Birinci yazı
Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir sıra xanlıqları müstəqillik uğrunda mübarizəyə qalxır, özünüidarə prinsipi ilə fəaliyyət göstərmək üçün mərkəzi hakimiyyətin üzərinə yeriyirdilər. “Fətəli şah Qacar Tehranda şahlıq tacı geyərkən 11 yaşlı Abbas Mirzə Qacar vəliəhd – şahzadə kimi Təbriz hakimi ilə birlikdə 1719-cu ildə Xoyda, Marağada Cəfərqulu xanın üsyanlarını məharətlə yatırmış, bölgədə sülh və sabitliyə nail olmuşdu. Bu dövrdə Qacarlar üçün daha bir təhlükə isə Arazın bu tayında, Azərbaycanın işğalında Car-Balakən camaatlığının 1803-cü ildə “Andlı öhdəliyi” qəbul etməsindən sonra başlamışdı. Gəncə və Car-Balakən ərazisindən ruslar Azərbaycanın içərilərinə doğru irəliləmişdi. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğal edilməsi, artıq Qacarlar sarayında ciddi təşvişə səbəb olmuşdu. Hətta Abbas Mirzə və Fətəli şahın birgə qərarına əsasən Rusiya İmperatorluğuna ordusunu Gəncədən və Şərqi Gürcüstandan çəkməsi haqqında tələbnamə göndərilmişdi. Tələbnamə geri çevrildikdən, rədd edildikdən sonra müharibə qaçılmaz olmuşdu. Bu səbəbdən də Tehranda ordu hazır vəziyyətə gətirilmişdi. Sarayda ölkə daxilində yalnız bəzi xanların üsyanlarını yatırmaq üçün hazırlıq görüldüyünü söyləmişdilər. Əslində isə Şimala səfər vardı. Hazırlıqlar başa çatdıqdan sonra ordu qarşısına çıxan Fətəli şah Qacar hələ Ağa Məhəmməd şah Qacarın zamanında onun vəsiyyəti olan Qacar qanununu oxudu və oğlu, vəliəhd-şahzadə Abbas Mirzəni nizami ordunun komandanı və dövlətin rəsmi varisi elan etdi. Abbas Mirzə gənc, təcrübəli sərkərdə kimi şöhrət qazanmışdı. Ona görə bu təyinat həm xalqın, həm də ordunun ürəyincə idi. 1804-cü ilin Novruz bayramı ərəfəsində Abbas Mirzə yola çıxdı. Əvvəl Təbrizə gələrək buradakı ordunu da yoxlayaraq nəzərdən keçirdi və Təbrizə doğru hərəkət etdi. Məqsəd tez bir zamanda Arazın o tayına keçmək idi. Lakin Abbas Mirzə Təbrizdə bir neçə gün qalmalı oldu. Burada o, Azərbaycanın təcrübəli hakimi olan Əhməd Müqəddimlə görüşməli, ondan xeyir-dua almalı, bəzi hərbi taktikaları, gizli keçid yollarını öyrənməli idi. İrəvan xanı Məhəmməd xanın ruslara İrəvan ətrafında ordugah qurmaq icazəsi verməsi xəbəri Abbas Mirzəyə çatan kimi o, Təbrizdə qalmağın mənasız olduğunu düşündü və təcili Şimala, Arazın bu tayına doğru irəliləməyi üstün tutaraq hərəkətə keçdi. Şahın əmri ilə Xanədana xəyanət etmiş İrəvan xanı vəzifəsindən azad edildi. Qarabağ xanı İbrahimxəlil xan da, müharibə gedərkən ruslarla danışıqlara getmiş 1805-ci ildə “Kürəkçay” müqaviləsini bağlamışdı. Sonradan peşman olub Abbas Mirzə Qacara məktub ünvanlayaraq səhv etdiyini boynuna alsa da, ruslar bundan xəbər tutmuş və onu amansızlıqla qətlə yetirmiş, nəşini Abbas Mirzə Qacarın ordugahına göndərmişdilər. Xanın xəyanəti və acı sonu Abbas Mirzəni, Abbas Mirzə qarışıq Fətəli şahı və Qacarlar sarayını kədərləndirmiş, sarsıtmışdı. Onun kökündə də, lap əvvəldən ayrı-ayrı xanlarımız, xanlıqlarımız və bəylərimiz tərəfindən əsası qoyulan xəyanətlərm dayanırdı. Bütün bunlara baxmayaraq Abbas Mirzə Avropa tipli ordu qurmuşdu. Müharibə dövründə belə dayanmayan Abbas Mirzə Rusiya ilə münasibətləri gərginləşməsi Fransa İngiltərənin şərq müstəmləkələrinə, xüsusən də Hindistana iddialı idi. Abbas Mirzə bu fürsəti dəyərləndirərək Osmanlı İmperatorluğunun paytaxtı İstanbulda yerləşən Fransa Konsulluğuna Fətəli şahın Şahbanusu Ağabəyim Ağanın tərtib etdiyi məktubları göndərir, Fransa nümayəndə heyəti ilə görüşmək istədiyini bildirir. Belə görüşlərdən biri Qacarlar sarayında Fətəli şah Qacar Qarabağ şahzadəsi, Qacar şahbanusu Ağabəyim Ağanın Ağabacının iştirakı ilə baş tutmuşdu. Fransız diplomatı, böyük elçi Ser Ozerlinin iştirakı il baş tutan diplomatik görüşü Ağabəyim ağa Cavanşiri – Qacar idarə etmişdi. Bir neçə dili mükəmməl bilən Ağabəyim Ağa bu dövrdə həm də nüfuzlu diplomat kimi şöhrət tapmışdı. Ağabəyim ağa Cavanşiri – Qacar milli dövlətçilik tariximizdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası ilk diplomat türk qadın – Sara xatundan sonra siyasi səhnədə görünən ikinci diplomat qadın idi.

