Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lezsak Günay Əfəndiyeva ilə görüşüb
Bakıya rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədr müavini cənab Şandor Lezsak Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Macarıstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında siyasi, mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edən münasibətləri məmnunluqla qeyd edib, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı Macarıstanın Türk dünyasının etibarlı tərəfdaşı kimi çıxış etməsi və bu ölkədə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün baş tutması tarixi və mədəni köklərin, ortaq dəyərlərin güclü təməl üzərində qurulduğunu bir daha nümayiş etdirdiyi bildirilib.