdır
Nigar xanım eynən general Şıxlinski kimi incə ruhlu şeirlər, kəsərli məqalələr yazırdı. Onun “Azərbaycan”, “Açıq söz”, “Dirilik”, “Yeni fikir”, “İqbal”, “İrşad”, “İşıq” qəzetlərində, “Şərq qadını” jurnalında dərc olunan məqalələri əsasən insan haqlarına, dul qadınların, himayədən məhrum olunan uşaqların problemlərinə, dil, ədəbiyyat və tarix məsələrinə həsr olunmuşdu. Dövrünün ilk müəllim və publisist -qadınları Şəfiqə xanım Əfəndizadə, Hənifə xanım Abayeva – Məlikova, Badisəba xanım Köçərli kimi millətin cəhalətdən qurtuluşu, Azərbaycan qadınının düşdüyü bataqlıqdan xilasını milli maarifçiliyin inkişafında görürdü. “Yeni fikir” qəzetində dərc olunan, ədəbiyyat, ədəbiyyatşünaslıq və dil məsələrini əhatə edən düşüncələri ilə tanış olduqca onun millət, məmləkət, yaddaş sevgisi ilə baş-başa qalırsan. Nigar xanım yazırdı: “Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözləri işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq Azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”.
Nigar xanım ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan, TURAN, türk dünyası olan dahilərin diyarındandı. Tiflisin elmi, mədəni mühitində yetişmişdi. General Şıxlinskiyə könül vermişdi. Qori Müəllimlər Seminariyasını Qazaxa köçürən Firudin bəy Köçərli bu torpaqların İbrahim ağa, Əliağa Şıxlinski kimi məğrur, müdrik şəxsiyyətlərinə söykənmişdi. “Bir millətin varını, dövlətini, sərvətini alarsan məhv olmaz, dilini əlindən alarsan tərk olub gedər” nidası ilə qələm çalmışdı.
Şıxlinski izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı
General Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatını artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də səhra ilə bağlı olmuşdu. Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. General Şıxlinski ilə Nigar xanımın ilk tanışlığı sənəd üzərində olmuşdu. X Ordunun Komandanı general Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməklə dilə gətirmişdi. Qafqazın müftisi Hüseyn Əfəndi Qayıbov “Hərbçiyə qız verə bilmərəm” deyib. Şıxlinskinin elçilərinə “yox” cavabı verir. Bu arzuolunmaz, qərarında israrlı, qızının da könlündə taxt quran “Elçi”dən xilas üçün Nigar xanımı özündən 20 yaş böyük Ali Gildiyalı tacir, milliyətcə acar, dini mənsubiyyət baxımından müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandova ərə verir. İlk övladları dünyaya gələndən qısa müddət sonra Palavandov dünyasını dəyişir. Xəbər Şıxlinskiyə çatanda, o, Peterburqdan durub, ta Tiflisə qədər gəlir, bu dəfə elçiliyi özü edir. İstəyinə çatan Şıxlinski Nigar xanımın oğlunu himayəsinə almaqdan belə çəkinmir. Bu nigahdan onların övladları olmur. Şıxlinski 1909-cu il oktyabrın 27-də izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı. General Şıxlinskinin həyatını dəyişən, həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tərk edir. Oğlunun Türkiyədəki mühacirəti, üstəlik itkin xəbərinin gəlməsi, anası Səadət xanımın dünyasını dəyişməsi ona dərd olur.
Yarımçıq bəstənin son akkordları – Şıxlinskilərin əbədiyyət dastanı
1948-ci il noyabrın 28-də dünyaya vida nəğməsi oxuyan Üzeyir bəyin pianosunun üstündə bitməmiş bir əsərin partiturası qalıb. Üzeyir bəy general Şıxlinskinin ilk və son məhəbbətinə – Nigarına həsr etdiyi “Mənim” şeirinin iki bəndinə romans yazıbmış. Üzeyir bəy Şıxlinskilərlə birlikdə Əbədi İstiqlalın memarlarından olub, manifestini yaradanların sırasında yer almışdı. Cümhuriyyətin himnini yaratmışdı. “Leyli və Məcnun”a, “Sənsiz”ə, “Sevgili canan”a ruhundan qida vermişdi. “Artilleriyanın Allahı” “Koroğlu”nun diyarında doğulmuşdu. Nigarı ilə sənəgərlərə sipər olmuşdu. Ona “Səbri qərarımsan, türfə yarımsan, əcəb dildarımsan, namusum, arımsan, Nigarımsan” demişdi.
Onların övladları olmadı…
Hasan Paşanın qızı atasının etirazına baxmayaraq Qoç Koroğluya qoşulub Çənlibelə gəlmişdi. Nigar xanım müfti atasının “yox” cavabına rəğmən sərkərdə Şıxlinskiyə qoşulub səhralarda sultan olmuşdu. Onun Leylisinə, “Sevgili canan”ına dönmüşdü. Həm də, onu “Sənsiz”liyin oduna, atəşinə salmışdı. Əsl məhəbbətin hüdudları məlum olmayan sevginin də, bir şərəf, ləyaqət məsələsi olduğunu sübut etmişdi. Şıxlinski Çənlibelli Qoç Koroğlu kimi Qılıncı, Üzeyir bəy Qələmi, Nigar xanım Neştəri ilə tarix yaratdı. Dövlət qalan, qalan hər şey yalan deyən bu dahilər Əbədi Sevgini yaşadılar. Hasan Paşanın qızı qoç Koroğlunu, Məleykə xanım Terequlova Üzeyir bəyi, Nigar xanım Qayıbova general Şıxlinskini seçdi. Onların övladları olmadı. İlahi eşqlə bağlandıqları, övlad məhəbbəti ilə sevdikləri Vətənləri oldu – Odlar Yurdu Azərbaycan!

Şərəf Cəlilli