Qacar Ordusunu “Bonopart Ordu sistemi”ndə qurmaq istəyirdi
Bununla yanaşı, Abbas Mirzə Qovanlı – Qacar Bonapart Napoleonun ordu komandanlığına da heyrətini gizlətmirdi. Qacar dövlətində qurmaq istədiyi yeni tipli Ordunu da, “Bonopart Ordu sistemi”ndə qurmaq istəyirdi. Abbas Mirzə Qacarın məktublarını könül xoşluğu ilə qəbul edib, siyasi uğur kimi qiymətləndirən Fransa konsulluğunun nümayəndə heyəti qeyd etdiyimiz kimi Abbas Mirzə Qacarla görüşərək onu Fransanın dostu elan etdi. Abbas Mirzənin qərarı ilə Fransa və Qacar dövlətləri arasında əbədi dostluq-əməkdaşlıq müqaviləsi imzalandı. Eyni zamanda o, Fransa hökumətindən xahiş etdi ki, hərbi sahədə ən yaxşı mühəndisləri, müəllimləri Qacarlar dövlətinə göndərsin. Bu münasibətlə Abbas Mirzə Qacar Abbasabad qalasını tikdirdi. Üç il fransız mühəndis və müəllimlər Qacarlar dövlətində yaşayıb çalışaraq müasir tipli Qacar ordusunun formalaşmasına, maddi-texniki bazasının qurulmasına töhfələr verdilər. Təəssüf ki, Bonapart Napoleon sonra Qacarlar dövlətinə ediləcək yardımdan imtina etdi. Şübhəsiz ki, onun xristian təəssübkeşliyi də bu məsələdə mühüm rol oynadı. Bundan əlavə Rusiyaya qarşı Qacarlara veriləcək dəstək Hindistana uzanan yolda ona maneələr törədəcəkdi. İngiltərə ilə müharibədə ikinci bir cəbhə açmamaq üçün “Əbədi Dostluq müqaviləsi”nin şərtlərindən imtina etmək məcburiyyətində qaldı. İki cəbhədə güclü dövlətlərlə – İngiltərə və Rusiya ilə müharibənin müstəmləkələri ilə bağlı həlli vacib məsələlər Fransa dövləti üçün problemlər yaradacağını anlayan Bonapart Napoleonun Qacarlardan əl üzməsini qəbul edən Abbas Mirzə Qacarı Bütöv Azərbaycan naminə müəyyənləşdirdiyi dövlət proqramının, hərbi doktrinanın, taktiki gedişlərin istiqamətini dəyişdi. Tarixi mənbələr, arxiv sənədləri Fransa dövləti ilə Qacarlar, Bonapart Napoleon ilə Abbas Mirzə Qacar münasibətlərinin yarımçıq qalmasında “İngilis barmağı”nın rolunu əks etdirməklə yanaşı, bütün dövrlərdə Qacarlar dövlətində iqtisadi, siyasi marağı olan İngiltərənin mövqeyini ortaya qoyur. Bu faktlardan çıxış edən tədqiqatçılar “bu dostluğun pozulmasında İngiltərənin pozuculuq əməllərini faktlarla sübut edir.

