Nəşr edilmişdir 05/01/2025

Paylaşın

TARİXİMİZ

Tağıyev Nərimanovu Metex qalasından çıxarmaq üçün Vorontsov-Daşkova dörd vaqonlu qatar bağışladı

Nəriman Nərimanov

İkinci yazı

Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi. Həbib bəy Mahmudbəyovun, Həsən bəy Zərdabinin, Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə bir çox layihələrə imza atdı. Bakı realnı məktəbdə müəllimlik hüququ qazanana qədər düz 5 il cüzi maaşla dolandı. Dövlət məmuru statusunu elə burada realnı məktəbdə alsa da, Həbib bəylə birlikdə gecə kursları təşkil etdi. Yaşlı insanların kurslara cəlb olunmasına nail oldu. Onunla birlikdə dərsliklər, dərs vəsaitləri yazdı.

Bu illər ərzində Bakı şəhər pedaqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov 1896-cı ilin əvvəlindən məktəbin direktorunun istəyi ilə həm də, realnı məktəbdə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi kimi fəaliyyət göstərirdi. Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı Şəhər Dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilir. Bu zaman Nərimanov dövlət qulluqçusu vəzifəsinə təsdiq edilərək həmin gimnaziyada fəaliyyətini davam etdirir. O, burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işgüzar, nümunəvi müəllim kimi göstərir. Yüksəksəviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülür”. Bu bir pedaqoq kimi onun arxada qoyduğu illərə verilən dəyər idi.

“Türk dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsin ki, Sabiri anlasınlar”
Nəriman Nərimanov qüdrətli pedaqoq olmaqla yanaşı, həm də nüfuzlu ictimai-siyasi xadim, yazıçı-publisist idi. Klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və Avropa ədəbiyyatını da gözəl bilirdi. Millətin maariflənməsi, məmləkətin tərəqqisi üçün ədəbiyyatı, mədəniyyəti, teatr və incəsənəti, kitabxana və qiraətxana işini ən ciddi təşviqat vasitəsi hesab edirdi. Yuxarıda da qeyd etdiyimiz kimi Nərimanovun Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə bu istiqamətdə gördüyü mühüm işlər nəticə etibarı ilə Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasına zəmin oldu. “Nərimanovun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Nərimanov müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyir, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayır, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edirdi”. Həbib bəy Mahmudbəyovun, Sultan Məcid Qənizadənin rəhbərliyi, dövrünün məşhur pedaqoqları, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov, Əliisgəndər Cəfərzadə, Süleyman bəy Əbdürrəhmanzadə, Məmmədtağı Atakişiyev, Daşdəmir Eldarxanov, Əli Terequlov, Səməd bəy Acalov (Hacı Əlizadə), Pənah Qasımov, Yakov Keylixis, Əbdülhəmid Qorçubaşov kimi milli məfkurədən milli dövlətçiliyə ustad-şəyird müqəddəsliyi ilə yol gələn ziyalılarla zamanın, quruluşun üstünə yeriyir, millətin cəhalətdən qurtuluşu üçün sinif otaqlarını elmi-irfanın baş köşəsinə çevirir, mənsub olduğu məmləkətin haqq səsinə dönür, “şovinizmə” üsyan edir, ruspərəst mövqeyi ilə xalqını aşağılayanlara, dilini, mədəniyyətini, tarixini, ədəbiyyatını ondan yüksəklərdə tutanlara dərs verirdi: “Türk uşaqları təkcə Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini bilməlidir”. Nərimanovun tövsiyyəsi bu idi ki, Türk dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar”.

Sərt çıxışları ilə millətinin haqq səsinə dönəndə, ictimai-siyasi xadim, nüfuzlu pedaqoq kimi çəkinmədən problemləri dilə gətirəndə Nərimanovun cəmi 26 yaşı var idi. O zaman Çar Rusiyasının Tiflisdə və Bakıda olan millətçi-şovinist nümayəndələrinin üstünə yeriyən Nərimanov illər ötəndən sonra, Şura hökuməti illərində Azərbaycanın Birinci şəxsi, Komissar Nəriman Nərimanov kimi Mərkəzi Komitədə, Moskvada, yuxarı eşalonda oturanlara yerini göstərirdi. Tarixi mənbələr, arxiv materialları da sübut edir ki, Nəriman Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırırdı…
1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda Nəriman Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdu. Feliks Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuşdu. Buna nail olmaqla o, öz tövsiyyələrini Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ünvanlamışdı”.

