Pule pendiri dünyanın ən bahalı pendiridir. Onun kiloqramı orta hesabla 1 000-1 300 avroya başa gəlir. Bu pendirin əsas özəlliyi dünyanın yalnız bir yerində, özü də inək südündən deyil, eşşək və keçi südündən hazırlanmasıdır.
Baki-baku.az “IFLScience”ə istinadən xəbər verir ki, Pule pendirinin yüksək qiymətinin sirri onun istehsal prosesində və əsas tərkib hissəsindədir.
Dünyanın ən bahalı bu pendirinin 60%-i Balkan eşşəyinin südü və 40%-i keçi südündən ibarətdir. Eşşəklər inəklərdən qat-qat az, gündə ən çox 2 litr süd verir. Eşşəklərin sağılması üçün xüsusi avadanlıq yoxdur, buna görə də Serbiyadakı fermerlər Pule pendiri üçün südü çətinliklə əldə edirlər. 1 kq Pule pendiri hazırlamaq üçün 25 litr eşşək südü lazımdır.
Pule pendirini fermerlər yalnız Serbiyanın şimal-qərbində, Belqraddan 80 km aralıda yerləşən Zasavitsa adlı təbiət qoruğunda istehsal edirlər. Bu pendir zərif, azca duzlu dada, həmçinin qaymaqlı tekstura malikdir. Pule pendiri omeqa-3 yağ turşuları, zülallar və kalsiumla zəngindir.