Rusiya İmperator sarayında bütün proseslərdə diplomatik münasibətlərə üstünlük verən Fətəli şah Qacardan daha çox Abbas Mirzə Qacardan ehtiyat edilirdi
Abbas Mirzə Qovanlı – Qacar Azərbaycanın hərb tarixinə islahatçı sərkərdə kimi yazılmaqla yanaşı, elm-təhsil sahəsində də islahatçı sərkərdə-xaqan, vəliəhd-şahzadə kimi qaldı. O tarixdə ilk dəfə olaraq intellektual potensialı ilə fərqlənən seçmə gəncləri dövlət hesabına Fransaya təhsil almağa göndərmişdi. Eyni zamanda Fransadan gələn mühəndis-müəllimlər Qacarlar dövlətində gənc mütəxəssislərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir”. 1812-ci il dəhşətlərindən – Çar Rusiyası ilə ilk müharibədəki məğlubiyyətindən sonra Abbas Mirzə Qacar ordunu daha da təkmilləşdirmək qararına gəlir. Bunun üçün ölkə ərazisində Çaparxanalar və Poçt rabitə sistemi qurdurur. Tarixi mənbələr onu da sübut edir ki, Rusiya İmperator sarayında bütün proseslərdə diplomatik münasibətlərə üstünlük verən Fətəli şah Qacardan fərqli olaraq daha çox Abbas Mirzə Qacardan ehtiyat edilirdi. Bu səbəbdən də onu heç bir vəliəhd kimi qəbul etmək, görmək istəmirdilər. Bütün etirazlara baxmayaraq Çar Rusiyası 1819-cu ildə onu Vəliəhd – Şahzadə kimi etiraf etmək, tanımaq, hesablaşmaq məcburiyyətində qaldılar.
“Gülüstan” müqaviləsi bağlananda 5-ci maddəyə əlavə olaraq Xəzər dənizinin Rusiya dənizinə çevirlməsinə etiraz edən Abbas Mirzə Fətəli şah oğlu Qovanlı-Qacar Çar Rusiyasının üstünə yerimiş, Qacarların tarixi torpaqlarına və sərvətlərinə əl qoyan Çar Rusiyasının tarixi cinayətinin cavabsız qalmayacağını dilə gətirməkdən çəkinməmişdir. Bu onun bir sərkərdə-xaqan, Vəliəhd-Şahzadə, Qacarlar dövlətinin rəsmi varisi kimi əyilməzliyinin, məğrurluğunun göstəricisi idi.
Naibüssəltənə Abbas Mirzə Qovanlı – Qacar tarixdə həm də incə ruhlu şeirləri, ədalətli mövqeyi, əyanlara, əhaliyə və orduya, əsirlərə ləyaqətli davranışları ilə nümunəyə çevrilmişdir. Tarixi mənbələr, rəsmi yazışmalar onu da sübut edir ki, “Fətəli şah Qovanlı – Qacar rus zabit və əsgərlərinin kəsilmiş başını tələb edirdisə, Abbas Mirzə Qovanlı – Qacar bunu ləğv etmişdi. Əsgər, zabit başı kəsən Qacar döyüşçüsünün yerində güllələnməsi üçün ordu komandanı fərman imzalamış, əsir düşən düşmənlərlə müharibənin qanunları ilə ədalətli şəkildə davranılmasını, onların qida və geyim-kecimlə təmin olunmasını tələb kimi irəli sürmüşdü. O, hətta “Türkmənçay” müqaviləsindən öncə baş tutan “Dehqarqan” danışıqları zamanı da qətiyyət göstərib iradə nümayiş etdirərək qraf Paskeviçi Rus ordusunun Təbrizdə saxlanılması fikrindən daşındırmışdı.

Abbas Mirzə Qacar bir tərəfdən Çar Rusiyası ilə qanlı müharibələrə qatılır, digər tərəfdən tarixi abidələrin, tikililərin təməlini qoyurdu
Baxmayaraq ki, müharibənin şərtlərinə uyğun olaraq Qacarlar dövləti məğlub tərəf idi. Abbas Mirzə Qacar qüdrətli sərkərdə, nüfuzlu tarixçi, diplomat, incə ruhlu şair, mütəfəkkir dövlət xadimi, elm və təhsil qurucusu, eyni zamanda milli-mənəvi dəyərlərin himayədarı, qurucusu, qoruyucusu, xilaskarı idi.
