Bakı təkcə Azərbaycanın paytaxtı kimi yox, həm də zəngin musiqi ənənələri ilə dünya mədəniyyətində xüsusi yer tutan bir şəhər kimi tanınır. Zamanla bu şəhər müxtəlif janrlarda musiqiçilər yetişdirərək onları dünya səhnəsinə çıxarıb. Azərbaycan musiqi sənətinin Rəşid Behbudov, Polad Bülbüloğlu, Flora Kərimova, Vaqif Mustafazadə, Əzizə Mustafazadə və s. kimi parlaq nümayəndələri var. Onlar daim özünəməxsus üslubu ilə Azərbaycan musiqisinin müxtəlif çalarlarını nümayiş etdirib və ölkəmizin mədəniyyətini dünyaya tanıdıb.
Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıdan estradanın görkəmli nümayəndəsi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə dünyaya gəlib. Uşaq yaşlarından məktəb xorunda oxuyub. Hərbi xidməti zamanı solist olan sənətkar ondan sonra Tiflis estrada qruplarından birində solistlik edib. Daha sonra solist kimi Azərbaycan Dövlət Caz orkestrində fəaliyyət göstərib. İstedadlı Behbudov tez bir zamanda dünya səviyyəsində tanınır və bir çox ölkələrdə çıxış edir. Onun üçün ifalarında Azərbaycanın gözəl təbiətini, onun şəhərlərini tərənnüm etmək çox önəmli idi.

Onun “Azərbaycanım” adlı mahnısında ölkəmizin vüqarlı dağlarını, yaşıllıqla, gül-çiçəklə dolu bağlarını, pambıq tarlalarını, Xəzərin neftini xüsusilə vurğulayırdı. “Bakı əziz şəhər” mahnısında isə Bakıya olan sevgisini səmimi hisslərlə ifa edirdi. Rəşid Behbudov Bakı şəhərinin mehribanlığını, doğmalığını və burada olan xoşbəxtliyi musiqi vasitəsilə dinləyicilərə çatdırırdı. “Ey Vətən” mahnısı da Azərbaycan sevgisini, torpağa və vətənə sonsuz məhəbbəti ifadə edən klassik musiqi nümunələrindən biridir. Orada belə bir məqam var:
“Hara getsəm, harda olsam,
Səni tərənnüm edirəm,
doğma Azərbaycanım.
Yaşa, yaşa, mənim anam,
atam, canım Azərbaycanım”
Bu vətənə olan bağlılığı, torpağa olan sədaqəti göstərir.
Polad Bülbüloğlu estrada ilə xalq musiqisinin sintezini yaradan sənətkarlardan biridir. Görkəmli sənətkar 4 fevral 1945-ci ildə Bakıda dünyaya gəlib. Özünə təxəllüs kimi atasının adını götürən Polad Bülbüloğlu 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1973-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adlarına layiq görülüb. İfalarında Bakının gözəlliyi, əfsanəvi tarixi hiss olunmaqdadır. “Gəl, ey səhər” mahnısında səhərin doğuşu ilə Azərbaycanın yeni günə oynamasını rəmzi şəkildə əks etdirir. “Mavi dənizin sahilində” mahnısında isə Xəzərin tərənnümü yer alıb. “Şən Azərbaycan” xalqın sevimli mahnısıdır. Burda Azərbaycan torpaqlarının, təbiətinin gözəllikləri təsvir edilib, Mil, Muğan və s. kimi yerlərin adı çəkilib. Mahnıda dağların ucalığı, xalqın igidliyi və Azərbaycanın füsunkar mənzərələri dinləyiciyə çatdırılır.

Flora Kərimova Azərbaycan musiqisinin nadir incilərindən biridir. O 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan sənətkar həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib. Flora Kərimovanın səsi dörd oktavanı aşır.
O, həm muğam, həm klassik, həm də estrada janrlarında ifası ilə fərqlənən sənətkardır. Flora xanımın səsi və ifa tərzi estrada janrına yeni bir nəfəs gətirib. “Bakı, sabahın xeyir” mahnısı ilə, sanki şəhərin səhəri açılır. Mahnını dinləyəndə vizual olaraq da, insanın gözünün qarşısında bir gözəl səhər canlanır. Onun “Azərbaycanım” mahnısında da ölkənin tarixi və mədəni irsi vurğulanıb.

Azərbaycan musiqisinin inkişafında caz janrı xüsusi yer tutur. Azərbaycanda caz-muğam janrının əsasını qoyan və dünyaya tanıdan şəxs Vaqif Mustafazadə, daha sonra isə onun musiqi irsini yaşadan və inkişaf etdirən onun qızı Əzizə Mustafazadə olub. Onlar Azərbaycan cazını dünya səviyyəsinə qaldırıb, bir çox beynəlxalq festivallarda dinləyicilərini heyrətə salıblar.

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. O, uşaqlıqdan Azərbaycan xalq musiqisinə və muğama böyük maraq göstərib, eyni zamanda caz musiqisini sevərək bu iki janrı sintez etməyə başlayıb. Vaqif Mustafazadə unikal üslubu ilə tez bir zamanda SSRİ-də və dünyada tanınıb, müxtəlif caz festivallarında çıxış edərək böyük mükafatlar qazanıb.
Vaqif Mustafazadə instrumental caz musiqisi sahəsində çoxsaylı kompozisiyalar yaradıb. Onun “Bizim Bakı gecələri” əsəri Bakının gecə mənzərələrini təsvir edən möhtəşəm caz kompozisiyasıdır. “Mart” baharın gəlişini özündə əks etdirən melodik caz əsəridir.
Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə Bakıda anadan oub. O uşaq yaşlarından səhnələrdə çıxış edib və möhtəşəm səsi ilə dünyanın diqqətini çəkib. Gənc yaşlarından isə fortepiano öyrənməyə başlayan Əzizə xanım caz musiqisini klassik və Şərq elementləri ilə zənginləşdirərək özünəməxsus bir üslub yaradıb. Onun “Qaçma, gözəl” mahnısı bütün dünyada hələ də heyrətlə dinlənən əsərdir. Əzizə Mustafazadə dünyada “Cazın şahzadəsi” kimi tanınır. Bu gün də dünyanın ən nüfuzlu caz ifaçılarından biri hesab olunur. O həm caz, həm də klassik musiqini yaradıcılığında birləşdirərək Azərbaycan musiqisinin şöhrətini beynəlxalq səviyyədə yüksəltməyə davam edir.

Bu görkəmli musiqiçilər və bəstəkarlar Azərbaycanı müxtəlif üslub və janrlarda tərənnüm ediblər. Onların mahnılarında ölkənin tarixi, mədəniyyəti, təbiəti və xalqın ruhu duyulur. Azərbaycanın zəngin musiqi irsi bu sənətkarların sayəsində dünya sahəsində layiqli yerini tutub.