Hələ gənclik illərində, fəaliyyətinin Bakı dövründə Həbib bəy Mahmudbəyov kimi Bakı Quberatoruna məktub ünvanlayan, onun 18 aprel 1897-ci il tarixli qərarı ilə Qiraətxana açmağa nail olan Nərimanov bu mütərəqqi addımı ilə ölkədə milli maarifçilik hərəkatına, ana dilinin təbliği məsələlərinə töhfə vermiş, mənəvi müəlliminin, ustadının ana dili ilə bağlı gerçəkləşdirdiyi layihələri inkişaf etdirmişdi.
Bakıda ilk Rus-tatar məktəbini quran, dərslik və dərs vəsaitlərini qələmə alan, kitabxana və qiraətxananın, teatr truppasının təməlini qoyan Həbib bəy Mahmudbəyov deyirdi: “Bütün Rusiyada bizim məktəblər müdhiş bir vəziyyətdə idi… Ana dili hər yerdə gözdən düşmüşdü. Onu öyrənmirdilər. Bir dənə də olsun türkcə dərslik yox idi… Biz şüurlu gənc müəllimlər necə olursa olsun öz ana dilimizi dirçəltməli, rus-tatar məktəblərində dilimizi dirçəltməli, onun məcburi bir fənn kimi keçirilməsinə nail olmalı, dərsliklər tərtib etməli, ruscadan türkcəyə uşaq hekayələri tərcümə etməli, qiraətxana və kitabxanalar açmalı, uşaq jurnalları nəşr etməli idik”.

Nəriman Nərimanov bununla həm də Firudin bəy Köçərlinin: “Bir millətin malını, varını, dövlətini əlindən alarsan məhv olmaz, dilini alarsan tərk olub gedər!” – nidasını gerçəyə çevirmiş, Qori Müəllimlər Seminariyasını Qazaxa köçürməklə Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundzadənin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun ənənələrini yaşatmış, davam etdirmişdir. Bununla yanaşı o, həm də Şərqdə ilk Qız Məktəbini quran, Hacı Zeynalabdin Tağıyevin böyük arzularının gerçəkləşməsi üçün cəsarətli addım atmışdır ki, nəticə etibarı ilə bu həm də, Bakıda, daha doğrusu Qafqazda, Şərqdə, türk dünyasında Müəllimlərin I Qurultayının çağırılması ilə nəticələnmişdir. Onun bu dövrdə qələmə aldığı publisistik yazılarının, elmi məqalələrinin, bədii əsərlərinin əksəriyyəti xalqın cəhalətdən qurtuluşuna, maarifçilik məsələlərinin təbliğinə həsr olunmuşdu ki, bu sırada “Nadanlıq”, “Bahadır və Sona”, “Nadir Şah” kimi bu gündə Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunan kitabları vardı.


İnsanların ruhunun hakimi kimi qələm çalan Nəriman Nərimanov mənsub olduğu milləti düşdüyü cəhalət və səfalət girdabından xilas etmək üçün, həm də onun sağlamlığı barədə düşünür. Onu Tiflisdən Bakıya gətirən qatar, Bakıdan uzaqlara, lap uzaqlara, Ukraynaya, Odessaya aparır. Müəllim, ictimai xadim, yazıçı, publisist Nərimanovdan həkim, alim, siyasi xadim Nərimana yollar görünür.