“Naibüssəltənənin tarixi abidələrə də böyük marağı olub. Onun Azərbaycanda tikdirdiyi, təməlini qoyduğu, təmir-bərpa etdirdiyi abidələrin sırasında Arazın sahilində ucaltdığı Abbasabad qalası, dağıldımış Ərdəbil qalasının, Şeyx Səfi türbəsinin təmiri, Təbriz qalasının ikinci Şeyx Hacı qolunun tikilməsi, Xoy qalasının bərpası, Naibüssəltənə divarlarının inşası, Xoyda mahud istehsalı müəssisəsinin tikintisi, Təbriz Dürüssəltənənin sarayları, Təbrizdə “Baqi-Şimal” və “Baqi-Səfa”nın salınması, Təbrizdə barıt istehsalı zavodunun tikilməsi, Abbas Mirzə Qovanlı-Qacarın vəliəhd-şahzadə deyil, sərkərdə-xaqan, qüdrətli dövlət xadimi kimi analitik təfəkkürünün, intellektual potensialının, dövlət idarəçilik prinsipinin əzəmətinin göstəricisidir. O, bir yandan Çar Rusiyası ilə qanlı müharibələrə qatılır, Paskeviç, Qudoviç, Yermolov, Mədətov, Sisyanov kimi cəlladlarla mübarizə aparır, Vətənin birliyini, bütövlüyünü qoruyur, digər tərəfdən də ölkəsinin inkişafı, tərəqqisi, ayaqda qalması üçün tarixi qərarlar alır, rəsmi dövlət proqramları gerçəkləşdirirdi.
Abbas Mirzə Qovanlı-Qacar 44 il ömür sürdü. Hər ili bir əsrə, qərinəyə bərabər 44 il…
Abbas Mirzə Qovanlı-Qacar ailə dəyərləri, övlad məhəbbəti, sevgisi ilə də türk, Azərbaycan şahlarına, şahzadələrinə örnəkdir. O, 1802-ci ildə atası Fətəli şah Qovanlı – Qacarın istəyi ilə Qacarların Dəvəli qolundan olan Xırda xanım Dəvəli ilə ailə qurmuş, Tanrı evinə girmişdi. Digər evliliklərlə birlikdə Abbas Mirzənin 26 oğlu bir qızı dünyaya gəlmişdi. Onlardan biri Məhəmməd Mirzə idi iki atası dünyasını dəyişərkən vərəsə olaraq hakimiyyət başına keçmişdi.
1834-1848-ci illərdə Qacarlar dövlətinin idarə etsə də, tarixdə daha çox hakimiyyətin ilk ilində qardaşlarının əksrəriyyətini zindana salınması, sonra da, anasının təkidi ilə zülmə son qoyması, səhfini etiraf etməsi ilə qalmışdı. Abbas Mirzə Qovanlı – Qacarın digər oğlu, özü də, məşhuri-cahan oğlu Bəhmən Mirzə Qovanlı-Qacar idi ki, o, Azərbaycanın ilk tarixçi alimi kimi ehtiramla yad olunur. Azərbaycan Xalq Cümhuriyyətinin şəhid generalları Feyzullah Mirzə Qovanlı-Qacar və Əmir Kazım xan Qovanlı-Qacar onun Çar Rusiyası Ordusunda yetişmiş 8 general oğlundan ikisi idi. Onlar həm də qüdrətli sərkərdə-xaqanlar, məğrur və əyilməz şahlar Ağa Məhəmməd şah Qacarın kötücələri, Fətəli şah Qovanlı-Qacarın nəticələri, Abbas Mirzə Qovanlı-Qacarın nəvələri idilər. Bu irsdə varisliyin ən gözəl örnəyi olmaqla yanaşı, Oldlar Yurdu Azərbaycanın tarixi düşmənlərinə rus və fars imperiyasına Tanrının verdiyi ən acı dərs idi.
Bayrağı bayraqlara qarışan, dünyanın ən gözəl Bayraq Meydanının, ən əzəmətli Bayraq dirəyinə, ən böyük Bayrağına sahib olan Azərbaycan həm də onun ərazi bütövlüyü uğrunda imperiyaların üzərinə yeriyən Qacarlardan mirasdır.
Ardı-arası kəsilməyən müharibələr, təlatümlərlə dolu illər, çar cəlladlarının onun üçün, eynən Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi hazırladıqları müdhiş sonluq, xəstəlik adına yozulan əcəl şərbəti son ana qədər hərbi yürüşlədən, diplomatik danışıqlardan çəkinməyən Abbas Mirzə Qovanlı – Qacarı cismində canı, ruhu, duyğuları qədər sevdiyi paralanmış, yaralanmış Azərbaycandan qopardı. Mələklərin qanadında Tanrı dərgahına qaldırdı. O, 44 il ömür sürdü. Hər ili bir əsrə, qərinəyə bərabər 44 il…
Şərəf Cəlilli