Azərbaycanda ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi “Opera günləri” layihəsinə start verilib.
Baki-baku.az xəbər verir ki, əvvəlcə qonaqları salamlayan aparıcı Samirə Mustafayeva layihənin əhəmiyyətindən, Azərbaycan opera sənətinin təbliğində xüsusi rolundan söhbət açaraq nümayiş etdiriləcək “Leyli və Məcnun” operasının tarixi haqqında məlumat verib.
Layihənin ilk günü Heydər Əliyev Sarayında Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası nümayiş etdirilib.
Səhnə əsərində əsas partiyaları – Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq artisti Nəzakət Teymurova ifa ediblər. Operada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası) canlandırıblar.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov, baletmeyster Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.
Həmçinin solistləri tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov müşayiət edib.
İzdihamla keçən layihənin ilk günü tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmçinin “Leyli və Məcnun” operası Azərbaycan Televiziyası Mədəniyyət kanalının efirində canlı yayımlanıb.