İkinci yazı
1957-ci ildə S.A.Kovlakın rəhbərliyi ilə Yuqoslaviya Partizan və Antifaşist hərəkatının iştirakçılarından ibarət nümayəndə heyəti getmişdi. Onun tərkibində Sloveniya ərazisində fəaliyyət göstərən sovet partizan batalyonunun komandiri Anatoli Dyaçenko da vardı. O, Azərbaycanın, Sovet İttifaqının, Yuqoslaviyanın Qəhrəmanı Mehdi Hüseynzadənin, azadlığın, dostluğun, qardaşlığın rəmzi kimi qorunan məzarından – abidəsindən belə bir təəssüratla ayrılmışdı: “Yuqoslaviya xalqı bizim Mehdinin xatirəsini əbədiləşdimək üçün onun qəbrində gözəl bir abidə ucaltmışlar. Qəbir tər güllərlə bəzədilmişdir. Gülləri hər gün onun qəhrəman və cəsur əməlləri haqqında dəfələrlə eşidən yerli əhali gətirir. Yuqoslaviyanın şərəfli azərbaycanlı oğlu haqqında hekayətləri “Bizim dostumuz Mixaylo” sözləri ilə başlayır.”
Mixaylo bizim Babək, Koroğlu kimi qəhrəmanımızdır. Onu bizə tanıdan, sevdirən, xatirəmizə əbədi həkk edən isə, səmimiyyətlə etiraf edək ki, Həsən Seyidbəylinin və İmran Qasımovun “Mixaylo” filmidir. Biz bu filmlə Mixaylonun adını təkcə bir Qəhrəman kimi qəlbimizə yazmadıq. Ondan Vətənə sevgisini, azadlıq, istiqlal uğrunda ölməyi öyrəndik. Mehdi Hüseynzadənin qəhrəmanlıqları barədə yazanlar çoxdur, olduqca çox. Onların önündə Keçmiş Sovet İttifaqının və Sosialist Respublikalarını çevrələyən ölkələrin məşhur simalarının, hərb tarixi ilə bağlı tədqiqatları qələmə aldığı kitab və monoqrafiyaların, sənədli filmlərin ayrıca yeri, məqamı vardır.

“Yuqoslaviyanın hərbi tarixçisi Stanko Patelin öz “Qradnikpovun briqadası” monoqrafiyasında Mehdi Hüseynzadəyə xüsusi başlıq həs edib. Tarixçi qeyd edir ki, partizan Mixaylo daha çox rəqibin rəhbər kadrını məhv edib, nəinki öz mövcudluğu dövründə 9-cu korpusun 31-ci diviziyası”. Yazıçı P.Ameliettinin “Bir nəfər hamı üçün və ya Mixaylonun intiqamı” romanı, Sloveniya kinematoqrafları tərəfindən çəkilən “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli filmi Mixaylonun qəhrəmanlığı haqqında ən qiymətli sənət nümunələridir.
Mehdi Hüseynzadə: Mənim vəzifəm Vətəni müdafiə etməkdir
İkinci Dünya müharibəsi başlayanda Mixaylo Şüvəlanda şəhərin bağ mövsümünü yaşayırdı. Xəbəri radiodan eşidən kimi bacısı Hüriyyət xanımın qardaş yanğısına baxmayıb şəhərə, şəhərə deyəndə, kəndə – Novxanıya dönür. “Burda qala bilmərəm, birdən çağırış vərəqi gələr, mən isə evdə olmaram. Mənim vəzifəm Vətəni qorumaqdı…”

Mixaylonun dediyi kimi olur. Çağırış vərəqi gəlir, O, Vətəni qorumağa gedir. Onda onun nə yaşı var idi ki? Cəmi-cümlətanı 23 yaşı. Mixaylo ata-anasını tez itirmişdi. Onların ətrini iyini bir cüt bacısında Bikədən, bir də Hüriyyətdən almışdı. “Ana Vətən çağırır!”dı, kimsə onu tuta bilməzdi…
Faşizim üzərinə avqustun 9-da Bakıdan yeridi. Üç il sonra noyabrın 2-də müasir dillə desək Sloveniyada Vitovliye kəndində torpaq müqəddəsliyinə qovuşdu.
Tiflisdə hərbi-piyada məktəbini bitirdikdən sonra 1942-ci ildə Mehdi Hüseynzadə ön cəbhəyə göndərildi. Stalinqrad uğrunda gedən döyüşlərdə Minaatanlar tagımının komandiri kimi qeyri-bərabər döyüşlərə başladı. 1942-ci ilin avqustunda Koleç şəhəri uğrunda gedən döyüşlərdə ağır yara alan Mixaylo faşistlərə əsir düşür. “Orada O, Cavad Həkimli və digərləri ilə birlikdə Azərbaycan legionuna salınır. 1943-cü ilin ortalarında almanlar Ştrans hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisində çoxsaylı hərbi əsirlər, o cümlədən azərbaycanlıları gətirirlər”. Elə burada Sovet hərbi əsirlərinin antifaşist qüvvələrinə qovuşan Mixaylo 1944-cü ildə bir qrup hərbi əsir yoldaşı ilə düşərgədən qaçaraq Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya Xalq Azadlıq Briqadası 4-cü batalyonun rus rotası yaradılır. Rotanın komandiri Cavad Həkimıi, komissarı Mehdi Hüseynzadə olur. Angel dağı ətəyindən Otliça kəndində məskən salan rotanın komissarı qısa zamanda “Mixaylo” ləqəbi ilə faşistlərin canına vəlvələ salır. Elə bir vəlvələ ki, səsi, sədası Reyxstaqa qədər gedib çıxır.

