Altıncı yazı
Bütün dövrlərdə mövcud olan dövlətlərin özgürlüyünün rəmzi olan bayrağı, gerbi, tuğrası olub. Qüdrətli orduya, iqtisadiyyata malik olan ölkələrin böyük elçilikləri fəaliyyət göstərib. 1990-cü ilin mayı Səabil qəsrinə, Bakıya bir başqa yeniliklə qədəm qoyur. “Bu illərdə Dövlət Senatı Bakı üçün gerb təsdiq edir. 1900-cü ilin mayında Bakı Bələdiyyə İdərəsinin yeni binasının (indiki Bakı Şəhər İcra Hakimiyyətinin binasının) təməli qoyulur. Əzəməti, memari quruluşu, gözəlliyi ilə Bakının, Səbailin, ümumiyyətlə ölkənin rəmzlərindən birinə çevrilən, şəhərin incilərini, memarlıq abidələrini yaradan memar Qoslavskinin şah əsərlərindən hesab olunan Binanın layihəsi üzərində bütün enerjisini, imkanlarını səfərbər edən, maddi vəsaitini əsirgəməyən Şəhər Bələdiyyə İdarəsi Qafqaz canişinliyində nəinki layihənin təsdiqinə nail olmuş, canişin Vorontsov-Daşkovun da qayğılarını üzərində hiss etmişdi. Vorontsov-Daşkovu Bakıya bağlayan bir səbəbi də onun Bayıl buxtasında mövcud olan neft quyuları idi. O, Səbailə tez-tez gələrdi. Təkcə canişin kimi deyil, həm də “Bakı neftxudalarından” biri kimi o, Bakı Bələdiyyə İdarəsinin layihəsini tərəddüd etmədən təsdiq edir. Deyilənə görə həm də, 400 min manata başa gələn binanın tikintisi üçün digər Bakı mesenatları kimi o, da büdcəyə pul yatırır. Unudulmaz Manaf Süleymanovun məşhur “Eşitdiklərim, gördüklərim, oxuduqlarım” kitabına istinad edərək deyə bilərik ki, bu məşhur “Binanın fasadını bəzəmək üçün İtaliyadan qırmızı kərpic, əlvan, güllü-çiçəkli mərmər və digər əşya gətirmişdilər. 1870-ci ildə təsis edilmiş Şəhər İdarəsi “Qoşa qala” qapısının yanındakı iki-mərtəbəli mülkdən 1904-cü ildə Şirvan darvazası yanındakı təzə əzəmətli binaya köçür. Qoslavskinin vəfatı (1904-cü ildə) münasibətilə yazılan nekroloqda deyilirdi ki, şəhərin bələdiyyə idarəsi nəhəng memarın tükənməz ilhamının, parlaq istedadının məhsuludur. Bakı müsəlman qız məktəbinin və bir neçə gözədəyimli mülkün, binanın da layihəsini o işləmişdi.
Bakı Bələdiyyə İdarəsi Rusiyada ən dövlətli bələdiyyə idarəsi idi. Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4 min manat maaş aldığı halda, Bakı milyonçuları israfçılığa yol verərək, səxavətin son həddini göstərmiş, 20.000 manat maaşla Rayevi Kurskdan bələdiyyə rəisliyinə dəvət etmişdilər. Bu dövrdə Çar Rusiyasında nazirlər ildə cəmi 15 min manat maaş alsalar da, Rayev Bakı milyonçularının səxavətindən sui-istifadə edərək yüksək maaş almasına baxmayaraq, “Öz həmyerlilərini Kurskdan Bakıya gətirib yüksək maaşla işlətmiş, şəhərə gərək olan bütün qiymətli avadanlıqları Kursk zavodlarından sifariş vermişdir ki, bu da Duma iclaslarında müzakirə mövzusuna, mətbaut səhifələrində isə felyetonlara çevrilmişdi”.
