Azərbaycanda ən qədim bayramlardan biri olan bahar təravətli, bahar sevincli Novruz bayramı qeyd olunur. Bu bayram həftəsində ölkəmizin hər bir guşəsində gözəl tədbirlər keçirilir, bayramn atributları olan keçə, kosa, bahar qızı, qalanan tonqallar, simvolik böyük səmənilər, çal-çağır hər kəsdə böyük sevinc hissi, xoş əhval yaradır. Xüsusən tətildə olan uşaqların sevindiyi bu bayram günlərində Bakıdakı teatrlar da qapılarını onların üzünə taybatay açıblar. Teatrlarımız müxtəlif səhnə əsərləri ilə balaca tamaşaçıların görüşünə gəliblər.
Baki-baku.az saytı Bakı sakinlərinin bayram günlərində asudə vaxtlarını keçirdikləri tamaşaları sizə təqdim edir:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində “Buratino axmaqlar ölkəsində”, “Bir qalanın sirri”, “Göyçək Fatma”, “Məlikməmməd” kimi tamaşalarla balaca tamaşaçılarının görüşünə gəlib. Tamaşalar böyük anşlaqla keçib. Tamaşaları nəinki uşaqlar, elə böyüklər də böyük maraqla izləyiblər. İnsanlarda xoş əhval-ruhiyyə yaratmaqdan bir pay da qədim teatrımızın öhdəsinə düşüb.


Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı gənc və kiçik yaşlı tamaşaçılarını sevindirmək üçün onlara ən çox sevdikləri, ən çox izlədikləri tamaşaları nümayiş edib. “Göyçək Fatma”, “Qızıl Balıq” və xüsusi bayram üçün təqdim olunan “Tıq-tıq xanım” tamaşası bütün tamaşaçların ürəyincə olub. Tamaşalar anşlaqla keçib, böyükdən-kiçiyə hər kəsi sevindirib. Teatrdakı bayram ab-havası mütləq şəkildə ora gələn tamaşaçıların da ruhuna hopub.


Azərbaycan Dövlət Kukla Teatrı bütün gücünü bayram günlərində balaca tamaşaçılarını sevindirməyə sərf edib. Belə ki, bayram tətili boyunca “Pişiyin evi”, “Nənəmin aş qazanı”, “Bir dəfə Şamaxı xanlığında”, “Cırtdan”, “Üç donuz balası”, “Məlikməmməd”, “Qoğal” kimi nağıl-tamaşalarla izləyicilərini sevindiriblər. Qeyd etmək lazımdır ki, kukla tamaşaları hər zaman təkcə uşaqların yox, böyüklərin də marağında olub. Ona görə də tamaşaçılar arasında böyüklər də az deyillər.


Beləliklə, Bakı sakinləri Novruz tətillərində asudı vaxtlarını tetarlarda çox gözəl keçiriblər. Qeyd edək ki, tamaşalar davam edir. Hələ də bilet alıb uşaqları tamaşaya aparmaq, onları sevindirmək və eyni zamanda da maarifləndirmək olar.
Xanım Aydın