Dördüncü yazı
Bakının iri, inkişaf etmiş şəhərə çevrilməsində, Şərq memarlıq və şəhərsalma ənənlərinə uyğunlaşmasında adları sadalanan bu tarixi tikililərlə yanaşı həmin dövrdə Səbaildə həm də tolerantlıq ünvanı olan Tanrı evləri məscidlər, kilsələr tikilməyə başlayır. Dəyərlərin əyarına çevrilən Səbailin bu gün də əvəzsiz memari incilərindən hesab olunan, birliyin, bütövlüyün, dinlərin və mədəniyyətlərin dialoq ünvanına çevrilən “Qızıllı”, yaxud “Aleksandr Nevski” kilsəsi, “Təzəpir məscidi”, “Əjdər bəy” və yaxud “Göy məscid”, “Budaqov” kilsəsi, iki “Kirx” məhz bu dövrün mədəniyyət hadisəsi kimi yaddaşlara yazılır.
Aleksandr Nevski kilsəsi şəhərin mərkəzində tikilmişdi. Özü də qəbristanlığı qazıyıb onun üzərinə təməl qoymuşdular. Qızıl rənginə çalan kilsənin par-par parıldayan qübbələri on kilometrlərlə uzaqdan görünür, səfərdən qayıdan gəmilərin kapitanları səmti o qübbələrlə müəyyənləşdirirdilər”. Deyirlər, əslində deyirlər yox, həqiqətdə də belədir ki, III Aleksandr Bakıda möhtəşəm kilsə tikilməsi üçün pul ayırır və şərt qoyur ki, o, əzəmətli və yaraşıqlı olmalıdır. Memarlar məsləhətləşirlər ki, Novı-Afon kilsəsinə oxşar, lakin ondan daha üstün bir məbəd tiksinlər. Akademik Marfeld baş memar təyin edilir. Novı-Afondan çertyojların surətini gətizdirirlər. Layihə tamam olanda görürlər ki, ayrılan məbləğ azdır. Başlayırlar “ianə” toplamağa. Bakıdan toplanan 200 min manat ianənin 150 min manatını əhalinin əksəriyyətini təşkil edən müsəlmanlar toplamışdı.
Tolerantlığın ünvanı, dinlərin, sivilizasiyaların, mədəniyyətlərin dialoq məskəni Odlar Yurdu Azərbaycanda, baş şəhərimiz Bakıda, Səbail qəsrindən ucalacaq Aleksandr Nevski kilsəsinin təməlqoyma mərasimində iştirak üçün 1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III Aleksandr Tiflisdən ailə üzvləri və əyanları ilə Bakıya gəlir. Şəhərin simaları, qubernator, bələdiyyə sədri, qlasnılar, məmurların, milyonçuların, tacir və əyanların iştirak etdiyi qarşılanma mərasimində Çarı qarşılamaq üçün əsas sima Hacı Zeynalabdin Tağıyev seçilir.
Deyirlər, “qarşılanma mərasimində hər kəs papağını çıxarıb Çara təzim edir. Təkcə Tağıyev papağını çıxarmır. Çar ona papağını çıxarmadığı üçün tünd-tünd baxır və soruşur: “Çey vı podonnıy?” (Siz kimin rəiyyətisiniz?) Qubernator Hacıya pıçıldayır: “de ki, ya padonnıy vaşeqo veliçestvo” (Siz əlahəzrətin təbəəsiyəm). Hacı Zeynalabdin öz bildiyi kimi deyir: “Ya podannıy Ruskoy İmperii”.