XX yüz ilin əvvəlində sürətli tərəqqi dövrünə qədəm qoyan Səbail Bakının tikilib-qurulması, neft sənayesinin ikişafı ilə yenidən qurulurdu. 200-dən çox böyük-kiçik zavod, fabrik və emalatxanalara malik olan Səbailin, Bakının küçələrində hələ də neft fənərləri yandırılırdı. Ancaq mərkəzi küçələrdə Nikolayev, indiki İstiqlaliyyət, Velikoknyaz indiki Əziz Əliyev, Olkinski indiki Məhəmmədəmin Rəsulzadə, Torqovi indiki Nizami, Telefonnı indiki 28 may küçələri, bir də Bulvarda elektrik işığı vardı.
Bu təkcə Səbailə, Bakıya çəkilən ilk elektrik xətti deyildi, bütün ölkədə qurulan elektrik şəbəkəsi idi. Səbaildən Bakıya yayılan nur 30-cu illərdən sonra bütün bölgələri. Uzaq dağ kəndlərini belə “İliç lompaları” adında əhatə edəcəkdi.
Bakı liman şəhərinə Səbaildə çevrildi
Səbailin, Bakının sürətli inkişaf neft sənayesini ilə yanaşı, həm də onun liman şəhəri kimi nüfuzu ilə bağlı idi. Bakı limanı kimi tanınan Səbail limanı Xəzərin sahilini əhatə edirdi. Limanın sahili Şərqdə Zığ burnundan başlayıb, qərbdə Şıx burnuna qədər 24 km uzanırdı. Bu arada onlarla körpü, gəmi tərsanəsi, təmir zavodu vardı. Sahilin orta hissəsində şəhərdəki körpülərdən gəmilərə cürbəcür mallar – manufaktura, dən, un, taxıl, düz, çay-qənd, kişmiş, qaysı, meyvə-tərəvəz, taxta-şalban, odun, dəmir, mis, kömür yükləyirdilər”.
Səbailin, Bakının liman şəhərinə çevrilməsi ölkənin iqtisadi-siyasi mərkəzi kimi formalaşmasına təkan verdiyi kimi yeni-yeni qurumların yaranmasına da zəmin yaradırdı. Ölkənin gömrük xidmətinin, gömrükxana işinin təşkili ilə yanaşı, həm də sərnişindaşıma, yükdaşıma xidməti qurulur, nəqliyyatın infrastrukturu yaranır. Əldə olunan məlumatlardan bəlli olur ki, Zığ və Şıx burunlarını əhatə edən Limanın bir hissəsi xüsusi olaraq məhz, gömrükxana və sərnişin körpüləri üçün ayrılmışdı. Dadaşov qardaşları və “Qafqaz-Merkuri” şirkətinin gəmi tərsanələri, digər təmir emalatxanaları, gömrükxana, onun anbarları və dəniz qırağındakı dükanlar da bu hissədə yerləşirdi.
Merkuri, indiki Zərifə Əliyeva küçəsində Tağıyev teatrının arxasında sahil boyu iyirmiyə qədər ağac-taxta, odun anbarı vardı; neçə ildən qalma taxta, dirək, şalban, tir, qapı-pəncərə çərçivələri, odun satılırdı. Körpülər sahiblərinin, ya da şirkətin adını daşıyırdı. İmamverdi körpüsü, Adamov körpüsü…
Bakının liman şəhəri kimi inkişaf dinamikası bununla bitmir. Ötən əsrin əvvəlində limanın birinci hissəsi ilə yanaşı ikinci hissəsi də qurulur. Qara şəhərdən başlayıb Ağ şəhəri əhatə etməklə Soltan və Zığ burunlarına qədər uzanan ikinci hissədə 43 körpü vardı ki, onun da əksəriyyəti iş adamları və ayrı-ayrı şirkətlərə məxsus idi. Bu körpülərdən əsasən duru yanacaq – mazut, neft, benzin, maşın yağları daşınırdı. Neft emal edən, təmizləyən zavodlar, neft anbarları, benzin rezervuarları, kükürd turşusu, mis, çuqun əridən zavodlar, gəmi təmiri tərsanəsi bu ərazidə idi”. Bu səbəbdən də ərazi başdan-başa hiss-pasdan, tünd qara rəngdən ibarət idi. Tüstünün, hisin əlindən tərpənə bilməyən insanlar üçün Səbailin, Bayıl buxtasının bu hissəsi həyatın ağır, taleyin sərt üzünü özündə ehtiva edirdi. İstər Bakı kəndlərindən, Güney Azərbaycandan, Orta Asiyadan, istər də, ölkənin regionlarından çörək dalıyca şəhərə gələnlər elə o zamanlar leksikonumuza daxil olan Qara şəhərdə məskunlaşır, çörək qazanırdı.
