Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji yenilik idi ki, onu yalnız xəyal etmək olardı. İnsanlar ilk dəfə səslə yanaşı görüntünü də canlı izləyə biləcəklərini öyrənəndə, bu, əsl möcüzə kimi qarşılanmışdı.
Bəs sizcə, ilk televizor nə vaxt satışa çıxarılıb? Gəlin zamanın tozlu səhifələrini çevirərək bu sehrli qutunun hekayəsini birlikdə oxuyaq.
Baki-baku.az xəbər verir ki, 1928-ci il iyulun 3-də ABŞ-da ilk televizor satışa çıxarıldı. Bu, sadə və bir qədər primitiv qurğu olsa da, dövrünün əsl texnoloji yeniliyi idi.
Televizorun qiyməti cəmi 75 dollar idi. O vaxt üçün bu, orta gəlirli bir insanın ala biləcəyi bir məbləğ sayılırdı. Lakin bu cihaz indiki televizorları xatırlatmırdı. Bu, əsasən mexaniki quruluşa malik, görüntü keyfiyyəti zəif, sınaq məqsədli qurğuydu və yalnız məhdud sayda insan üçün əlçatan idi.
Bütün çatışmazlıqlarına baxmayaraq, bu satış bir şeyi göstərdi: insanlıq artıq yalnız eşitməklə kifayətlənmək istəmirdi, həm də görmək istəyirdi.
İlk dəfə geniş ictimaiyyət üçün elektron əsaslı televizorların satışı
Texnologiyanın gerçək sıçrayışı isə on bir il sonra baş verdi. 1939-cu ildə Nyu-Yorkda keçirilən məşhur Dünya Sərgisi zamanı RCA (Radio Corporation of America) şirkəti ilk dəfə geniş ictimaiyyət üçün elektron əsaslı televizorları satışa çıxardı.
Bu, sadəcə bir satış deyildi. Eyni gün ABŞ Prezidenti Franklin D. Ruzveltin sərgidə açılış nitqi televiziya vasitəsilə canlı yayımladı və milyonlarla insan texnologiyanın yeni gücünü öz gözləri ilə gördü.
RCA-nın təqdim etdiyi TT-5 modeli 5 düymlük ekran ölçüsünə malik idi. Qiyməti isə təxminən 200–600 dollar arasında dəyişirdi. Bahalı olsa da, bu, artıq görməyə dəyər bir yenilik idi. İnsanlar televizor almaq üçün növbəyə durmağa başlamışdılar.
1950-ci illərdən sonra televizor hər evin zəruri əşyasına çevrildi
İlk illərdə sadəcə maraqlı bir yenilik kimi qəbul olunan televizor zamanla cəmiyyətin aynasına çevrildi. O, insanların dünyaya baxışını dəyişdi. Xəbərlər, kino, sənədli filmlər, idman yarışları – hamısı bir otağa sığdı.
Televizorlar əyləncə məqsədlərindən əlavə olaraq, təhsil, mədəniyyət və xəbərləri əhatə edən müxtəlif proqramlarla insanların həyatına rəng qatdı. 1950-ci illərdə rəngli televizorların ortaya çıxması ilə bu texnologiya daha da populyarlaşdı, lakin ilk satışlar hələ də məhdud auditoriyaya yönəlmişdi. Ancaq budan qısa bir zaman sonra televizor artıq zənginlərin oyuncağı deyil, hər evin zəruri əşyasına çevrildi.
Dünyanı görmək arzusu
İnsan hər zaman görmək, bilmək, şahid olmaq istəyib. Televizor bu arzunun məhsulu idi. 1928-ci ildə 75 dollarlıq mexaniki qutu ilə başlayan yol, 1939-cu ildə elektron möcüzəyə çevrildi. Bu yolun sonunda isə bu gün hər birimizin evində yerləşən o tanış ekran var — bəzən xəbər gətirən, bəzən film göstərən, bəzən bizi düşündürən və bəzən güldürən.
Həmin günlərdən bu günə qədər dəyişən çox şey var, amma bir həqiqət dəyişməz qalır: Televizor, sadəcə bir cihaz deyil, insanların dünyanı izləmək üçün yaratdığı bir pəncərədir.
Elvin Camalov