Mirəsədulla Mirqasımov: “Mən Universitetə daxil olanda Nərimanov artıq, müəllim kimi burada çox böyük nüfuz qazanmışdı, baxmayaraq ki, o, tələbə idi”
Bütün həyatını mənsub olduğu millətin tərəqqisinə həsr edən Nəriman Nərimanov hansı vəzifəni tutmasından asılı olmayaraq “Doktor Nəriman” deyə sevildi, hörmətə layiq oldu.
Tiflisdən, Borçalıdan Bakıya qədəm qoyanda onu iki ciddi məsələ düşündürmüşdü: “Sağlam bədəndə sağlam ruh olar və ruhu sağlam olmayanın bədəninin sağlam olmasından fayda olmaz”. Bu səbəbdən də, o bir pedaqoq, ictimai xadim kimi çox böyük hörmət və nüfuz qazandığı Bakıdan ayrılmaq, müəllim Nərimandan doktor Nərimana körpü salmaq qərarına gəlir. Düz 11 il Sultan Məcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun, Hacı Zeynalabdin Tağıyevin sayəsində tanıdığı, sevdiyi Bakıya, Vətənə daha faydalı, gərəkli xidmət üçün Odessaya yollanmaq qərarına gəlir. Millətin atasına – Hacı Zeynalabdin Tağıyevə rəsmi məktubla müraciət edərək onun “Kontorundan” yardım alır. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 609-cu Fondda mühafizə olunan 1902-ci il yanvarın 27-də və 1913-cü il aprelin 16-da imzalanan müraciət və təşəkkür məktubları Tağıyevin bir mesenat kimi xeyirxahlığının, Nərimanovun milli mücadilə naminə hər şeyə – hətta borc almaq kimi bir kişi üçün ağır olan məsələyə də qol qoyduğunu sübut edir. 1902-ci ildə 32 yaşında Novorosiyski İmperator Universitetinin tibb fakültəsinə daxil olur. O, burada təkcə təbabətin sirlərinə yiyələnmir, dövrünün məşhur təbib-filosof alimləri ilə tanış olur. Hələ dördüncü kursda təhsil alarkən “Tibb və İslam” əsərini qələmə alır. Bu onun bir türk, müsəlman olaraq İslam elm tarixinə verdiyi ən qiymətli töhfələrdən idi. Tarixə İbn Sina, İbn Rüst, İbn Ərəbi, Bəhmənyar, Şeyx Barik kimi məşhur təbib-filosoflar yetirən Şərqin əzəmətini sübut edir. Odessaya, Novorossiyski İmperator Universitetinə tələbə kimi qədəm qoyan Nəriman Nərimanov hələ dördüncü kursdan nüfuzlu pedaqoq kimi ona mühazirə oxuyan müəllimlərin sırasında yer alır. AMEA-nın 15 təsisçisindən biri, ilk prezidenti akademik Mirəsədulla Mirqasımov bu barədə öz xatirələrində qeyd edir: “Mən Novorosiyski İmperator Universitetinə daxil olanda Nərimanov artıq nüfuzlu müəllim, həkim kimi çox böyük hörmət qazanmışdı. Bu bir azərbaycanlı kimi bizi qürurlandırırdı. Müəllimlərimiz bizə onun “Tibb və İslam” kitabından mühazirə oxuyurdu”.

