Paytaxtımızın simvollarından biri olan Bakı funikulyoru bu gün 65 illik yubileyini qeyd edir. 1960-cı il mayın 5-də istifadəyə verilmiş bu unikal nəqliyyat vasitəsi, Şəhidlər Xiyabanı ilə Dənizkənarı Milli Parkı birləşdirərək həm yerli sakinlər, həm də turistlərə Bakının gözəlliklərini kəşf etmək üçün əvəzsiz bir fürsət təqdim edir.


Funikulyorun tarixi
Bakı funikulyoru Bakı Şəhər İcraiyyə Komitəsinin sədri, mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Həmin zaman qatarlar xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanıb Bakıya gətirilmişdi. SSRİ dövründə funikulyor nəinki Bakıda, hətta bütün ittifaqda məşhur idi.
Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılıb. Funikulyor 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Bakı funikulyoru “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” adlı iki stansiya arasında hərəkət edir. Stansiyalar arasındakı məsafə 455 metrdir.




65 illik yubiley münasibətilə gedişhaqqı ödənişsizdir
Bakının atributlarından biri çevrilən bu unikal nəqliyyat vasitəsi barədə Bakı şəhər Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılovla həmsöhbət olduq.
65 yaşlı Bakı funikulyorunun bu gün sərnişinlər üçün ödənişsiz olduğunu diqqətə çatdıran İdarə rəisi funikulyorun fəaliyyətinə də toxundu.
İdarə rəisi məlumat verdi ki, əsaslı təmirdən sonra bu gün burada həm vətəndaşlarımız, həm turistlər üçün çox əlverişli imkanlar yaradılıb: “Sonuncu dəfə həyata keçirilən təmir zamanı hər iki stansiya yenidən quruldu. Burada sərinşinlər üçün gözləmə zalı genişləndirildi və vaqonlar arası interval müddətində onların rahat şəkildə gözləmələri üçün hər cür şərait təmin olundu. Həmçinin vaqonlarımız, dəmir yolu, relslər, şpallar, qurğular hər biri yeniləri ilə əvəz olunub. Vaqonları aldığımız xarici şirkətlə bu gün əməkdaşlığımızı davam etdiririk, vaqonların ehtiyat hissələri həmin xarici şirkətdən alınır və müəyyən nasazlıqlar olduğu halda dərhal müdaxilə edilir. Bu da sərnişinlərin zaman itirmədən funikulyorlardan istifadəsinə imkan yaradır”.
T. İsmayılov bildirdi ki, Bakı funikulyorundan həftə sonları və bayram günlərində daha aktiv istifadə olunur: “Həftə içi günlərdə isə əsasən turistlər bu nəqliyyat vasitəsindən yararlanırlar. Vaqonlar arası interval əsasən 15 dəqiqə təşkil edir. Ancaq sərnişinlərin çox olduğu zamanlar bu intervalı azaldırıq. İnsanlar çox zaman bu məsafəni pilləkənlə qalxmağa çətinlik çəkirlər. Bakı funikulyorunun elə əsas üstünlüyü də ondan ibarətdir ki, həm sərnişinlərin rahatlığı təmin olunur, həm də Bakının gözəl mənzərəsini seyr etmək imkanı qazanırlar”.

Bakı funikulyorunun 65 illiyində burada olmaq bizim sevindirdi
Bakı funikulyoru xüsusilə turistlərin sevimli nəqliyyat vasitəsidir. Biz də Türkiyədən turist kimi ölkəmizə gələn Davut Ayluçtarhan ilə söhbətləşdik.
“Bakı funikulyoruna dünən gəlməli idik. Ancaq müəyyən səbəblərdən səyahət proqramımızda dəyişiklik etdik və bu gün gəlmək qismət oldu. Gəlişimizin Bakı funikulyorunun 65 illiyinə təsadüf etməsi bizi sevindirdi. Həmçinin bu gün vətəndaşlarla turistlər arasında fərq qoyulmadan gedişhaqqının hər kəsə ödənişsiz olması da çox təqdirə layiqdir. Bu Azərbaycan xalqının qonaqpərvəliyinin və turizm sektoruna ayrılan diqqətin, inkişafın göstəricisidir”, – deyə türkiyəli turist vurğuladı.

Davut Ayluçtarhan Bakı ilə bağlı da təəssüratlarını bizimlə bölüşdü: “Öz ailəmlə İstanbuldan gəlmişik. Düşünürəm ki, başqa ölkələrə getmək olar amma insan əvvəlcə öz qanından, canından olan millətlərin, qardaşlarının ölkələrini ziyarət etməlidir, tanımalıdır. Burada Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət etdik. Həmçinin Heydər Əliyev Mərkəzində də olduq. Ora çox mükəmməldir. Artıq 3 gündür ki, Bakıdayıq və ən kiçik nöqsanla belə qarşılaşmadım. Azərbaycan xalqı çox mehriban, gülərüz və yardımsevərdir. Ölkənin mətbəxi də çox dadlı və zəngindir. Azərbaycan digər ölkələrlə müqayisədə iqtisadi cəhətdən çox əlverişlidir. İnsanların şəhəri gəzmələri üçün imkanlar çoxdur və hər biri uyğun qiymətədir. Bakıya təkrar gəlməyi düşünürəm. Növbəti səfərimizi ailəmizin böyükləri ilə edəcəyik”.

Bakı funikulyoru şəhərin əbədi simvollarından biri olaraq qalacaq
Bakı funikulyorunun 65 illik yubileyi bu tarixi nəqliyyat vasitəsinin şəhər üçün əhəmiyyətini bir daha xatırladır. Həm praktik, həm də turistik dəyərə malik olan funikulyor Bakının qədim və müasir gözəlliklərini birləşdirən bir körpü rolunu oynayır. Yubiley münasibətilə ödənişsiz xidmət şəhər sakinləri və qonaqlara bu unikal təcrübəni yaşamaq üçün əla fürsətdir. Gələcək nəsillər üçün də öz əhəmiyyətini saxlayacaq olan Bakı funikulyoru şübhəsiz ki, şəhərin əbədi simvollarından biri olaraq qalacaq.
Elvin Camalov