Bu Millətin Atasının əzəmətinin, vüqarının Çar Aleksandrın hüzurunda ikinci nümayişi idi. Tağıyev Çarın tacgüzarlıq mərasimində də mənsub olduğu millətin qürurunun rəmzinə çevrilmişdi. Protokol nümayəndəsi Hacını Çara təqdim edərkən: “Tağıyev: vəhşi xalqın nümayəndəsi” cümləsini işlətmişdi. Tağıyev onu Şərqli geyiminə, Qafqazlı duruşuna görə aşağılayan protokol nümayəndəsinə sarı dönmüş, Çarın hüzurunda onu sərt bir baxışla süzmüş, “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” nidası ilə tarix yaradıb. Cəsarətin, ləyaqətin tarixini. Papaq bir türk, Azərbaycan kişisi, şərqli, müsəlman üçün qürurun, qeyrətin rəmzi idi. O, onu başından götürməzdi. Götürmədi də. Tağıyev əlahəzrətin deyil, Rus imperiyasının təbəəsi olduğunu dilə gətirəndə də, həqiqətin yanında olmuşdu. Mənsub olduğu millətin cəhalətdən qurtuluşu, Əbədi İstiqlala qovuşması üçün bütün imkanlarını səfərbər edən bu qüdrətli şəxsiyyət həmin gün yeni bir tarix yaratmış, tarixdəki yerini və rolunu bir daha müəyyənləşdirmişdi. III Aleksandr qızıl külçəni Qızılı kilsənin – Aleksandr Nevskinin təməlinə atdığı zaman öz dininə, Tağıyev isə Çarın hüzurunda çıxarmadığı papaqla papağın altındakı əyilməz başı gəzdirən kişinin mənsub olduğu millətinə sevgisini nümayiş etdirmişdi. Tağıyev həmin həm də, qeyrət, ləyaqət adlı binanın təməlinə vüqar adlı toxum səpib, ağac əkmişdi. Deyirlər, təməlqoyma mərasimindən sonra Çar Aleksandr bütün dustaqların azad olunması haqqında qərar çıxarmış, hətta Kömürçü Bazarı tərəfdə yerləşən dustaqxanadan dustaqların buraxılış mərasimində də iştirak etmişdi. Onu da deyirlər ki, Çar gedəndən iki ay sonra həmin dustaqları “şübhəli şəxs” qismində yenidən qazamata salmışlar. Niyəsini üstündən sonra ötəndən sonra belə bilən yoxdur…
Səbail qürurlu, qeyrətli insanların, mərd adamların, əsilzadələrin qəsri idi. Polyak memar Yozef Qoslavskinin şah əsərlərindən biri hesab olunan Aleksandr Nevski kilsəsinin 1898-ci ildə tənətənəli açılışından, xaçpərəstlərin şəhərdə meydan sulamasından sonra Nabat xanım Aşurbəyova tarixi qərar alır. Əzəməti ilə Qızılı kilsəni kölgədə qoyan məscid inşa etdirməyi qarşısına məqsəd qoyur. Xəlfədamı, Bakı və Quba xanları, Qacar və Əfşar şahzadələri, əsilzadələri tərəfindən də daima ziyarət edilən xəlvətiyyə təliminə, Seydi Yəhya Bakuviyə bağlı görkəmli alim, övliya Seyid Abdullanın pirə çevrilmiş məzarı üzərində yeni məscid ucaltmağı qərara alır.
Təzəpir adını verəcəyi məscidin tikilməsi üçün Tağıyevin, Bakı Şəhər İdarəsinin təhsil – mədəniyyət komissiyasının sədri Həbib bəy Mahmudbəyovun dəstəyi ilə Quberniyadan icazə alır. Quberniyanın qərarı qəlbini sıxsa da, ona Qızıllı kilsədən hündür məscid tikməyə icazə verməsələr də, o, iki mərtəbəli, yaraşıqlı məscidin təməlinin qoyulmasına nail olur. Təzəpirin layihəsinin hazırlanması üçün Cümhuriyyət zamanı Bakının baş memarı olmuş, ilk ali təhsilli memar Zivər bəy Əhmədbəyovu Şərq ölkələrinə ezam edən Nabat xanım bu yoldu xeyli vəsait sərf etmişdi. Məscidin bünövrəsinə ilk daşı onun xeyir-duası və istəyi ilə Hacı Zeynalabdin Tağıyev qoymuşdu. Məscid tamamlananda tavanın son daşını da, Nabat xanımın vəsiyyətinə uyğun olaraq Hacı qoymuşdu. Hacı həmin gün səxavətini əsirgəməmişdi. Şirinlik adı ilə ustaya bir beş yüzlük, bənnaya və fəhlələrə yüzlük və əllilik, iyirmi beşlik vermişdi. 1905-ci il iyulun 23-də təməli qoyulan bu İslam incisi 1914-cü ildə Nabat xanım dünyasını dəyişəndən iki il sonra qapılarını ziyarətçilərn üzünə açmışdı. Deyirlər, məscid tikilən ərəfədə Nabat xanım tikintini başa çatdırmaq üçün atasından və ərindən ona miras qalan bütün zinət əşyalarını satır, Tağıyev və qardaşı Əjdər bəy köməklik göstərmək istəyəndə minnətdarlığını bildirir, qardaşı Əjdər bəyə üz tutaraq “Madam ki, belə səxavətlisən, imkanın var, bir məscid də sən özün tikdir. Bir görün şəhərdə nə qədər kilsə var!”
Nabat xanımın istəyi Əjdər bəy tərəfindən geri çevrilmir. Krasnavodsk (Səməd Vurğun) küçəsindəki Göy Məscidin – Əjdər bəy Məscidinin təməli belə qoyulur. Zivər bəy Əhmədbəyovun memar kimi bir başqa şah əsəri hesab olunan məscid bu gün də Bakının Tanrı evlərindən biridir. Ötən əsrin sonlarında Bakıda ucaldılan digər bir məscid də Persidski (Poluxin), indiki Füzuli küçəsi ilə birinci Qanlı təpədə, Şah döngəsindən bir dalan o tərəfdə, hamamla üzbəüz minarəsiz Axund məscidi idi.
Şərəf Cəlilli