Mixaylonun əfsanəvi qəhrəmanlıqları Angel dağının, daha doğrusu, Mələk dağının ətəyindən başladı. Öz yerlilərinin belə heyrətinə, həm də qürur mənbəyinə çevrildi. Hərbi tarixçi Stanko Peleninin “bütün 9-cu korpusdakı ən yaxşı partizanlardan” adlandırdığı Mixaylo barədə partizan Məhər Məmmədov da xatirələrində qürurla söz açardı: “Bu 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq. Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda o, alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğın söndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı”. Aprelin 2-də Mirdaməd Seyidovla Triest şəhəri yaxınlığında yerləşən Opçine yaşayış məntəqəsində yerləşən kinoteatrı kinoseans zamanı partlatdı. Partlayış zamanı 300 nəfərdən çox faşistin həyatına son qoyuldu. Kimisi öldü, kimisi də şikəst oldu. Mixaylonun rəhbərliyi, iştirakı ilə çoxsaylı əməliyyatlar həyata keçirildi. Triestdə “İl Pikkolo” qəzetinin redaksiyasının mətbəəsini, 24 vaqondan ibarət alman əmlak qatarının keçdiyi Postoyna dəmiryolu stansiyası yaxınlığındakı körpünü partlatması, gestapo mayoru Kertnerin edamı, Opçıne yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatması, hərbi hissələrə təkbaşına etdiyi hücumlar nəticəsində iki-üç mindən çox faşist zabitin partladılaraq məhv edilməsi onu düşmənlərin qorxulu yuxusuna çevirmişdi. Müharibənin taleyinin həll olunmaq üzrə olduğu bir dönəmdə “Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun tapşırığı ilə Mixaylo 31-ci diviziyanın qərargahı nəzdində partizan-kəşfiyyat qrupu yaradır və ona rəhbərlik edir. Azərbaycanın digər qəhrəman oğlu Cavad Həkimli bu barədə öz xatirələrində qeyd edirdi: “Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular və onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır və ona pəhləvan rəhbərlik edir. Almanlar başına 400 min marka mükafat təyin etmələrinə baxmayaraq Mixaylo ələkeçməz olaraq qalırdı. Yuqoslaviyada tapılan sənədlərin birində deyilirdi: “Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunların içində əsasən zabitlər idi. Faşistlər necə olur olsun, onun başını əldə etmək istəyirdilər. Cavad Həkimlinin xatirələrinə görə gestapo mayoru Sejanda kəndli formasında olan Mixaylonu tutmuşdu. Mehdi Hüseynzadə özünü rəssam kimi qələmə verdi və özünü elə qələmə verdi, heç kim onun kim olduğunu başa düşmədi…”

Tarixi mənbələr də sübut edir ki, Mixaylonun qəhrəmanlıq dastanı təkcə bu faktlardan ibarət deyil, o bir əfsanəvi qəhrəman kimi Adriatik dənizinin sahillərində də sevilib. Hitlerçi zabit forması ona ehtiyac duyan kəndlərdə sadə libas ilə hər kəsdə heyrət, maraq, məhəbbət doğurub. İnsanlar ona xilaskar mələyi, faşistlər isə bir az öncə qeyd etdiyimiz kimi qorxulu röyası kimi baxıb.
Mixaylo Novxanıda, Rəsulzadənin kəndində doğuldu
Novxanı bizim üstümüzdə haqqı-sayı Bayraq qədər olan köyümüzdü. Yoxdan bir dövlət qurub, bayraq yapan Rəsulzadənin diyarında doğulmaq səadəti deyilən nədirsə, elə o özüdür. İncilinin, püstəsinin, badamının, yer-yemişinin, tənəyinin, üzümünün, iydəsinin, innabının öz yeri var. Gülü bir ayrıdı, bülbülü bir ayrı, Süsəni, sümbülü, qərənfili, ağ şanısı, qara şanısı ağzımızın dadıdı. Əlini, ayağını Xəzər yuyur Novxanının. Qəzəli gözəl, gözəli qəzəl qədər “nərmü-nazik bayatıdır, bayatı”. Ustad şairlərin, qəzəlxanların, xanəndələrin, el və dil bilicilərinin bu kənddə öz yeri, məqamı olsa da, qibləsi Məhəmməd Əmin Rəsulzadə, haqq kəlməsi Mehdidi. Mehdi Hüseynzadə – Mixaylo. Biri peyğəmbər əleyhissəlama, digəri əhli-beytə bağlıdı.
İkinci Dünya müharibəsində Azərbaycan 6 diviziyası, 700 mindən çox qəhrəman insanı, 300 min şəhidi, 125 Sovet İttifaqı Qəhrəmanı, faşizm üzərində qələbənin əsas təminatçılarından biri kimi əvəzsiz olan nefti ilə tarix yaratdı.