Əldə olunan mənbələrdən o da, bəlli olur ki, “Limanın üçüncü, şərq hissəsi Bayıl burnundan başlayıb Naftalan-Bibiheybətə qədər davam edirdi: o aradakı on bir körpüdən gəmilərə qara neft, ağac-taxta, sement və mazut yüklənər, qış aylarında gəmilər təmirə dayanardı. Bu körpülərdə hər növ gəmiyə rast gəlmək olardı: buxar gəmiləri, yelkən gəmiləri, tanker, minik gəmiləri, barkazlar, irili-xırdalı qayıqlar.
Bakıda, ümumiyyətlə Azərbaycanda ilk limanlar, bərələr Səbaildə, Bayıl buxtasında quruldu ki, bununla da o, istər Çar Rusiyası, Cümhuriyyət dövrü, istər də Şura hökuməti illərində Xəzər Dəniz Gəmiçiliyi ölkənin gəlir mənbələrindən birinə çevrildi. Müstəqillik illərində “Əsrin müqaviləsi”nin imzalanması, Böyük İpək Yolu layihəsinin bərpası ilə bu istiqamətdə mühüm nailiyyətlərə imza atıldı. Yeni-yeni terminallar quruldu. Yükdaşıma, nəqliyyat və gəmiçilik istiqamətində mühüm dövlət proqramları həyata keçirildi. Bakı terminalı fəaliyyətə başladı. Bu sahəni peşəkar mütəxəssislərlə təmin etmək üçün Dənizçilik Akademiyası quruldu ki, bu da Səbailin tarixinə yazılan mühüm məqamlardandır. Ölkənin nəqliyyat-infrastrukturu şəbəkəsində mühüm yer tutan, 130 il öncə təməli qoyulan Bakı limanında hələ o zamanlar qeyd etdiyimiz kimi çoxlu gəmilər vardı. “Gəmiçilik o dərəcədə inkişaf etmişdi ki, Xəzər dənizi ilə yükdaşımada Rusiyada birincilər sırasında idi”. Bu gün Bakl-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi ciddi neft-qaz layihələri ilə yanaşı, Bakı Yük Terminalı təkcə ölkənin deyil, Böyük İpək Yolu boyunda yerləşən Şərqdən Qərbə, Asiyadan Avropaya, Türküstandan Çin Səddinə uzanan dəhlizləri birləşdirir. Səbailin, Bakının, ümimiyyətlə “Əsrin müqaviləsi” ilə dünyanın iqtisadi-siyasi və mədəni əlaqələrinin inkişafına töhfə verən Odlar Yurdu Azərbaycanın nüfuzunu möhkəmləndirir, iqtisadi potensialın intellekt kapitalına çevrilməsinə şərait yaradır. Ötən əsrin Səbaili neft sənayesinin, iqtisadi, sosial dirçəlişin, kompleks tərəqqinin məskəni olduğu kimi, bu gün də öz ənənəsini qoruyur. Bakının, ümumiyyətlə ölkənin kompleks inkişafına, yenidən qurulmasına, tarixi zəfərə imza atan Şərqi Zəngəzurun, Qarabağın dirçəlişinə töhfələr verir.
Şərəf Cəlilli