Nəriman Nərimanov Novorosiyski İmperator Universitetində təkcə bir həkim, alim deyil, həm də ictimai-siyasi xadim kimi yetişirdi. Universitetin elmi-ictimai mühiti Çar Rusiyasındakı rejimi qamçılayır, sosial ədalətin bərpası uğrunda mübarizlər yetişdirirdi. Bu səbəbədən də, Nərimanovun irsinin ciddi tədqiqatçıları haqlı olaraq Odessa mühitinin onun siyasi fəaliyyətində mühüm mərhələ olduğunu qeyd edir. Siyasi xadim kimi tələbə hərəkatının ona təsirində tarixi faktlarla söz açırlar: “Nəriman Nərimanov siyasi fəaliyyətə Odessada Tələbə hərəkatından başlamışdı. Çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıtmış, sosial-demokrat “Hümmət” təşkilatına daxil olmuşdur. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyasının əsasını qoyanlardan biri olmuşdur. 1906-cı ildən başlayaraq mətbuatdakı çıxışları mədəni-maarif problemləri ilə yanaşı, açıq siyasi məzmun daşımışdır. “İrşad” və “Həyat” qəzetlərində silsilə məqalələr dərc etdirmişdir.
Bütün həyatını milli maarifçilik və əbədi istiqlal, milli dövlətçilik məsələlərinə həsr edən Nəriman Nərimanov taleyin sərt üzündə özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan, xanlıqlara parçalanan, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” dəhşətlərini yaşayan Vətənin birliyi, bütövlüyü üçün qılınc sıyırıb bu taya, Təbrizdən Dərbəndə, Borçalıya, İrəvana, Qarabağa, Naxçıvana qədər gələn Nadir şah Əfşardan, Ağa Məhəmməd şah Qacardan sonra ayağa duran ilk liderimiz idi ki, “Mücahid” Partiyasının qurulması, Təbrizin oyanışı üçün nəinki əlindən gələni əsirgəmir, bu yolda açıq mübarizəyə atılır ki, onun ardıyca bu müqəddəs missiya uğrunda Məhəmmədəmin Rəsulzadə, sonra isə Bağırov – Əziz Əliyev Güney Azərbaycan Missiyasını gerçəkləşdirəcək, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin milli mücadiləsinə, əbədi istiqlal savaşına təkan verəcəkdilər. 1906-cı ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimlərinin Birinci Qurultayının təşkilində Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə mühüm xidmətləri olan Nəriman Nərimanov tarixi nitqi, “Müəllimi olmayan millətin keçmiş və gələcəyi olmaz!” nidası ilə cəhalətdən qurtuluşun Müəllim və Məktəb adına bağlı olduğunu sübut edir ki, Qurultayın himayədarı Hacı Zeynalabdin Tağıyev qısa bir zamanda Şərqin ilk Qız Məktəbini qurmaqla “Bir oğlana təhsil verməklə, təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə, təhsilli bir ailə!” hikmətini gerçəyə çevirir.


Elə həmin il Novorosiyskidən ona ünvanlanan teleqram yenidən Nərimanovu Odessaya aparır. Universitetin tədrisi müvəqqəti dayandırması ilə bağlı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Nərimanov 1908-ci ildə təhsilini başa vurub yenidən Bakıya, taleyinin şəhərinə dönür. Həkim kimi fəaliyyətə başlayır.

Nərimanovun yazdığı resept Beynəlxalq Tibb Təqviminə düşdü
Qısa fasilələri, Həştərxanda keçən sürgün illərini nəzərə almasaq deyə bilərik ki, Nəriman Nərimanov ömrünün, hətta yuxusuz gecələrini üst-üstə yığsaq gecəli-gündüzlü ömrünün böyük bir qismini məhz doktor Nəriman olaraq keçirib. 1909-cu ildən 1918-ci ilə qədər “Xolera-vəba”, “Şaxotka-vərəm”, “Traxoma”, “Qadınlar aləmi”, “Tibb və İslam”, “Əyyaşlıq” və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmiş, “Tibb və islam” kitabçasını yoxsul fəhlələr arasında pulsuz paylamışdı. Vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizəyə həsr olunan elmi-kütləvi məqalələri ilə infeksion xəstəliklərə qarşı mübarizə aparmış, “Burhani-tərəqqi”, “İdel”, “Astraxanskiy kray”, “Baku”, “Sədayi-həqq” kimi dövrünün mətbu orqanlarına məqalələr yazmış, 1914-cü ildə Qara şəhər xəstəxanasında fəhlələrə təmənnasız xidmət göstərmiş, neft mədənlərində çalışan fəhlələrin pulsuz, öz hesabına müalicəsinə nail olmuş, onların dava-dərmanını almış, Bakı kəndlərinin əhalisinə yardımda bulunmuş xəstələrin böyük bir qismini evində qəbul etmişdir. 1918-ci ildə Bakı Şəhər Təsərrüfat Komissarı kimi şəhərin sanitariya, əhalinin gigiyena ilə bağlı problemlərinin gündəmə gətirilməsində, həll edilməsində mühüm rol oynayan doktor Nəriman Nərimanov bu illər ərzində fasiləsiz xidməti ilə şəhərin müalicə-profilaktika məsələlərinin böyük bir qismini öz üzərinə almışdır.