Mümkün olmayanları mümkünə çevirən Stalin, Jukov, Molotov, Rokasovksi kimi tarixi şəxsiyyətlərin sırasında, Azərbaycanın və Dağıstanın o zamankı rəhbərləri Bağırovla, polkovnik-komissar Əziz Əliyevin öz yeri olduğu kimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Məzahir Abbasovun, Züleyxa Seyid Məmmədovanın, Qambay Vəzirovun, Heybət Heybətovun, Məlik Məhərrəmovun, Ziya Bünyadovun və digərlərinin ayrıca yeri, məqamı vardı.
Mehdi əyninə əsgər kiteli – forması geyinəndə 23 yaşı vardı. Şəhidliyə qovuşanda 25-i təzə keçmişdi. Gözəl tar çalmağı, ruhunu, duyğusunu, sevgisini kağıza, kətana çevirməyi, fırçanın və qələmin müqəddəsliyində ilk məhəbbətin dastanını yaradırdı.

Mixaylo ata-anasını tez itirmişdi. Sevdiyindən də tez ayrıldı. Ayrılıq camına əcəl şərbəti süzəndə onun nişan üzüyü anadan qalma sandıqda idi. Bikə ilə Hüriyyət kəlağıyı da almışdı. Biz istəyən, deyən olmur ki? Yazı yazan özgə cür yazmışdı…
Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni;
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni…
Mixaylo bir nağıl, əfsanə, dastan kimidi. Bir az da istiqlal, azadlıq şərbətidi. İçdikcə yandırır, yandırdıqca çox mətləbləri andırır. Onun ən çox sevdiyi şairlərdən biri Mikayıl Müşfiq imiş. Sarı Aşığı da yaman sevər, tez-tez “Əzizim Güləbirdə, Yol gedir Güləbirdə, bir quş olub uçaydım, qonaydım gülə bir də” deyərmiş. Kaşki bir sarı yarpaq olaydım şeirindən də Sarı Aşığın iyi, ətri gəlir. Sarı Aşıq üzü qibləyə deyil, Yaxşıya yatdı. Müşfiq “Yenə o bağ olaydı” nidası ilə sevgili yar nisgilinin ən gözəl tablosunu yaratdı.
İkinci Dünya Müharibəsi başlayanda Mixaylo Şüvəlanda bağda idi. Kaş ki, yenə o bağ olaydı. Hüriyyət xanım süfrə salaydı. Bikə xanım qardaşına ad etdiyi üzüyü Mehdi, vüsalına yetmədiyi sevgisinin, qara sevdasının barmağına taxaydı, kəlağayısını da çiyninə salaydı. Nə müharibə olaydı, nə şəhərlər, kəndlər dağılaydı, könüllər xaraba qalaydı, nə qəlblər qaralaydı, nə də insanlar ayrı düşəydi. Nələr o qədərdir ki…
Mixaylo Cümhuriyyət qurulan il dünyaya gəldi. Cümhuriyyət 23 ay yaşadı. O, da 23 yaşında döyüşə yollandı. Bir də geri dönmədi. Bu cismən oldu. Bir kərə yüksələn Bayraq bir daha enməmək üçün Xəzərin sahilindən boy verdi. Rəsulzadənin, Mixaylonun varisləri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan iradəsinə mənsub olduğu Milləti, Məmləkəti Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa döndərdi. Qəhrəmanlar yetirən qəhrəman Mixaylonun Tarixi Zəfərdə öz payı vardı. Gərək gerçəyi deyək: Biz Vətənə sonsuz sevgini həm də ondan öyrənmişdik. Biz, Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində Qarabağa, Şərqi Zəngəzura təkcə Xəzərin sahilindən deyil, həm də Adriatik dənizinin yaxasından, “Uzaq sahillərdən” gəlmişdik. “Ana Vətən çağırır!” deyib, səngərlərə sipər, düşmənlərə çəpər olmuşduq! Bu il Faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. Üzü Zəngəzura, Qərbi Azərbaycana, həm də Zəngəzur Dəhlizinəyik! Tanrı xalqımıza da, Zəfər-Qələbə Memarımıza da, yar və yardımçı olsun!

Şərəf Cəlilli