Bu gün Sahara səhrası sonsuz qumlar, küləklər və quraqlıqla assosiasiya olunur. Amma cəmi 10–12 min il əvvəl bu ərazi yaşıl – göllərlə, çaylarla, ağaclarla və zəngin heyvan həyatı ilə dolu bir diyar idi.
Alimlər bu dövrü Afrika Rütubət Maksimumu adlandırırlar. Həmin vaxt Yer oxunun meylində baş verən dəyişikliklər nəticəsində mussonlar güclənmişdi və rütubətli iqlim qitənin dərinliklərinə qədər yayılmışdı. İndiki qum təpələrinin yerində meşələr, çəmənliklər, su hövzələri və bərəkətli torpaqlar mövcud idi.
Saharanın mərkəzində, indiki Çad ərazisində, qədim nəhəng bir göl — Meqa-Çad yerləşirdi. Bu gölün sahəsi Fransadan da böyük idi. Arxeoloqlar və alimlər bu təbiətin izlərini bu gün də tapırlar: qurumuş çay məcraları, yeraltı su mənbələri, peyklərdən asanlıqla görünən laylı çöküntülər. Və ən önəmlisi – insan izləri: keramika parçaları, yaşayış yerlərinin qalıqları, əmək alətləri və qayaüstü rəsmlər.
Tassilin Accer və Akakus dağlarındakı qayalarda gündəlik həyatdan səhnələr təsvir olunub: insanlar rəqs edir, ovlayır, qayıqlarla üzürlər. Rəsm edilmiş heyvanlar arasında inəklər, begemotlar və timsahlar da var. Bütün bunlar bu ərazilərdə vaxtilə mövcud olmuş, bu gün isə təsəvvür etmək çətin olan tamam fərqli bir iqlimi göstərir.
Təxminən eramızdan əvvəl altı mininci illərdə iqlim dəyişməyə başladı. Mussonlar zəiflədi, quraqlıq geri döndü, ekosistemlər yox oldu, göllər qurudu. İnsanlar bu torpaqları tərk edib Nil vadisinə köçməyə başladılar. Alimlərin fikrincə, məhz bu miqrasiya prosesi qədim Misir sivilizasiyasının yaranmasına təkan verən əsas səbəblərdən biri olub.
Müasir tədqiqatlar göstərir ki, Səhra hər zaman səhralıq olmayıb. O, dəfələrlə yaşıl mərhələdən quraq mərhələyə və əksinə keçib. Biz sadəcə bu dövrlərdən birində yaşayırıq.
Saharanın nümunəsi xatırladır: iqlim dəyişməz deyil. O, bəzən sürətli və geri dönməz şəkildə dəyişə bilər. Əgər bir vaxtlar çiçəklənən savanna bir neçə əsr ərzində səhraya çevrilibsə, nəzəri cəhətdən bunun əksi də mümkündür.
Qum qatlarının altında təkcə tarix, keçmiş deyil, bəlkə də gələcək gizlənir.
Xanım Qədirli