Ulu öndər Heydər Əliyevin Azərbaycan KM-nın plenumunun qərarı ilə qurulan, Nəriman Nərimanovun ev muzeyində qorunan, onun Qara şəhərdə işlədiyi yarımillik fəaliyyəti barədə Bakı Tibbi-sanitariya bürosunun hesabatında qeyd olunan faktlar da dediklərimizə əyani sübutdur: “Doktor qəbul vaxtını məhdudlaşdırmırdı. Bir gündə onun qəbuluna 50-dən 80-ə kimi xəstə gəlirdi və onlara hər cür tibbi yardım göstərilirdi. 1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmiş, 9418 resept yazmışdır ki, bu da müasir dillə desək dünya rekordunu təzələmiş, Beynəlxalq Tibb Təqviminin təşkilat komitəsi onun reseptlərindən birini təqviminə əlavə edərək nəşr etdirmişdir. Bu bir türk, azərbaycanlı, müsəlman olaraq təkcə doktor Nərimanın deyil, hər birimizin iftixarı, tarixi nailiyyətlərindən idi.

Bütün həyatını millətinin cəhalətdən qurtuluşuna həsr edən, qələmini, neştərini süngüyə çevirən, müəllim, həkim, ictimai-siyai xadim kimi nüfuz qazanan Nəriman Nərimanov təbabətdən siyasətə yol gələn ilk liderimiz kimi fəaliyyətinin bütün dönəmlərində vətəndaş məmnunluğu, insan sağlamlığı uğrunda mücadilə etmiş, quruluşun, zamanın, yuxarı eşalonlarda oturanların üzərinə yerimişdi. Onun Moskvada- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən Rusiya Qırmızı Xaç cəmiyyətinin sədri Z.Solovyevə və RSFSR Xalq səhiyyə komissarı N.A.Semaşkoya göndərdiyi məktublar bunu sübut edir. Həmin məktublarda o, Azərbaycan əhalisinin tibb və səhiyyə sahəsindəki ehtiyaclarından danışır və xahiş edir ki, Azərbaycanın cərrahiyyə, aptek alətləri, müxtəlif tibbi preparatlar, xüsusi ilə həmin dövrdə, vacib, daha çox ehtiyac duyulan malyariya əleyhinə vaksinlərlə təmin edilməsini xahiş edir”.
Nəriman Nərimanov qüdrətli pedaqoq, Hippokrat andına sadiq qalan peşəkar həkim, istedadlı yazıçı, publisist olsa da, nüfuzlu ictimai-siyasi xadimdi. Bütün həyatı mücadilələrdə keçən bu dahi şəxsiyyət 1909-cu ildə Tiflisə hicrət etmək məcburiyyətində qalır, onun Bakıdan Tiflisə dönüşü siyasi təqiblərlə bağlı olmaqla yanaşı, təbabətdən siyasətə yol gələn doktor Nərimanın həbsxana həyatını, sürgün illərini özündə ehtiva edir.

Bakıdan Tiflisə dönüşü Nərimanovun həbsxana həyatını, sürgün illərini özündə ehtiva edir
Metex qalası özünün dəhşətli zindan qanunları ilə Çar Rusiyasının ən dözülməz həbsxanalarından biri idi. Ora daha çox siyasi dustaqlar, imperiyanın üstünə yeriyən tarixi şəxsiyyətlər salınırdı. Onun dəhşət üzünü görən məşhur simaların içərisində Ömrə Faiq Nemənzadənin Nəriman Nərimanovun adını çəkmək kifayətdir ki, Çar Rusiyasının Qafqazlarda Azərbaycan türklərinə münasibəti barədə bilgiyə malik olasan.
1908-ci ilin sonralarından Güney Azərbaycan məsələləri ilə bağlı hədəfə alınan Nəriman Nərimanov Bakıda təqib olunmağa başlayır. Onun, o tayda qurulan “Mücahid” Partiyasının fəaliyyətindəki mövqeyi siyasi çevrilişə cəhd kimi qiymətləndirilir. Çar Rusiyasını bu məsələyə həm də İran rejimi təhrik edir. Düzünə qalsa məsələnin bu yönü həqiqət idi. Hacı Zeynalabdin Tağıyev Nərimanovun, Rəsulzadənin əli ilə Təbriz üsyanlarına yardım edir, əhalinin oyanışı, qurtuluşu, birliyi, bütövlüyü uğrunda mübarizəsi üçün ayağa qalxmasını arzulayırdı. Bu dövrdə Çar Rusiyasında cərəyan edən hadisələr, imperiyanın əyalətlərindəki Tağıyev kimi müdrik adamları ayağa qaldırmışdı. Nə Çar, nə də İran şahı bu məsələni həzm etmək istəmirdi. Nərimanovla Rəsulzadə isə hədəfdə idi. Onun Bakıdan çıxmasını, doğulduğu torpaqlara – Tiflisə hicrət etməsini tövsiyə edənlər də Tağıyev başda olmaqla Bakı əsilzadələri idi. Nərimanovun Tiflisə 1909-cu il martın 1-də gəlişi ilə Metex qalasına salınması bir olur. Onu “Mücahid” Partiyası qurmaqda, İran inqilabçılarına dəstək verməkdə ittiham edirlər. Altı ay həbsxanada qaldıqdan sonra onu Həştərxana sürgün edirlər. Bu müddət ərzində Hacı Zeynalabdin Tağıyev onun hüquqlarını müdafiəsi üçün vəkil tutur. Çar Rusiyasının Qafqaz canişini İllarion İvanoviç Vorontsov-Daşkovla şəxsən danışıqlara gedir, malikanəsində onu qəbul etməklə kifayətlənmir, Bakı buxtasında neft quyuları olan Canişinə dörd vaqonlu qatar “hədiyyə” edir. Bu o dövr üçün bir ovuc brilianta, 5 min çevron qızıl zayoma bərabər idi. “Kaspi” mətbəəsini satın alıb milli mətbuatı milli məfkurənin təməldaşına çevirən Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi dahiləri himayə edən Tağıyev Nərimanovu Odessaya təhsil almağa göndərərdiyi, onun müraciəti ilə təhsil haqqını öz üzərinə aldığı kimi, onun Metex qalasından xilasını da, övlad qayğısı, ata məhəbbəti, daha doğrusu Millət fədaisi olaraq qəbul edir. Vorontsov-Daşkovun icazəsi ilə Nərimanovun doğmaları Rizvan Nərimanovun, Səkinə Zamanovanın, Mərziyyə Zeynalovanın adından Çar Rusiyasının Qafqaz Canişinliyinə məktub ünvanlanır. Qaldırılan məsələ, təqdim olunan diləkçə ilə bağlı Nərimanov zindandan azad edilərək Həştərxana sürgünə göndərilir. 1909-cu ildən 1913-cü ilə qədər ictimai-siyasi fəaliyyətinin Həştərxan dövrünü yaşayan Nəriman Nərimanov Həştərxan Xalq Universitetləri Cəmiyyətini təsis etməklə yanaşı onun maliyyə yükünü də öz üzərinə almış, həkim kimi əldə etdiyi gəlirlə Cəmiyyətin inkişafına, regionun elmi-mədəni dirçəlişinə töhfə vermişdir. Həştərxan quberniyası həkimlərinin II qurultayında “Şureyi İslam” Cəmiyyəti adından çıxış edən Nəriman Nərimanov quberniyanın səhiyyə məsələlərinə, sosial siyasətinə rəhbərlik etmiş, müalicəxanaların qurulmasında əlindən gələni əsirgəməmiş, peşəkar həkim kimi yerli həkimlərə pulsuz mühazirələr oxumuş, praktik məşğələlər aparmışdır. Bu səbəbdən də, bu gün adının, xatirəsinin əbədiləşdirildiyi Həştərxanda hər bir türk, müsəlman və qeyri millətlərdən olan insanlar onu ehtiramla xatırlayır. Səhhəti, daha doğrusu, həm də siyasi fəaliyyəti ilə bağlı 1918-ci ildə yenidən Həştərxana gələn Rusiya Kommunist (bolşeviklər) Partiyasının Həştərxan Təşkilati müsəlman bölməsinin komitə üzvü, “Hümmət” Qafqaz Müsəlman Kommunist Partiyası Mərkəzi Bürosunun rəhbəri, Həştərxan İcraiyyə Komitəsi maarif şöbəsinin müdiri, 1919-cu ilin yanvarından Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığının sədri kimi tarix yaradan, ən çətin zamanlarda, dar məqamlarda onlarla birlikdə olan liderlərini unutmurlar.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii

Ən son

TARİXİMİZ

Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi.

TARİXİMİZ

Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi.